Müsahİbə

Oliqarxların ildə yarım milyard manatdan çox qazandığı Azərbaycan toyları... – tanınmış iqtisadçıdan maraqlı açıqlamalar

Oliqarxların ildə yarım milyard manatdan çox qazandığı Azərbaycan toyları... – tanınmış iqtisadçıdan maraqlı açıqlamalar

 

Rövşən Ağayev: "Toylar şadlıq evlərinin sahibi olan oliqarxların cibini doldurmağa xidmət edir”


 

Qaynarinfo.az yeni layihəyə start verib: "Sözlü adam”. Bu layihədə müxtəlif peşə sahibləri ilə cəmiyyətdə müzakirələrə, fərqli fikirlərə, yanaşmalara yol açan mövzu ətrafında söhbətləri təqdim ediləcək. Layihənin ilk qonağı tanınmış iqtisadçı ekspert Rövşən Ağayevdir. Rövşən bəylə son vaxtlar daha çox israfçılıq və bayağılıqla müşahidə olunan Azərbaycan toyları barədə danışılıb. Sfera.az həmin müsahibəni təqdim edir:

 

– Rövşən bəy, jurnalistlər sizə daha çox iqtisadi mövzularla bağlı suallarla müraciət edirlər. Bu gün sizinlə bir az bu ənənədən kənara çıxacağıq. Toylarla bağlı danışacağıq. Kimilərinə görə, toy elimizin ən gözəl adətlərindən biridir, kimilərinə görə də bayağılıq və israfçılıqdan başqa bir şey deyil. Sizin toylarımızla aranız necədir?

 

– Aşırı dəbdəbə və bədxərclik olmasa, toy məclislərinə normal yanaşıram.

 

– Sirr deyilsə, il ərzində təxminən neçə toya dəvət alırsınız? Bu dəvətlər arasında gedib-getməməklə bağlı seçim edirsinizmi? Ən əsası bir gündə bir neçə toy dəvəti aldıqda vəziyyətdən necə çıxırsınız?

 

– Düzünü desəm, indiyədək il ərzində dəvət edildiyim toyları saymamışam. Amma yəqin ki, orta hesabla 12-15 məclisə dəvət alaram.

 

Bəzən eyni gündə 2 dəvət aldığım toy məclisləri olub. Əgər dəvətlərdən biri qohum-əqrəbadan gəlirsə, məclisləri ailə üzvlərimiz arasında bölüşdürməklə problemi yoluna qoyuruq. Əgər dəvətlər yalnız mənə ünvanlı olursa, bu halda qərar duruma bağlıdır. Məsələn, məclislərdən biri Bakıda, o biri kənar bölgədədirsə, onlardan hər hansı birinə nəmər göndərməkdən savayı çıxış yolu qalmır. Təbii ki, bu halda dəvət edənlərin şəxsi yaxınlıqsəviyyəsi bilavasitə iştirak qərarı üçün həlledici olur.

 

Əgər məclislər bir-birinə yaxın məsafadə baş tutursa, müəyyən bir vaxt ayırmaqla hər iki məclisdə iştirak etmək olur.

 

– Elə olubmu ki, toy dəvətnamələri sizi bezdirmə həddinə çatdırıb və artıq heç bir toya getməyəcəyinizə qərar vermisiniz?

 

– Açığı mənim çevrəm çox geniş deyil. Xaraktercə də şəxsi münasibətlər üzərindən çevrəmi çox geniş tutmağa meyilli deyiləm. Ona görə də "toy dəvətnamələri məni bezdirib” desəm, yalan danışaram. Bizim reallıqda çevrənin geniş olmasının şərtləri var. Bir qayda olaraq insanlar müəyyən titula sahib, cəmiyyətdə tanınırlıq səviyyəsi yüksək olan qohum-tanışlarını və yaxınlarını öz məclislərində mütləq görmək istəyirlər. Bu qəbildən olan şəxslərə vəzifə sahibləri, biznes insanları, üzdə olan sənət adamları, tanınmış ictimai-siyasi xadimləri daxil edə bilərik. Həmin qrupların heç birində olmadığımdan, dəvət edildiyim toy məclislərinin çoxluğundan şikayətlənə bilmərəm. Məni adətən sayca çox olmayan çox yaxın dost-tanışlarım, qohum-əqrəba öz toylarına çağırır. Və demək olar hamısında da məmnunuyyətlə iştirak edirəm.

