Cəmİyyət

Nəsimi Paşayev: Hər kəs müəllim, həkim, hüquqşünas olmaq məcburiyyətində deyil

Nəsimi Paşayev: Hər kəs müəllim, həkim, hüquqşünas olmaq məcburiyyətində deyil
O, media nümayəndələri ilə çox rahatlıqla dil tapır, ayrı-ayrılıqda onların hər biri ilə öz dilində danışmağa çalışır və bu işin öhdəsindən də peşəkarcasına gəlir. İndi ona Hünərli Nəsimi deyirlər...
Nəsimi Paşayev. O, fəaliyyətdə olduğu illər ərzində çalışdığı müəssisələrlə bağlı bir çox müsahibələr və açıqlamalar verib, odur ki, gördüyü işlərə bələdik. Bu dəfə isə onu sizə bir jurnalist, PR mütəxəssisi və ya medianın dostu kimi deyil, bir ata kimi yaxından tanıtmağa çalışacağıq.
Nəsimi Paşayevin iki övladı var. Qızı Fidan 9, oğlu Fərid isə 15 yaşındadır. Deyir ki, övladları arasında heç zaman seçim etməyib. Həmişə onların ehtiyacı olduğu anda yanlarında olmağa çalışıb.
- Övladlarınızı tərbiyə edərkən ən çox hansı üsuldan istifadə edirsiniz?
 
- Hər bir ailənin öz təlim-tərbiyə sistemi var. Uşaqlar adətən ailələrindən gördüklərini götürməyə çalışırlar. Biz nə qədər çalışsaq da, övladımıza başqa mədəniyyəti, tərbiyəni aşılaya bilmirik. Çünki bu o qədər də inandırıcı görünmür. Etdiyiniz hər bir hərəkət uşaqlarınızın beyninə həkk olunur. Onlar üçün valideynləri həyat fəlsəfələridir. Uşaqların ilk ideal fərdləri elə onların valideynləridir. Ailənin içərisində olunan hərəkətlər övladların yaddaşına həkk olunur. Biz istəsək də, istəməsək də uşaqlarımız tərbiyəni məhz oradan götürürlər. Bu, onların həyatında istiqamətverici bir qüvvədir. Misal üçün, onlarla söhbət etdikdə yalan danışmağın, pis vərdişlərin zərərlərindən bəhs edirik və onlara cəmiyyətdə insanlara faydalı olmağın vacibliyindən danışırıq. Ancaq danışığımızla hərəkətimiz bir-birinə uyğun gəlmirsə, o zaman uşaqlar üçün böyük bir çaşqınlıq yaranır.
 
- Gün ərzində övladlarınıza nə qədər zaman ayıra bilirsiniz?
- Çalışıram ki, onlara maksimum dərəcədə zaman ayırım. Bəzən işimlə bağlı övladlarımın yanında ola bilmirəm. Buna baxmayaraq, ehtiyac duyduqları anda, ən önəmli zamanlarında onların yanında olmağa çalışmışam. Və bunun üçün əlimdən gələni edirəm.
 
- Onlarla uşaq, yoxsa şəxsiyyət kimi davranırsınız?
 
- Onlarla uşaq kimi davranıram, ancaq gələcəkdə böyük şəxsiyyət kimi yetişmələri üçün çalışıram. Maksimum dərəcədə çalışıram ki, övladlarım yaxşı təhsil alsınlar. Musiqi, sosial, idman sahələrində də özlərini inkişaf etdirsinlər. Mən onlara ancaq istiqamət göstərə bilərəm.
 
- Bəs, uşaqları hansı üsulla cəzalandırırsınız?
 
- Əslində, uşaqlar məni çox sərt ata kimi tanıyırlar. Hətta bir neçə gün bundan qabaq qızım ailə üzvlərini yamsılayırdı. Mənə növbə çatanda, özünü sanki daha sərt, uşaqlarla davranırammış kimi göstərməyə çalışdı. Hiss etdim ki, yaddaşlarında sərt biri kimi qalmışam. Ancaq  maksimum dərəcədə çalışıram ki, onların hər hansı səhvini yüksək səslə deməyim.
 
- Sizcə, döymək tərbiyə üsuludurmu?
 
