\"Onun psixiatra ehtiyacı var\" - Deputatlar Nərmindən danışdılar
16:47 / 17.12.2018
2968
"Azərbaycanın bütün işğal edilmiş torpaqları geri qaytarılana qədər Milli Məclis tərəfindən bir qanun qəbul olunmalıdır. Həmin qanuna əsasən QHT-lər də daxil olmaqla erməni təbliğatını aparan, Ermənistanla guya barışcıl, dünyəvilik, qlobal, ümumbəşəri təbliğat altında hər hansı bir əlaqə yaradanlar inzibati və cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.
Sfera.az-a açıqlamasında bu sözləri özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən sabiq millət vəkili Nazim Bəydəmirli deyib:
"Bu o demək deyil ki, düşmən obrazı yaradılsın və ondan sui-istifadə edilsin. Sadəcə olaraq, bu qanun bütün Azərbaycan vətəndaşlarına aid olmalıdır. Nə qədər ki, torpaqlarımız işğal altındadır hər hansı bir erməni təbliğatının aparılması milli mənafelərimizə ziddir və ona görə də proses dediyim qanunla qadağan olunmalıdır. Son olay isə təslimçilik siyasətinin yeridilməsidir və hesab edirəm ki, Kremlin başlatdığı vətəndaş institutlarının guya bir-birinə yaxınlaşdırılması, xalqı sülhə hazırlamaq anlamına gəlir.
Azərbaycan ərazilərinin bütövlüyü məsələsi beynəlxalq qanunlar çərçivəsində həll edilməyənə qədər bu tipli fəaliyyət və əməkdaşlığa çağırışlar torpaqlarımızdan əslində vaz keçmək anlamına gəlir. Ona görə də bu tip səylərə qarşıyam. Ermənistanla ancaq bir dildə danışmaq lazımdır. Ermənistanın hazırkı baş naziri Paşinyan BMT tribunasından ölkəmizə qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış edir və işğal etdiyi torpaqların heç zaman Azərbaycana qayıtmayacağı bəyanatını verirsə, məsələyə birmənalı olaraq nöqtə qoymalıyıq. Heç bir halda Rusiyanın bu kimi fitnələrinə getməməliyik. Bunun üçün də Milli Məclis tərəfindən "Torpaqların İşğalı Haqqında” qanun qəbul edilməli və nəticədə həmin qanunu pozanlara münasibətdə ciddi inzibati və cinayət məsuliyyəti tətbiq edilməlidir. Yəni birmənalı olaraq mövqeyimizi ortaya qoymalıyıq”.
"Nərminin psixiatra ehtiyacı var”.
Bunu isə Milli Məclis deputatı Fəzail İbrahimli deyib:
"Özünü psixoloq adlandıran Nərmin Şahmarzadəyə bütün Azərbaycan xalqı nifrətilə öz münasibətini bildirib. Nərmin görəsən düşünübmi ki, vəhşicəsinə öldürülən soydalşarımızı, öz dədə-baba ocaqlarından qovulanların doğra torpaqlarda, Xocalı soyqırımı ilə bir şəhər yer üzündən silinəndə oradakı insanların gözləyənləri yox idi? Azərbaycanın hər yerində Şəhidlər Qəbirstanlığı var. Mübarizin özünün doğulduğu məkanda Şəhidlər Xiyabanı var. Ona görə də insan ölümü ilə əlaqələndirib Milli Qərhəmanımızı qeyri-insanlıqda suçlayan bu qadının iki problemi var.
O psixoloq olsa da, özünün psixiatora ehtiyacı var. O ruhi xəstədir. İstərdim ki, psixiatora müraciət etsin. Həmin problem üzündən həqiqətin yanında ola bilmir. İkincisi, ola bilsin o, çox məkirli insandır. Ancaq bu məkirliyində genetik kod problemi var. Adını dəyişib özünü azərbaycanlı adlandıran 30 min insan yaşayır. Ola bilsin ki, Nərmin də onlardan törəmədir. Onun genetik kodunda antiazərbaycan elementləri yaşayır. Amma bütün variantlarda o ictimai qınaqla tənbeh olunmalıdır. Milli Qəhrəmanı təhqir etdiyi üçün Azərbaycan Respublikası qanunları ilə cəzalanmalıdır. Mübariz İbrahimov bizim milli qürur yerimiz, mili ruhumuzdur. Ona toxunmaq olmaz”.
Qeyd edək ki, bu günlərdə psixoloq olduğunu bəyan edən Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimov barədə təhqirəmiz fikirlər səsləndirməklə gündəmə gəlməyə çalışıb. O, paylaşdığı videoda Mübariz İbrahimovu "qatil" və "cinayətkar" adlandırmaqdan belə çəkinməyib. Verilən son məlumata görə, həmin xanıma qarşı cinayət işinin açılması təklif olunur.
ELÇİN
Sfera.az
Sfera.az