Orduxan Teymurxan - Qıcqırmış mədə, bir az da tərs atılmış şıllaq

Orduxan Teymurxan - Qıcqırmış mədə, bir az da tərs atılmış şıllaq
Hollandiyada özünə sığınacaq tapan Orduxan Teymurxan adlı şəxs daha bir ermənipərəst çıxış edib. O, çıxışı zamanı ermənilərin vəhşilik etmədiyini bildirib. Orduxan Teymurxan işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin bilərəkdən qəbirləri, məscidləri dağıtmadığını da deyib.
 
Orduxan Teymurxanın kimliyinə, nəçi olmasına, hansı səbəbdən Hollandiyaya getməsinə gəlincə, bunu araşdırmağa lüzum görmürəm. Uzaqbaşı haqqında qabağıma çıxacaq məlumat bundan ibarət olacaq ki, siyasi fəaliyyətinə görə Hollandiyaya gedib. Lakin bunu dəqiq bilirəm ki, Orduxan Teymurxan da digərləri kimi təyyarədə uçarkən "müxalifət” olanlardandır. O da, bu da, başqaları da ayaqlarını bir addım ölkədən kənara çəkən kimi "cəsarətlənib” arxalarını çevirib gəldikləri yerə şıllaq atırlar. Teymurxan Orduxan da belələrindəndir. Qalıb çiyinlərini mübarizənin ağırlığına verməyib, dabanlarına tüpürüb ələyin qırağını cıranlardandır. Buqələmun kimi rəngini dəyişməyə vərdiş etmiş belə tiplər üçün millət, dövlət, harda yaşamaq, harda yemək, harda çimmək, kimin ocağında küllənməyin, harda nəsə olmağın da bir mənası yoxdur.

Bu gün "ermənilər azərbaycanlılara qarşı vəhşilik etməyiblər”, deyən Orduxan Teymurxan sabah qayıdıb rahatlıqla o sözün də yiyəsinə çevrilə, hətta bir az da irəli gedib sübut da etməyə çalışa bilər ki, Hollandiya yoxdur. Belə bir dəyişik tipdir bu adam.

Təkcə Orduxan Teymurxan dəyişik deyil. Azərbaycanda olarkən ən aşağı ranqlı məmura belə barmaq silkələməkdən qorxub, bu ölkədən gedən kimi bıçağının qabağını da, dalını da itələyib hər şeyi qəssab refleksiylə doğrayıb-tökməyə adət edənlər də belədirlər. Orduxankimilər üçün Xocalıda nə baş verib, Qarabağda nəyin davasının getməsinin bir mənası yoxdur. Onların 3 öynə yalını əskik etmə, özlərini də danarlar. Görünür, Orduxan Teymurxanın yalı bu dəfə artıq olub, mədəsi "joqa” verdiyinə görə tələsik, özünün də anlamadığı nəsə deyib.

Bu adam başının içində olan şeylərin hamısını saçını uzatmağa xərcləyib qurtarıb.

Mənsur Rəğbətoğlu
 
 
Sfera.az



OXŞAR XƏBƏRLƏR