Pambıq yox, meyvə-tərəvəz əkmək, damcı suvarmaya keçmək lazımdır - Milyarder Fərhad Əhmədov susuzluqdan yazdı

Pambıq yox, meyvə-tərəvəz əkmək, damcı suvarmaya keçmək lazımdır - Milyarder Fərhad Əhmədov susuzluqdan yazdı

Daha çox su tələb edən əkinçilikdən daha az su tələb edən əkinçiliyə və texnologiyalara keçmək lazımdır”... 

 

Azərbaycanda son günlərin ən aktual problemlərindən biri də Kürdəki ekoloji vəziyyətlə bağlıdır. Kürün səviyyəsi düşüb, bölgədə ciddi su böhranı yaranıb. Azərbaycanlı milyarder, Rusiya Federasiyasının eks-senatoru Fərhad Əhmədov növbəti yazılarının birində bu vacib məsələyə toxunub, vəziyyətdən çıxış yollarını göstərib.

Sfera.az onun sosial şəbəkədə paylaşdığı yazısını təqdim edir:

Bunu hələ orta məktəb dərsliklərindən də hamı bilir ki, çaylar axıb dənizlərə tökülür. Başqa cür olmamalıdır, ola da bilməz. Əgər başqa cürdürsə, deməli, haradasa nəsə düz deyil, yerində deyil. Əlbəttə, Xəzərdə hər şey ola bilər. Onun səviyyəsinin bir neçə metr qalxıb-düşməsi hətta indiki nəslin də yaddaşındadır. Beləliklə, ilk qənaət budur ki, Xəzərin səviyyəsi yenə qalxmağa başlayıb.

Amma yox! Məsələ burasındadır ki, Xəzərə axıb tökülən suyun miqdarı azalır. Volqa çayı ilə bağlı vəziyyət aydındır – oralarda bu qış da qar yağmadı. Bəs Kür? Ona nə olub?

Burada vəziyyət əslində çox pisdir. İqlim dəyişikliklərinin və insanın təbiətə müdaxilə və təsirlərinin nəticələri kimi faktorlar üst-üstə yığılıb deyə belə vəziyyət yaranıb. Qlobal istiləşmə gedir. Çox yaxşı bələd olduğum Sibirdə əbədi donuşluq açılıb əriyir. Sibirdə isə nə qurub-yaradıblarsa, hamısı məhz don vurmuş torpaqlara basdırılan dirəklər üzərindədir.

Bunlarla yanaşı Qafqazda da buzlaqların həcmi azalır. Yazda buzlaqlardan ildən-ilə daha az miqdarda su əriyib gəlir. Və belə də davam edəcək: buzlaqlar tamamilə əriyib yoxa çıxana qədər onlardan çox az su gələcək. Alp buzlaqlarında belə bir təbiət hadisəsi artıq haradasa baş verib.

Yeri gəlmişkən, Samur çayında da (Dağıstan) suyun miqdarı azalır. Bu çayın demək olar ki, bütün suyu hələ sovet dövründən bəri Bakının ehtiyaclarına sərf olunur. Bu su olmasa, Bakı yaşaya bilməz. Bunu yaxşı bilirəm, çünki Rusiya senatoru olduğum dövrdə Samur çayının suyunun Rusiya ilə Azərbaycan arasında bölüşdürülməsi məsələsi ilə məşğul olmuşam.

Bir sözlə, proqnozlar heç də təsəlliverici deyil. Çaylarda əvvəlki bolsululuq dövrü bir də qayıtmaya bilər, bu vəziyyətə hazırlaşmaq lazımdır. Heç də hər şey öz-özünə yoluna qoyulmayacaq. Deməli, insanlar öz iradə və imkanları daxilində olan işləri görməli, əllərindən gələni etməli, eyni zamanda daha pis situasiyalara hazır olmalıdırlar.

Öz təcrübəmi sizinlə bölüşmək istərdim. Daimi oxucularım bilir ki, mən bir neçə ildir öz biznesimin bir hissəsini İsmayıllı rayonundakı gölün həndəvərində olan ərazidə qururam.

Böyük Qafqaz dağlarından gələn su kütləsinin azalması problemi ilə artıq neçə ildir üzləşirəm. Bu vəziyyəti öz imkanlarım hesabına aradan qaldırmağa çalışıram. Su kanallarını dərinləşdirmək üçün torpaqqazan maşınlar alınıb. Ən əsası isə su balansını daha dərin qatlardakı mənbələr hesabına təmin etmək üçün quyular qazılır. Lakin bu, insanın bacaracağı işlərin yalnız biridir. Başqa yollar da var.

Bununla bağlı iki nümunə gətirəcəyəm – biri sovet dövrünün Orta Asiyasından, digəri isə İsraildən. Hər iki bölgə səhralıqdır. Hər iki bölgədə insanların əsas istəyi torpaqdan maksimum mənfəət əldə etməkdir. Lakin bir fərq var: Orta Asiyada su var, Fələstində isə demək olar ki, yox. Orta Asiyada pambıq becərməyə başlayırlar, bəndlər tikilir, kanallar çəkilir, bolsulu Sır-Dərya və Amu-Dərya çaylarının suyu bu bənd və kanallara yönəldilir. İsraildə bağlar salınır, tərəvəz əkilir. Burada qənaətcil damcı suvarma sistemi tətbiq olunur.

Nəticə göz qabağındadır və hamıya məlumdur. Dünyada dördüncü böyük göl olan və fəxrlə "Aral dənizi” adlandırılan gölün quruyub yoxa çıxdığını hamınız bilirsiniz! Böyük çayları suvarma məqsədilə məhv etdilər. Hələ SSRİ dövründə bu hamıya aydın olanda Yenisey çayının suyunun bir hissəsini Orta Asiyaya yönəltməyi planlaşdırmağa başladılar. Eyni zamanda Şimali Dvina çayının suyunun bir hissəsini Xəzərə axıtmağı planlaşdırırdılar. Lakin bu işlərin heç biri görülmədi. Və artıq bu işləri görəcək heç kim yoxdur.

Bununla belə sərəncamında dəfələrlə az resurslar olan kiçik İsrail isə dünyanın ən böyük meyvə-tərəvəz istehsalçılarından birinə çevrildi.

Bunu bəri başdan deyim ki, Xəzəri qurutmaq hələlik insanların gücünün çatacağı iş deyil. Xəzər öz yerində qalacaq və Kürün mənsəbinə hücum çəkməkdə bundan sonra da davam edəcək. Lakin insanların Kürə su kütləsi axınının həcmini artırmağa gücü çatar. İnsanlar buzlaqların həcmini artıra bilməz, amma ən azı üç şeyi edə bilər.

Hər şeydən əvvəl Kürün aşağı axınının su balansının azalmasının qarşısını almaq üçün yeraltı su mənbələri əsasında dərhal alternativlər tapılmalıdır. Bu məqsədlə neçə quyunun qazılmalı olduğunu mütəxəssislər deyə bilər.

İkincisi, sovet Azərbaycanının fəxri olan Mingəçevir SES-in ölkənin enerji balansında özünə əvəzedici, alternativ tapılmasını planlaşdırılandan da tez tələb edəcəyi məqama indidən hazır olmaq lazımdır. Bu su anbarından su buraxılışı daim artırılmasa, Kürün aşağı axınında ekoloji fəlakətin qarşısını almaq mümkün olmayacaq. Bu isə Mingəçevir SES-i gec-tez fəaliyyət qabiliyyətini itirmiş hidroqurğuya çevirəcək.

Üçüncüsü, fəlakəti və SES-in bağlanmasını ləngitmək və ya bunun qarşısını almaq mümkündür. Bunun üçün daha bir addım atılmalıdır – sovet hökumətinin Orta Asiyaya zorla sırıdığı yolla yox, İsrailin cızdığı yolla getmək lazımdır!

Müqayisə üçün iki rəqəmə baxaq. İsraildə təxminən Azərbaycandakı qədər – 9 milyon adam yaşayır. Beynəlxalq statistikaya baxsaq, İsraildə bərpaolunan mənbələrdən adambaşına 237 kubmetr su düşür, Azərbaycanda isə 3500 kubmetrdən də çox! Lakin İsraildə sudan istifadənin effektivliyi dəfələrlə çoxdur!

Yaxşı, bəs nə etməli? İllüziyalarla yaşamaqdan əl çəkmək lazımdır. Su bizə müftə verilmiş ilahi nemət deyil. Bunu həmişə yadda saxlamaq lazımdır. Mən hələ uşaqlıqdan suya qənaət etmişəm, hətta üzümü yuyanda da...

Drenaj şəbəkəsi qurulmalı, qarın tarlalarda toplanıb saxlanılması təşkil olunmalı, süni sututarlar yaradılmalı, quyular qazılmalıdır. Hər kəs anlamalıdır ki, daha çox su məsrəfi tələb edən əkinçilikdən imtina etmək, bunun yerinə daha az su tələb edən əkinçiliyə və texnologiyalara keçmək lazımdır. Qısaca belə deyək ki, diqqəti pambıq yox, meyvə-tərəvəz əkməyə yönəltmək lazımdır. Ən əsası isə bu sadə həqiqəti unutmamalıyıq: su olmasa, kənd təsərrüfatı da olmayacaq.


OXŞAR XƏBƏRLƏR