Cəmİyyət

Nəsimi rayonunda 2017-ci ilin yekunları müzakirə edildi

Nəsimi rayonunda 2017-ci ilin yekunları müzakirə edildi
 Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambassador otelində Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən və 2017-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov bildirmişdir ki, 86 minə yaxın sakinin yaşadığı və 4,27 kvadrat kilometr ərazini əhatə edən 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2017-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır.

Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Mənzil Kommunal İstismar Sahələri tərəfindən yaşayış binalarında təmirə ehtiyacı olan dam örtükləri, su axıdıcı borular, keçid meydançaları və pilləkən qəfəsləri cari təmir olunmuşdur.

Nümayəndəlik hesabat dövrü ərzində rayon İcra Hakimiyyəti və Mərkəzi Hərbi Klinik Hospitalının rəhbərliyi ilə birlikdə müalicə olunan hərbi qulluqçuların Novruz bayramı və "Silahlı qüvvələr günü” münasibəti ilə təbrik edilməsi üçün bayram şənliklərinin təşkil edilməsi, habelə yaşlı nəslin nümayəndələrinin Pirşagı qəsəbəsində istirahəti və digər rayon tədbirlərinə sakinlərin cəlb edilməsində yaxından iştirak etmişdir.

Hesabat dövrü ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri aparılmışdır.

Hesabat yığıncağında çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə

aparılan genişmiqyaslı abadlıq, quruculuq sakinlərin həyat şəraitinin daha da yüksəldilməsi üçün görülməli olan işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi kurs 2017-ci ildə də böyük nailiyyətlərlə əlamətdar olmuş, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılmışdır. 2017-ci ildə Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam etmiş, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilmişdir. A.Əsgərov 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir. Bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, yolların təmiri, küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 10 yanvar 2018–ci il tarixdə Nazirlər Kabinetinin 2017–ci ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Asif Əsgərov bildirmişdir ki, Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 85 nömrəli, 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə ötən il start verilmiş, o cümlədən 2 nömrəli nümayəndəliyin xidməti ərazisində də pilot tipli layihələr həyata keçirilmişdir.

Yığıncaqda rayon sakinlərindən Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, 268 saylı xüsusi məktəbin direktoru Seyfəddin Mustafayev, "Fədək” MTK-nin sədri Yavər Qurbanov çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin xalqın rifahının yüksəldilməsinə yönəldiyini qeyd edərək, görülən işlərə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.
 



AdRiver

XƏBƏR LENTİ