- Kiminsə xoşuna gəlsə də, gəlməsə də, açıq deyəcəm ki, biz döyülərək böyümüşük. Mənim babam İkinci dünya müharibəsini görmüş adam idi. O, hər zaman "bizim zəmanəmizin uşaqları belə deyildi” - deyirdi. Daha sonra o sözü atamdan eşitdim. Qəribəsi də odur ki, o sözü indi mən də işlədirəm. Baxıram ki, indiki gənc nəsil ondan sonra yetişməkdə olan nəslə baxıb bu sözü işlədir. İstəsək də, istəməsək də, zaman dəyişir və bizim zamanımızda belə idi deyə, o zamana uyğun hərəkət etmək məcburiyyətində də deyilik. Biz dərs oxumamağın, nadinclik etməyin, sözə baxmamağın üstündə döyülən uşaqlar olmuşuq. Bəlkə də uşaq yaşlarımdan döyüldüyüm, qadağalarla yaşadığım üçün bu gün öz əziyyətimlə bu səviyyəyə qədər gəlib çıxmışam. Bəlkə də uşaq vaxtı döyülməsəydim, bu qədər çalışmazdım. Təsəvvür edin ki, məktəbdə nadinclik üstə müəllim bizi döyürdü. Evdə onu valideynlərimizə etiraf etməyə çətinlik çəkirdik. Çünki evdə bunu deyəndə, üstəlik valideynlərimiz də bizi döyürdü. Deyirdilər, yəqin dərs prosesində bir günahın olub ki, müəllim səni cəzalandırıb. İndi biz uşaqlarımıza əl qaldıra bilmirik. Bəlkə də bu, psixoloji bir müddətdir. Ancaq şiddət istənilən halda yaxşı bir hal deyil.

-  Özünüz necə övlad olmusunuz?
- Mən çox nadinc uşaq olmuşam, ancaq buna baxmayaraq, dərslərimi yaxşı oxumuşam. Dərslərimi oxumamış məktəbə gedirdim. Orda 15 dəqiqəyə dərsimi öyrənib hər dəfə 5 alırdım. Bütün idman növlərində - şahmat, voleybol, futbol oynamağı bacarıram. Elə bir sahə yoxdur ki, onun haqqında müəyyən bilgilərə sahib olmayım. Həm oxuyur, həm oynayır, uşaqlığımı yaşayırdım. Kənddə valideynlərimiz deyirdi ki, dərsinizi oxuyun, ondan sonra oynamağa gedin, hava qaralmamış evə gəlin. Biz hər gün hava qaralandan sonra evə gəlirdik və buna görə döyülürdük. Gedirdik futbol oynamağa, başımız qarışırdı, evə gec gəlirdik. Yadıma gəlmir ki, mən hansısa tərbiyəsiz hərəkət edim. Biz çayda çimirdik, hər cür uşaq oyunları oynayırdıq. Ancaq indiki uşaqların kompyuterdən başqa oyunu yoxdur. Ənənəvi oyunlarımız var idi ki, onları oynayırdıq. Ağaca çıxırdıq, meyvə yığırdıq, kitab oxuyurduq.
 
- Övladlarınızı məktəbdə müəllim döyərsə, reaksiyanız necə olar?
- İlk növbədə onu araşdırmağa çalışaram ki, müəllim şagirdə nə üçün əl qaldırıb. Təbii ki, istənilən halda müəllimin şagirdi döyməyinin tərəfdarı deyiləm. Əgər şagird dərs oxumursa, müəllimin sözünə baxmırsa, dərs zamanı uşaqların fikrini yayındırırsa, ilk növbədə bu, həmin şagirdin valideyninə bildirilməlidir. Valideyn hər hansı bir tədbir görməsə, yenə də heç bir şiddətə baş vurmaq olmaz. Hansısa bir müəllim övladıma əl qaldırarsa, bəzi valideynlərin etdiyi kimi mən də müəllimi döyüb və yaxud da onu təhqir etmərəm. Qanuni yolla onu cəzalandırmağa çalışaram və bu məsələni ictimailəşdirərəm. Övladlarıma qarşı müəllim adına layiq olmayan hərəkətlər görülübsə, o müəllimi təhsil sistemindən uzaqlaşdırmaq üçün əlimdən gələni edərəm.
 
