\"Neft və milyonlar səltənətində\"nin \"Lütfəli bəy\"ini dayısı oğlu niyə qətlə yetirdi?

\
Bu gün Azərbaycanın ilk peşəkar aktyoru, rejissor Hüseyn Ərəblinskinin doğum günüdür. 
 
Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya göz açıb. Həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçib. Atasını vaxtsız itirib, anasının himayəsi altında böyüyüb. Uşaqları böyük çətinliklə saxlamasına baxmayaraq, anası onu mollaxanaya qoyub. Bir neçə il burada oxuduqdan sonra təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxananı buraxmağa məcbur olub. O illərdə "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradırmış. Bundan xəbər tutan Hüseyn də Həbib bəy Mahmudbəyova müraciət edib. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənib. Məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilib, məhz o illərdə teatrla tanış olub. Bu, professional teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi.

Teatr və kino fəaliyyəti

Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun Sərgüzəşti-vəziri-xani-Lənkəran əsərini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur. Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovunevində edir. Ancaq sonralar teatr tariximizdə ən görkəmli yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar ki, nəzərə çarpmırmış.

Bundan sonra, o, 1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edir. Hüseyn Ərəblinskinin teatr fəaliyyəti 1903-1904-cü illərdə yaradılan Müsəlman artistləri cəmiyyəti ilə sıx bağlıdır. Onun səhnədə ilk uğuru da məhz bu dövrə təsadüf edir.

Belə ki, Müsəlman artistləri cəmiyyəti 1905-ci ildə Lənkərana qastrol səfərinə gedir. Xatırladaq ki, bu, teatr tarixində həm də ilk qastrol olub. Hüseyn Ərəblinskinin ilk müəllimlərindən biri olan Əbülfət Vəliyevinbaşçılıq etdiyi truppa üzvlərinin əksəriyyəti həmişə arxa planda olan Hüseynin də bu qastrola getməsini təəccüblə qarşılayırlar.

Səfər zamanı "Müsibəti-Fəxrəddin" tamaşasını göstərən truppa gözlənilməz fakt qarşısında qalır – tamaşaya bir-iki saat qalmış məlum olur ki, Fəxrəddin rolunu oynayacaq aktyor xəstələnib. Əlacsız qalan truppa rəhbərliyi Fəxrəddin rolunu Hüseynə tapşırır. O gecənin şahidi olan teatr xadimləri sonralar öz xatirələrində yazırdılar ki, Hüseyn bu rolu son dərəcə uğurla oynadı. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan Hüseyn, beləliklə, indiyə qədər onun haqqında olan fikirləri də alt-üst edir. Tezliklə teatr ictimaiyyətində istedadlı aktyor kimi tanınan Hüseyn Ərəblinski "Nicat" teatr cəmiyyətinə baş rejissor kimi dəvət alır. Yalnız sənət yenilikləri ilə kifayətlənməyən Hüseyn teatr mühitində bir sıra dəyişikliklər edir. 

Hüseyn Ərəblinski 1919-cu ildə qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü müsavatçıların adı ilə hallandırılsa da, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb.

"Neft və Milyonlar Səltənətində" filmi Ərəblinskinin çəkildiyi ilk və son filmdir.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR