\"Orta məktəb uşaqlarının cibində belə bir düymə ilə açılan bıçaqlar var\" - Azərbaycanda şiddət faktları niyə artıb?

\
Son günlər Azərbaycanda qadına qarşı şiddət faktlarında artım müşahidə edilir. Xüsusilə onlar arasında əri tərəfindən qətlə yetirilən, istismara məruz qalan qadınlar çoxluq təşkil edir. Elə ötən gün baş verənlər - Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağasının boşanmaq istəyən arvadını 10 bıçaq zərbəsi ilə öldürməsi, Bərdədə 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qətlə yetirməsi buna nümunədir.

Sağlam Toplum Hərəkatının sədri, sosioloq Lalə Mehralı Sfera.az-a açıqlamasında qeyd edib ki,  tək bizim ölkədə deyil, dünya təcrübəsinə əsasən də hazırkı pandemiya vəziyyəti ailədaxili təzyiqlərin və boşanmaların artmasına təkan verib:

"Yəni kobud ifadə eləsək, karantin rejimi ailədəki problemləri daha da qabardıb üzə çıxarıb. Bu, sərt karantin dövründə daha çox müşahidə edildi, tərəflərin bir evin içində daha çox vaxt keçirməsi əslində xarakterlərin bir-birinə uyğun gəlib-gəlmədiyini üzə çıxardı. Cəmiyyətin həm sosial, həm də psixoloji vəziyyəti gərginliyin pik həddində idi. Beyni məişət qayğıları ilə yüklənmiş insan xoşbəxt ola bilməz. İndi 20-30 il əvvəlki kimi uşaqların xətrinə ailəni dağıtmamaq məsələsi əhəmiyyətli deyil, tərəflər anlaşmırlarsa, yola getmirlərsə problemi məhkəmədə həll edirlər. 

Təbii ki, işsiz qalan pandemiya qurbanlarının maddi gəlirinin azalması da əlavə problemlərin yaranmasına səbəb olur, ailə maddi çətinlik yaşayanda tərəflər dözümlülük göstərmir, güzəştə getmirlər, samanlıq seyranlıq olmur bir sözlə. Təəssüflə demək məcburiyyətindəyəm ki, evliliklərin böyük nisbətinin maddi çıxarlar üzərində baş tutduğunu nəzərə alsaq, karantin rejimində həmin cütlüklərin bir çoxunun boşanması da gözlənilən idi. Qaldı ki qətllərə, nədənsə öldürən tərəf həmişə kişilər olur və bir çox hallarda qadını həmişə "günah keçisi” edirlər”.

Müsahibimiz deyib ki,  onların arasında içki düşkünü, narkotikə qurşanan, qumarda pulunu uduzub hirsini evdəkindən çıxanlar var:

"Bütün hallarda indi öldürmək su içmək kimi asanlaşıb. Orta məktəb uşaqlarının cibində belə bir düymə ilə açılan kəskin bıçaqlar var. Qəsdən qətlə yetirməyə görə 20-25 il azadlıqdan məhrum edilən bəzi şəxslər həbsdən çıxır,  1 aydan sonra yenə qətl törədirlər. Bəlkə yeniyetmələrə dustaq həyatının ağırlığından, gələcəyinin puç olacağından, bütün həyatını bir qətlə görə məhv edəcəyindən danışılsa, ailədə qəti qadağalar və qaydalar qoyulsa, valideyn nəzarəti gücləndirilsə, vəziyyət bir qədər düzələr.

Valideynlər uşaqları zalım böyüdür, bunun hər gün şahidi oluruq. Bu zalımlıq bu gün bir küçüyün, pişiyin qulağını kəsmək, sərçəni "raqatka” ilə vurmaqdır, sabah isə bir insanı qətlə yetirmək. Maksimum diqqətli olmaq, uşaqları zorakılıq aşılayan oyunlardan, cizgi filmlərindən uzaq saxlamaq lazımdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR