Niyə yerli geyimə maraq yoxdur?

Niyə yerli geyimə maraq yoxdur?
"Yerli geyim məhsullarına, onun keyfiyyətinə inamın olmaması, əhalini daha çox idxal məhsulu almağa sövq edir”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda atılan müxtəlif addımlara rəğmən hələ də trikotaj sənayesinin zəif inkişaf etməsi və əhalinin yerli geyim məhsullarına marağının az olması səbəblərinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.
 
Ekspertin fikrincə, yerli xammal azlığı da burada öz sözünü deyir:
 
"Azərbaycan geyim məhsullarını Türkiyə, Çin, bir sıra hallarda isə Avropa ölkələrindən idxal edir. Bu prosesdə aparıcı mövqedə Türkiyə ilə Çin dayanır. Nisbətən keyfiyyətli məhsulun Türkiyədən, nisbətən ucuz məhsulun isə Çindən idxalı həyata keçirilir. Ortalıqda Azərbaycanda trikotaj sənayesinin inkişaf etdirilməsilə bağlı konsepsiya da var. Amma təbii ki, həmin konsepsiyanın fəaliyyətə başlaması müəyyən zaman tələb edir. Bu mənada ölkəmizdə trikotaj sənayesi, geyim məhsulları üzrə istehsalın zəif olara qalmasının əsas səbəblərindən biri xammala olan tələbin ödənilməməsinlə bağlıdır. Çünki geyim məhsulları xammal tələb edir. Bu fonda pambıqçılığın yeni inkişaf etdiyini nəzərə alsaq güman olunur ki, növbəti illərdə geyim məhsulları üzrə yerli xammal formalaşacaq. Eləcə də ölkəyə idxal edilən geyim üzrə xammal məhsulları gömrük vergisindən azad edilib. Bu fonda da güman etmək olar ki, atılan həmin addımlar növbəti illərdə yerli geyim məhsullarının istehsalına təsir göstərəcək.
 
Bütün hallarda istehsalın artması və tələbin yüksəlməsində ən vacib məqamlardan biri inamla, belə bir inamın formalaşması ilə bağlıdır. Belə ki, uzun illərdir ki, ölkə əhalisində yerli geyim məhsullarına inam çox aşağı səviyyədə olaraq qalır. Əhali yerli məhsuldansa, idxal məhsullarına daha çox önəm verir. Yəni yerli geyim məhsullarına inamın zəif olması nəticə etibarı ilə mövcud vəziyyətin yaranmasına gətirib çıxarıb. O baxımdan bu sahədə inamın formalaşdırılmasına ciddi ehtiyac var. Keyfiyyət standartları müəyyənləşməlidir ki, istehsal edilən yerli məhsullar tələbi ödəmək sahəsində rastlaşdığı problemlərdən uzaq olsun. Növbəti illərdə yerli trikotaj sənayesi istehsalında artımların olacağı proqnozlaşdırılır. Lakin buna baxmayaraq, bazarda hələ də idxal məhsulları dominantlığını qoruyub saxlayacaq. Bu tendensiyadan çıxmaq üçünsə, keyfiyyətin artırılması ilə yanaşı, həm də yerli geyim məhsullarına inamın formalaşdırılmasına ehtiyac vardır”.
 
Qeyd edək ki, Azərbaycan əhalisi zövqlü geyinməyi və tez-tez yeni geyimlərlə cəmiyyət arasına çıxmağı xoşlasa da, nədənsə yerli trikotaj sənayesi daim yüksələn bu tələbatı cüzi də olsa ödəmək qabiliyyətində deyil. Hələ də geyim sənayesi üzrə ölkəmiz ciddi uğurlara imza ata bilmir. Onun nəticəsidir ki, satış məntəqələri ancaq idxal məhsulları ilə doludur. Düzdür, perspektivdə yerli geyim istehsalının artırılması proqnozlaşdırılır. 2022-ci ildə bu sahədə istehsalın 88,8 milyon manata çatdırılması nəzərdə tutulub. Bu il üçün isə istehsalın 72,5 milyon manat həcmində olacağı gözlənilir. Lakin bütün bunlara baxmayaraq, yerli geyim məhsullarına münasibətdə məsələnin kökü istehsalın artımından daha çox, ona etibarın yaranmasındadır. Etibar olmadıqca, yerli istehsal da əvvəlki tək axsamaqda davam edəcək.
 
ELÇİN
Sfera.az










OXŞAR XƏBƏRLƏR