“OPEC+” problemi və yeni virus ştamı neft bazarında narahatçılığı artırır - ŞƏRH
14:57 / 13.07.2021
919
"OPEC+” razılaşmasının əldə edilməməsinin ardından
yeni COVİD-19 ştamının yayılması neft bazarlarında narahatçılığı bir qədər də
artırıb.
Sfera.az Beynəlxalq Enerji Agentliyinə (IEA)
istinadən xəbər verir ki, mövcud vəziyyət neft qiymətləri üçün risklər yaradır.
Agentliyin şərhinə görə "OPEC+” ölkələrinin avqust
ayı üçün hasilat kvotasında razılaşma əldə etməməsi neft bazarında təklifin tənzimlənə
bilməməsi qorxusunu yaradıb. IEA bildirir ki, dünyada neftə olan gündəlik tələbi
gündəlik hasilat hesabına ödəmək mümkün deyil. Artıq tələbin həcmi təklifi
keçib və əlavə həcmlər pamdemiyanın əvvəlində yaradılan ehtiyatlar hesabına təmin
olunur.
İEA-nın məlumatına əsasən, son 10 ildə ilk dəfədir
ki, ehtiyatlardan çox istifadə edilir. Agentlik hasilatın artırılmayacağı təqdirdə
ehtiyatların daha çox azalacağını və nəticədə neft qiymətlərinin yüksələcəyini
bildirir.
Qurum izah edir ki, neftin proqnozlaşdırılan səviyyədən
daha baha satılması neft ixracatçıları üçün risk yaradır. Çünki yüksək qiymət şəraitində
neft hasil edən bütün ölkələr hasilatı artırmağa çalışır. Bu vəziyyət bazarlarda
neft bolluğunin yaranmasına və nəticədə qiymətlərin yenidən kəskin enməsinə gətirib
çıxarır.
Belə bir qiymət dalğalanmasının yaşanmaması üçün "OPEC+”
çərçivəsində hasilatın razılaşdırılması vacibdir. "OPEC+” çərçivəsində razılaşma əldə edilməyəcəyi
təqdirdə neft bazarında qiymət volatilliyinin yüksək olacağını bəyan edən İEA
hesab edir ki, bu vəziyyət həm ixracatçı, həm də idxalçı ölkələrə sərf etmir.
Agentliyin proqnozuna əsasən, 2021-ci ilin sonuna
kimi neftə olan tələb artacaq və 2022-ci ilin əvvəlində gündəlik tələb 100
milyon barelə çatacaq. Bu il ərzində gündəlik tələbin 5,4 milyon barel artması
gözlənilir.
İEA neft bazarı üçün növbəti təhlükənin COVİD-19
virusunun yeni ştamının yayılmasında görür. Agentlik virusun yeni variantının
növbəti sərt karantin tədbirlərinə yol açacağından və bununla tələbin kəskin zəifləyəcəyindən
narahatdır.
Vasif