“Nə edim, evimə çörəkpulu aparmalıyam” - Murad tənqidlərə cavab verdi

“Nə edim, evimə çörəkpulu aparmalıyam” - Murad tənqidlərə cavab verdi
Aktyor Murad İsmayıl toy məclislərində müğənniliyə başladığına görə ünvanına edilən tənqidlərə münasibət bildirib.

Sfera.az xəbər verir ki. axşam.az-a danışan sənətçi gördüyü işdən utanmadığını söyləyib:

"Məni niyə tənqid etməlidirlər ki? Musiqi təhsilim var. Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini bitirmişəm. Vokal dərsləri almışam. Müəllimlərim Azər Zeynalov, Əliəhməd İbrahimov olub. 2010-cu ildən ifaçı və aktyor kimi fəaliyyət göstərirəm. İşimdən də pul qazanıram. İstəsəm toya aparıcı, istəsəm müğənni kimi gedərəm. Əsas odur öz səviyyəni saxlayasan, repertuarına diqqət edəsən. Kifayət qədər səviyyəli və məşhur italyan, fransız əsərləri ifa edirəm. Toyda hansısa pis ifamı görən varsa, çəksin, paylaşsın. Üç ildir verilişlərdə mahnılar ifa edirəm. Tamaşaçı məni müğənni kimi daha çox sevir. Bunu "Youtube"dakı ifalarımın altına yazılan rəylərdə də sezə bilərsiniz. Çox yanlış fikirlərdir. Nə edim? Evimə çörəkpulu aparmalıyam. Kişiyəm, ailə başçısıyam. Yeri gəlsə, nə iş lazımdırsa, onu görərəm, sənətimi də atmaram. Hamı bilir ki, aktyorlar çox maaş almır. Onlar başqa işlər görüb, ailəsini dolandırır. Burada ayıb bir şey yoxdur. Hər yerdə hörmətlə qarşılanıb, hörmətlə yola salınıram. Utanılası, tənqid olunası da heç nə yoxdur!".

Aktyor teatr səhnəsindəki performansının seriallardan daha güclü olması ilə bağlı səslənən fikirlərə də toxunub: 

"Teatr ayrı aləmdir, serial və film isə ayrı. Teatrda bir tamaşa üzərində 2-3 ay çalışırsan, özünü ona həsr edirsən. Serialları isə elə rejimdə çəkib, elə senarini oynayıb, elə maaş alırıq ki, özümüzlə bütövləşdirə bilmirik. 2-3 filmə çəkilmişəm, onlar da güclü filmlər olmayıb. "Vicdan haqqı" serialında kifayət qədər sevilmişəm, "Uçurum" serialında da sevilirəm. Biz elə şərtlər altında çəkilirik, elə qonorar alırıq ki, ondan güclü performans gözləmək lazım deyil".

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru olan Murad İsmayıl "Vicdan haqqı" serialı ilə məşhurlaşıb. O, həmçinin "Tələbə", "Qaranlıq" kimi filmlərdə rol alıb. İsmayıl həmkarı Ülviyyə Xəlilbəyli ilə ailə qurub.



OXŞAR XƏBƏRLƏR