OPEK üçün qara günlər başlayır? - ŞƏRH

OPEK üçün qara günlər başlayır? - ŞƏRH
"Ola bilər ki, Qətərin OPEK-dən çıxmaqla bağlı atacağı addımın arxasında ilkin olaraq özünün qurumdan hüquqi cəhətdən asılılığına son qoymaq və təşkilatın hüquqi çərçivəsindən çıxaraq, gələcəkdə ABŞ Konqresinin qəbul edəcəyi "No-OPEK” qanunu çərçivəsində təşkilat üzvlərinin şikayətçilərə kompensasiya ödəməsində iştirakdan qaçmaq niyyəti dayanır”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Qətərin gələn ilin yanvarından OPEK-dən çıxmaq istəyinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
 
Amma bununla belə, həmsöhbətimiz düşünür ki, neftin qiymətinə Qətərin atmaq niyyətində olduğu həmin addımdan daha çox, OPEK-in dekabrın 6-7-də olacaq Vyana görüşü və ABŞ-ın "No-OPEK” qanunu təsir göstərəcək:
 
"Elə əslində OPEK üçün daha vacib toplantı dekabrın 6-7-də Vyanada olacaq. Hansı ki, həmin toplantıda hasilat və təşkilatın gələcəyilə bağlı ciddi qərarların veriləcəyi gözlənilir. Çox güman ki, Qətərin qurumdan çıxmaq addımı digər ölkələr üçün də örnək ola bilər. Çünki hasilatın kvotalar çərçivəsində aparılmasını bir çox ölkələr bəyənmir. Burada başqa bir ciddi məsələ də var. Noyabrın əvvəllərində ABŞ Konqresinə OPEK əleyhinə yönələn "No-OPEK” adlı qanun layihəsi təqdim olunub. Yanvarda bu qanun layihəsi müzakirəyə çıxarılacaq. Həmin layihənin məğzi ondan ibarətdir ki, kartel sövdələşməsi, süni şəkildə qiymətlərin aşağı salınması və yaxud qaldırılmasına görə, ABŞ-ın hüquqi və fiziki şəxsləri OPEK ölkələrinə kompensasiyaların ödənilməsilə bağlı məhkəmə iddiaları qaldıra bilərlər. Həmin qanun layihəsi belə bir şans tanıyır. Yəni bu qanun layihəsinin qəbulu ilə OPEK-in gələcəkdə böyük həcmdə kompensasiyalar ödəməsi məsələsi gündəmə gətiriləcək. Ola bilər bu mənada Qətərin atacağı həmin addımın arxasında ilkin olaraq özünün qurumdan hüquqi cəhətdən asılılığına son qoymaq və təşkilatın hüquqi çərçivəsindən çıxaraq, gələcəkdə kompensasiyaların ödənilməsində iştirakdan uzaqlaşmaq fikri də dayanır. Doğrudan da həmin qanun layihəsi OPEK üçün ciddi fəsadlar yarada bilər. Bu isə çox ciddi məsələdir və OPEK-in gələcəyilə bağlı problemlərin olacağı istiqamətində ilkin işarədir.
 
Hüquqi şəxslər, əsasən də yanacaqdordurma şəbəkələri qiymət artımı ilə baölı ziyana düşdüyünü bəyan etməklə OPEK-i ciddi şəkildə cərimələyə bilərlər. Yəni bu məsələ də OPEK-in gələcək taleyində önəmli rol oynayacaq. Qətər də böyük ehtimalla məhz buna görə OPEK-dən çıxacağını bəyan edir. Vyana görüşündə yenidən süni qiymət artımı istiqamətində addımlar atılacaqsa, bu halda "No-OPEK” adlı qanun layihəsi də Konqresin müzakirəsinə veriləcək. Əslində OPEK yaradılarkən kvotalar məsələsini deyil, texnoloji informasiya mübadiləsi, ümumiyyətlə dünyanın neft strategiyasının düşüncə mərkəzi kimi düşünülmüşdü. Amma son 10 il ərzində OPEK kvotalar vasitəsilə qiymətlərə təsir göstərmək, onun aşağı düşməsi və yaxud kəskin bahalaşmasına qarşı süni addımlarla onun qarşısını almaq istiqamətində tədbirlər görən təşkilata çevrilib. Bu mənada düşünürəm ki, OPEK-in gələcək taleyilə bağlı məsələlərə əslində 6-7 dekabr Vyana görüşündən sonra aydınlıq gələcək. Bu mənada fikrimcə, Qətərin OPEK-dən çıxmaq niyyəti də ABŞ-la birgə hesablanmış addımlardır”.
 
N. Cəfərli düşünür ki, neftin qiyməti orta və uzun müddətdə 50-60 dollar civarında var-gəl edəcək:
 
"Bu mənada Qətərin 2019-cu ilin yanvarından həmin addımı atacağı ilə bağlı fikirlərin səslənməsinə rəğmən Vyana görüşünə qədər neftin qiymətində hər hansı ciddi dəyişikliklərin olacağını düşünmürəm. Bazarlar bu görüşü və onun nəticələrini gözləyəcək. Məhz həmin görüşdən hasil olunan nəticələrə uyğun olaraq da bazarda neftin qiymətinin hansı istiqamət üzrə gedəcəyi müəyyənləşəcək. Amma orta və uzun vadidə qiymətlərin 50-60 dollar arealında sabitləşəcəyi daha real görünür. Kəskin ucuzlaşma və yaxud kəskin bahalaşma yaxın dövrlərdə olmayacaq.” Qeyd edək ki, Qətərin enerji naziri Saad əl-Kaabinin bildirdiyinə görə, onun ölkəsi gələn ilin yanvarından Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) tərk etməyə hazırlaşır. Hazırda bu təşkilat 12 üzvdən ibarətdir. Qətər isə OPEK-ə 1961-ci ildən qoşulub. Hazırda OPEK dünya neft hasilatının üçdə birini verir. Qətər isə gündəlik 1 milyon barreldən çox neft hasil edir.
 
ELÇİN
Sfera.az
















Konuşma Sonu







Bir mesaj yaz...







 

OXŞAR XƏBƏRLƏR