- Az əvvəl qeyd etdiniz ki, "bizim dövrümüzdə elə deyildi”. İnternet əsridir, sosiallaşırıq,  dünyaya inteqrasiya edirik. Siz övladınızı bu internetdən, sosial şəbəkələrdən qorumağı bacaran valideynlərdənsinizmi?
- Əslində mən onları internetin yaratdığı bu dünyadan bir qədər kənarda tutmaq istəyirəm, ancaq bu məndə o qədər də effektli alınmır. Çünki internet, sosial şəbəkələr bu günün tələbidir. Evdə telefonu onların əlindən alsam, interneti kəssəm, onların ürəyində belə bir istək varsa, bunun bir yolunu tapacaqlar. Əgər bütün dünya bununla məşğuldursa, biz onu uşağın əlindən almaqla nəyəsə nail ola bilmərik. Mən onları internetdən səmərəli istifadə etməyə yönləndirirəm. Onlara məsləhət görürəm ki, əgər cizgi filminə baxmaq istəyirsinizsə, ingilis və ya rus dilində baxın. Ən azından, baxdıqları cizgi filmindən bir neçə xarici söz öyrənəcəklər. Müasir gənclərdir, hərəsinin öz maraq dairəsi var. Çalışıram ki, onları düzgün yönə istiqamətləndirim.
- Oğlunuz sosial şəbəkədə varmı? 
- Fərid 9-cu sinifdə oxuyur. Oğluma "Facebook”dan istifadəyə qadağa qoymuşam. Sosial şəbəkələrdən sadəcə yay aylarında istifadə etməsinə tam sərbəstlik vermişəm. Məqsədim onları internetdən uzaqlaşdırmaq deyil. Ancaq internetdən faydalı şeylər üçün istifadə etmələrinə şərait yaradıram. 

- Sizcə, övladın formalaşmasında ilk növbədə ailənin, yoxsa çevrənin, mühitin böyük rolu var?
- İlk növbədə ailənin. Əgər ailə övladını nəzarətsiz qoysa, o, çevrəsindəki insanların təsirinə düşər və valideyn bir də onda görər ki, uşağı artıq başqa aləmin insanıdır. Valideyn uşağın gündəlik rejiminə nəzarət etməsə, bir gün ayılacaq ki, o, tamamilə başqa bir uşaqdır. Uşağın bütün hərəkətlərinə nəzarət etmək lazımdır. Təbii ki, 15-16 yaşlı uşağın əlindən tutub məktəbə apara bilməzsiniz. Sadəcə olaraq, kənardan uşağa nəzarət etmək lazımdır. Oğlan uşaqlarının xüsusilə cibini, çantasını tez-tez yoxlamağın tərəfdarıyam. Sonradan xoşagəlməz sürprizlərlə qarşılaşmamaq üçün uşaqların yeniyetməlik çağında onlara nəzarətin olması mütləqdir.

- Bəzən valideynlər öz arzularını övladlarının üzərində tətbiq etmək istəyirlər. Misal üçün, "mən həkim olmaq istədim, ola bilmədim, sən mütləq həkim olmalısan” - deyə övladını sevmədiyi bir sahə üzrə təhsil almağa məcbur edirlər.
- Fəridin anası da, mən də onun tamamilə başqa bir peşəyə yiyələnməsini istəmişik. Çalışmışıq ki, onu həmin istiqamətə yönləndirək. Ancaq gördük ki, Fəridin bizim yönləndirdiyimiz sahəyə marağı yoxdur. Biz ona sərbəstlik verdik. Əlimizdən gələni edirik ki, öz arzularının arxasınca getsin. Bütün insanlar ali təhsilli ola bilməz. Hər kəs müəllim, həkim, hüquqşünas olmaq məcburiyyətində deyil. Bu ölkəyə santexnik, pinəçi, usta, aqronom, qəssab da lazımdır. İlk növbədə uşaqlara insan olmağı öyrətməliyik. Hansı peşənin sahibi olursan-ol, əsas odur ki, insani dəyərləri itirməyəsən. Hətta bənna olsa belə, gərəkdir ki, işinin peşəkarı olasan. Şərt deyil ki, ali təhsil ocağına daxil olasan və diplom alasan. Bu gün o qədər insanlar var ki, əlində bir deyil, iki diplomu var, ancaq heç bir işə yaramırlar. Fəhlə belə olsan, gərək o sənətin peşəkarı olasan.kaspi




 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031