\"Nazirlikdən pul almırıq\" – İctimai Şura sədri
Təhsil Nazirliyinin yanında İctimai Şuranın fəaliyyətə başlaması söz-söhbətsiz ötüşməyib. Müşahidəçilər iddia edirlər ki, İctimai Şuranın yaranmasından sonra təhsillə bağlı problemlərin ictimailəşdirilməsi arxa plana keçib. İctimai Şura üzvlərinin bağlı olduqları nazirliklərdən qeyri-rəsmi məvacib aldıqlarına dair iradlar da var.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Yenisabah.az saytına açıqlamasında bu məlumatları təkzib edib. Bildirib ki, təhsilin problemləri həm onun, həm də İctimai Şura üzvlərinin daim diqqət mərkəzindədir: "Bu yaxınlarda təhsilin konseptual problemləri haqqında irihəcmli məqalə ilə çıxış etmişəm. Həmin məqalədə cəmiyyəti narahat edən problemlər barədə ətraflı söhbət açılır. Təhsil sektorunda problemlərin olduğunu heç vaxt inkar etməmişik. Biz həmin problemləri qabardır, həll yollarını göstəririk".
Şahlar Əsgərov onu da deyib ki, İctimai Şuranın heç bir üzvü Təhsil Nazirliyindən rəsmi və qeyri - rəsmi məvacib almır: "Bunlar fərziyyələrdir, gümanlardır. Belə bir şey yoxdur. Biz maaş alsaq, bu, İctimai Şura olmaz".