 

Görünür, ona görə də bəzi insanlarımızın "indən sonra heç bir toya getməyəcəm” kimi radikal qərar vermək mərhələsi mənim üçün hələ yetişməyib. Bununla belə ətrafımda xeyli insanın bu problemdən sıxıntı keçirdiyini görürəm.

 

– Bir çoxlarına görə, toy bizdə artıq ənənə olmaqdan çıxıb, xeyli dərəcədə biznes növünə çevrilib. Deyə bilərikmi ki, Azərbaycanda artıq "toy iqtisadiyyatı" meydana çıxıb?

 

– Şübhəsiz ki, nəhəng dövriyyəsi olan məclislər oturuşmuş ənənəyə çevrilibsə, insanlarımız müəyyən dini rituallların icra edildiyi zamanlar istisna olmaqla, ilin bütün günləri həmin məclislərə milyonlarla manat xərcləyirsə, kimlərsə bundan mənfəət götürürsə, deməli, artıq "toy iqtisadiyyatı” deyə biləcəyimiz bir seqment var.

 

Bu iqtisadiyyat hər kəsdən öz cibinə görə para qoparır. Məsələn, yoxsul ailələr özlərinin məhdud çevrələri və imkanları ilə 50-100 nəfərin iştirak etdiyi və xərci 3-4 min manatı ötməyən məclislərlə öz övladları qarşısında borcunu yerinə yetirdiyini düşünür. Orta təbəqə 200-300 nəfər üçün 10000-15000 manatla məclislərini yola verə bilirlər. Zəngin ailələr üçün bu xərc sərhəd tanımır, hətta xaricdən müğənni gətirib övladının toyuna milyonlar xərcləyən ailələr olur. Yoxsul və orta təbəqə üçün toy məclisləri övladları qarşısında bir öhdəlikdi – valideynlik borcunun son mərhələsi kimi... Amma zənginlər üçün bu mərasimlər həm də məxsus olduğu çevrələrə öz imkanlarını nümayiş etdirmək üçün sanki bir festivaldır.

 

Yoxsul və orta təbəqə üçün bir söz deyə bilmərəm, onlar sadəcə cəmiyyətin on illər ərzində "adət-ənənə” deyib formalaşdırdığı çərçivələri aşa bilmirlər. Lakin zənginlər bədxərcliyin canlı nümayişinə çevrilən məclislərinə normal yanaşmıram.

 

Böyük düşüncə insanımız Əhməd Bəy Ağaoğlu deyir ki, bəzən bizim "adət-ənənə” dediyimiz mədəni səviyyənin ortaya çıxardığı vərdişlərdir və biz bunlardan qurtulmalıyıq. Onun fikrincə, mədəni səviyyə yüksəldikcə, insanlar həmin çərçivələrdən qurtulur, əksinə mədəni səviyyə aşağı düşdükcə, toplum kütləvi şəkildə həmin vərdişlərin əsirinə çevilir.

 

– Maraqlıdır ki, əksəriyyət də sizin kimi düşünür; onların fikrincə, bugünkü toylarımız öz xərcləri ilə artıq əndazəni aşıb, toylar daha çox oliqarxların, onların şadlıq evlərinin cibini doldurur, bundan onlar qazanır. Ancaq bunu dərk etdikləri halda belə, yenə toy aludəçiliyindən qurtula bilmirlər.

 

– İndiki toyların şadlıq evlərinin sahiblərinin cibinə doldurmağa xidmət etdiyi fikri ilə tamamilə razıyam. İndi hətta ucqar kəndərdə belə toy məclisləri şadlıq saraylarında keçirilir. Xüsusilə də Bakıda bu sarayların əksəriyyətində təklif olunan xidmət müqabilində insanlardan alınan vəsaitlər çox yüksəkdir.

 

– Bir ara hökumət xeyir-şər mərasimlərindəki israfçılığı önləmək fikrinə düşmüşdü, müəyyən yasaqlar da gətirilmişdi. Sizcə, həmin qadağalar niyə işləmədi?

 

– Elnur bəy, bilirsiz necədir, əslində bu məsələ qadağa, inzibati-müdaxilə, hətta qılınc-qalxanla həll oluna biləcək məsələ deyil. Yenə də Əhməd bəyə müraciət etməyə məcburam. Yazır ki, bədxərcliyi və dəbdəbəni aradan qaldırmaq mədəni səviyyə ilə yanaşı bir tərbiyə məsələdir və biz insanlarımızı ta uşaqlıqdan hər cür bər-bəzək və dəbdəbədən qaçmağa öyrətməliyik. Sonra onlar böyüyüb bizim yerimizi tutduqca, bütün gərəksiz adət və vərdişlərdən qaçacaqlar.

