Novruz Məmmədov doğum günündə baş nazir kimi ilk hesabatı verəcək
10:36 / 15.03.2019
2788
Azərbaycanın Baş naziri Novruz Məmmədov hesabat verəcək.
Milli Məclisin bu gün keçiriləcək iclasında Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Hesabatı baş nazir Novruz Məmmədov təqdim edəcək.
Qeyd edək ki, bu, Novruz Məmmədovun baş nazir kimi Milli Məclisə təqdim etdiyi ilk hesabat olacaq.
Həm də bu gün baş nazirimiz Novruz Məmmədovun doğum günüdür.
Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.
Novruz Məmmədov 1991-ci ildə dissertasiya müdafiə etdi və filologiya elmləri namizədi dərəcəsinə yiyələnib.
Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun "hazırlıq" fakültəsi, 1993-1997-ci illərdə isə "fransız dili" fakültəsində dekan vəzifəsində çalışıb.
12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.
Novruz Məmmədov 1998-ci ildə Fransa Prezidenti Jak Şirak tərəfindən "Fəxri Legion" ordeni ilə təltif edilib. Daha sonra 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilən Novruz Məmmədov, 29 noyabr 2012-ci ildən Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini olub.
13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.
21 aprel 2018- ci ildən Azərbaycan Respublikasının baş nazirdir.
Novruz müəllimi doğum günü münasibətilə təbrik edirik!