Cəmİyyət

“Oktyabrın 40 illiyi” küçəsinin adı nəhayət dəyişdirilir - İndi belə adlandırılacaq - ÖZƏL

“Oktyabrın 40 illiyi” küçəsinin adı nəhayət dəyişdirilir - İndi belə adlandırılacaq - ÖZƏL
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin bolşeviklər tərəfindən işğalını təcəssüm etdirən qəsəbə, küçə və prospekt adlarının dəyişdirilməsinə başlanıldı. Bu fonda Bakı da daxil olmaqla köhnə, uyğun gəlməyən çoxsaylı küçə adları yenilərilə əvəzləndi. Amma görünən odur ki, hələ də bir sıra məntəqələrdə 70 illik işğal dövrünü tərənnüm edən küçə və prospektlərə rast gəlməkdəyik. Belə hallarla əsasən də mərkəzdən uzaq ətraf qəsəbələrdə rastlaşırıq. Belə ki, Suraxanı rayon Bülbülə qəsəbəsində hələ də "Oktyabrın 40 illiyi” adlı küçə qalmaqdadır. Xatırladaq ki, bir neçə il əvəl  "26-lar”  kafesi məhz bu səbəbdən bağlandı. Lakin buna baxmayaraq Rusiyada oktyabr çevrilişinin 40 illiyinə həsr olunan "Oktyabrın 40 illiyi” küçəsi hələ də rəsmiyyətini saxlamaqdadır.

Bu sayaq doğru olmayan küçə adlarının hələ də bəzi məntəqələrdə qalmasına münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa yaranmış durumu diqqətsizliyin təzahürü kimi qiymətləndirdi: 

"Hər halda uyğun gəlməyən küçə adlarının dəyişdirilməsilə müvafiq qurumlar məşğul olmalıdır. Amma bu adın olması da böyük faciə deyil. Elə küçə adları var ki, onların üzərində durmaq daha məqsədəuyğun olar. Bülbülə qəsəbəsi müəyyən dərəcədə mərkəzdən uzaq yerdir. Ola bilsin orada küçə adları məsələsində belə təzahürlər vardır. Hər halda müvafiq qurumlar bunu ortadan qaldırar. Mətbuat da belə məsələlərin aşkara çıxarılmasına kömək etməlidir. Belə hallar demək olar ki, hər bir ölkədə olur. Dərhal reaksiya verib problemi aradan qaldırmaq lazımdır. Görünür, yerli icra nümayəndəliyi bu kimi işlərdə diqqətsizlik nümayiş etdirib. Bir qədər maarifləndirmə işləri aparmalıyıq ki, belə məsələlərdə həssas olsunlar”.

Sözügedən rayonun Bülbülə qəsəbəsi üzrə icra nümayəndəsi səlahiyyətini icra edən Cəlaləddin Əhmədov isə Sfera.az-a açıqlamasında bildirdi ki, bu məsələ gündəmdədir və yaxın günlərdə həmin küçənin adı dəyişdiriləcək:

"Qəsəbəmizdə uyğun olmayan bütün küçə adları dəyişdirilib. Sadəcə bildiyimə görə, lövhə məsələsi var ki, o da dəyişdirilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti siyahı təqdim edir. Mərhələli formada bütün uyğun gəlməyən küçə adları dəyişdirilir. Məsələn, Djerlinski küçəsi dəyişdirilərək Aşurbəyli küçəsi adlandırılıb. Eyni zamanda, bir neçə digər uyğun olmayan küçə adları da dəyişdirilib. "Oktyabrın 40 illiyi” küçəsinin adının dəyişdirilməsi ilə bağlı da artıq təklif vermişik. Yəni bu məsələdə artıq gündəmdədir. Təklifdə adın dəyişdirilərək "Həmrəylik” küçəsi adlandırılması daha məqsədəuyğun hesab edilib. Təsdiq olunan kimi bu küçənin hazırkı adı dəyişdiriləcək və yeni lövhələr vurulacaq. Bu məsələdə səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətinə məxsusdur”. 

ELÇİN
Sfera.az

XƏBƏR LENTİ