 

Bir də burda önəmli olan cəmiyyətin öndə gedən insanlarının davranışları və qoyduqları nümunədir. Məmur, iş adamı, tanınmış ziyalı dediyimiz hər insan övladının toyunu, yaxud ailə üzvlərindən birinin yas məclisini sadə təşkil etsə və bu kütləviləşsə, heç bir sərt müdaxilə olmadan cəmiyyət bunu tədricən qəbullanacaq.

 

– Rövşən bəy, adamlar toyları özlərinin, övladlarının həyatında ən əlamətdar hadisə hesab edir, ancaq maddi olaraq və yersiz şəkildə o qədər yüklənirlər ki, bu xoş günün zövqünü çıxara bilmirlər. Necə etmək olar ki, toy vətəndaşlar, yeni evlənənlər üzərində ağır yük olmasın, əksinə, cütlüklərin xoşbəxt ailə başlanğıcına çevrilsin?

 

– Yuxarıda qeyd elədim: insanlar dəbdəbəli və onun ailə büdcəsinə uymayan xərcli toy məclislərindən qaçmalıdır. Bu məclislərin yeni ailə quran cütlüklərə start vəziyyətdə daha faydalı olması üçün şadlıq saraylarına çatan vəsaitləri həmin insanlara hədiyyə vermək olar. Məsələn, məcbur deyil ki, saraylardakı stolların üzəri yeməklərlər, içkilərlə, saysız-hesabsız təamlarla aşıb-daşsın. Tutaq ki, dost-tanışlar, qohum-əqrəba maksimum 2-3 saat davam edən, stollara yalnız şirniyyat və yüngül qəlyanaltıların düzüldüyü məclislərdə də eyni maddi dəstəyini göstərə bilər. Bu halda kiçik xərclə başa gələn məclisdə toplanan vəsait yeni ailə üçün başlanğıç kapital kimi saray sahublərinə deyil, ailə quran gənclərimizə çata bilər.

 

– Təzəlikcə bizdə toya daha bir bahalı ritual əlavə olunub. İndi onun özündən və cehizdən başqa, xınayaxdı mərasimləri də təşkil olunur, hətta bu mərasimləri təşkil edən şirkətlər yaranır. Bu günlərdə öyrənmişəm ki, təkcə xınayaxdı üçün belə şirkətlərə 5 min manatdan 10 min manatadək sifariş verənlər var...

 

– İnsanları izafi xərcə salan hər cür dəbədəbə və mərasimlərdən qaçmaqda ancaq və ancaq fayda görürəm. Elnur bəy, dediyiniz şirkətlər ona görə yaranır ki, cəmiyyətdə buna tələbatı görür və hiss edir. Ehtiyaclarımız tənzimləmək öz iradəmizdən asılıdır. Məsələn, özümüzdən bir nümunə deyim. Bizim ailəmizdə heç zaman oğlan uşaqlarına kiçik toy məclisləri, yaxud hərbi xidmətə yol salanda toy məclisləri qurulmayıb. Qardaş-bacılar toplanaraq bunu öz aramızda qeyd etmişik, hətta ən yaxın dostlara xəbər verməmişik.

 

– Ümumiyyətlə, elə bir hesablama varmı ki, bizdə şadlıq evlərinin, yəni "toy iqtisadiyyatı"nın illik dövriyyəsi nə qədərdir?

 

– Rəsmi heç bir məlumat yoxdur. Lakin nigahların sayına baxanda hər il Azərbaycanda ən azı 55-60 min gənc cülüyün ailə qurdiğunu görə bilirik və onların da əksəriyyəti şadlıq saraylarının xidmətindən yararlanır. Bunun üzərinə kiçik toyları, dəbdəbəli ad günlərini və başqa toy tədbirlərini də əlavə etsək, mənzərə aydın olur.

 

Dəqiq rəqəm demək çox çətindir, amma məclislərin sayına, bir məclisə çəkilən orta xərcə baxanda "toy iqtisadiyyatı”nın illik dövriyyəsinin 500-600 milyon manatdan 800-900 milyona manata qədər çata biləcəyini düşünürəm.

 

– Rövşən bəy, maraqlı söhbət üçün sağ olun.

 

– Siz də sağ olun.

 

Söhbətləşdi:

Elnur Astanbəyli


XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031