Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd etdilər
15:30 / 18.03.2019
4274
Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi rayon İcra
Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar
incəsənət xadimləri Müdafə Nazirliyinin Bərdə korpusunun "N” saylı hərbi hissəsində xidmət
edən əsgər və zabitlərin görüşünə getmişlər.
Rayon ictimaiyyəti nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə hərbi hissədə
xidmət edən gənclərlə görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar.
Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən
təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Novruz
Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə
yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət
nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə,
ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Prezidentimizin
əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin
səfərbər ediləcəyini bildirmişdir.
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin
hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə
ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və
zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə
mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş,
Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan
əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz
minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin hərbçilərin ruh yuksəkliyinin
qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət
ustalarının iştirakı ilə əsgərlərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur.
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə
mükafatlandırılmış və onlar Nəsimi RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə
çatdırılmışlar.