Onlayn versiyada işləyənlərə də maliyyə yardımı göstərilsin- ekspert

Onlayn versiyada işləyənlərə də maliyyə yardımı göstərilsin- ekspert

"Yəqin ki, mart-aprel aylarında onlayn medianın maliyyələşdirilməsi məsələsilə bağlı konkret qərarlar veriləcək”

 

Sfera.az-a bu sözləri yeni qaydaların tətbiqindən sonra bəzi qəzetlərin fəaliyyətini dayandırması və bu müstəvidə onların onlayn media kimi fəaliyyət göstərmələrinin vaxtının haçan dəqiqləşəcəyinə münasibət bildirərkən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib:  

 

"Əslində burada qəzetlərin bağlanması söhbəti yoxdur. KİVDF-nin elan etdiyi şərtlər ondan ibarətdir ki, qəzetlər yeni mərhələyə qədəm qoysunlar. İndiyə kimi aldıqları maliyyəyə uyğun olaraq onların texniki imkanları, yayım və tirajları, digər multitexnologiyalardan istifadə prinsipləri artmalıdır.  KİVDF-nin qoyduğu şərt budur. O şərt qoymur ki, kimlərinsə maliyyəsi azaldılsın, ya da kəsilsin. Sadəcə yeni şərtlər elan edilib. Hansı mətbu orqan həmin şərtlərə uyğun gəlirsə, onlar da maliyyə almaqda davam edəcəklər. Bu da təbii şeydir. Həmin addım nəinki qəzetləri bağlamır. Əksinə, onları bir qədər dəstimullaşdırır. Diqqət yetirsək görərik ki, canlanma yaranıb, hər kəs abunəkampaniyası aparır, yeni texnologiya tətbiq edir. İndi məsələ ondan ibarətdir ki, çap versiyası dayanan qəzetlərin onlayn buraxılışına maliyyə ayrılsın, ya yox. Hazırda bu istiqamətdə müzakirələr aparılır. Məsələ ictimai müzakirəyə buraxılıb. İctimai müzakirələrin yekunu olaraq da yəqin ki, mart-aprel ayında onlayn medianın özünü, yaxud da qəzetlərin onlayn versiyasının maliyyələşdirilib maliyyələşdirilməməsi məsələsilə bağlı konkret qərarlar veriləcək. Yəqin ki, müzakirələrin sonu olaraq bu yöndə bir qərar olacaq. Media adamı olaraq hesab edirəm ki, maliyyənin həcmində fərq olsa da, redaksiyalar peşəkar xəbər istehsalçıları olduqlarından yaxşı olar çap fəaliyyəti dayandırılsa da, onlayn versiyada işləyənlərə də maliyyə yardımı göstərilsin. İstənilən halda son qərarı KİVDF verəcək”. 

 

Qeyd edək ki, KİVDF-nin qəzetlərin maliyyələşməsilə bağlı elan etdiyi yeni şərtlər daxilində bir sıra çap mətbuatının fəaliyyəti dayandırılıb, yaxud da dayanması gözlənilir. Bu fonda isə həmin qəzetlərin onlayn media olaraq fəaliyyət göstərəcəkləri bildirilirdi. Buna baxmayaraq, hələlik həmin qəzetlərin onlayn versiyası ilə bağlı ortalıqda konkret addımlar da yoxdur.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR