\"Nazirlik və komitələrdə xidməti maşın verilən vəzifə sahiblərinin sayı azaldılsın\" - TƏKLİF

\
"Məmur və nazirlərimiz sadə insanlarla təmasda olmaqdan çəkinirlər. Ona görə də onlar ictimai nəqliyyatdan istifadə etmirlər”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda yüksək vəzifə tutan şəxslərin avtobus, metro kimi ictimai nəqliyyatdan istifadə etməyə hələ də maraq göstərməməsinə münasibət bildirərkən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib:
 
"Onlar özlərini sadə insanlardan daha yüksəkdə tutduqlarından hər vəclə çalışırlar ki, bu insanlarla qarşı-qarşıya gəlməsinlər. Ona görə də bu kateqoriyaya aid əksər yüksək vəzifə sahibləri ictimai nəqliyyatdan, metrodan istifadə etmir, işə gedib gələrkən velosipeddən yararlanmırlar. Fəaliyyətlərində ictimai nəqliyyatdan istifadə etməyi məmurlar və onların övladları özlərinə yaraşdırmırlar. Ya insanlardan qorxur, ya da ki, vəzifə tutmaqla ictimai qınağa tuş gəlməkdən qaçmaq üçün ictimaiyyətlə təmasdan uzaq dururlar”.

Həmsöhbətimizin fikrincə, məmurları ictimai nəqliyyatdan istifadəyə meylləndirmək üçün bu istiqamətdə hansısa bir qərar olmalıdır:
 
"Qərar verilməlidir ki, məmurlar da zəhmət çəkib ictimai nəqliyyatdan istifadə etsinlər. Ölkəmizdə məmur işə gedəndə də, oradan çıxanda da maşına minib, maşından düşür. Onlar metro və avtobusdan istifadə etməklə cəmiyyətdə olan problemlərlə daha yaxından tanış ola, onu daha yaxşı bilər və həllinə kömək edərlər. Özündən razılıq kompleksi Azərbaycanda vəzifə sahibi olanların cəmiyyətdən uzaq düşməsinə gətirib çıxaran amillərdən biridir. Bu halın özü vəzifədən sui-istifadədir. Həmçinin, gözlərini açıb belə vəziyyəti gördüklərindən indi vəzifə tutanlar da həmin kompleksdən xilas ola bilmir və yaxud bunu istəmirlər. Yəni vəzifəli şəxslərdə belə bir kompleksin yaranmasında aldıqları tərbiyə amilinin də rolu vardır. Avropada olarkən vəzifəli şəxslərin çox sadə olduqlarının şahidi oluruq. Düşünürəm ki, vəzifəli şəxsləri ictimai nəqliyyatdan istifadəyə meylləndirmək üçün nazirlik və komitələrdə xidməti maşın verilən vəzifə sahiblərinin sayı azaldılmalıdır.
 
Bir neçə il bundan əvvəl Dövlət Neft Şirkətində xidməti dövlət maşınlarından kimlərin istifadə edə bilməsi məsələsi gündəmə gəlmişdi. Hətta bir sıra təşkilatlarda şöbə rəisi də xidməti maşına malik olmalıdır ki, bu da biabırçılıqdır. Bu istiqamətdə vəziyyət o həddə çatıb ki, düşünürəm məsələyə prezident şəxsən işə qarışmalıdır.
 
Qeyd edək ki, sivil Qərb ölkələrində prezidentlər, baş nazirlər belə əksər hallarda işə gedib gələrkən ictimai nəqliyyatdan, metrodan, hətta velosipeddən istifadə edirlər. Azərbaycanda isə vəzifə sahibləri sanki ictimai nəqliyyatdan istifadə etməyi özlərinə sıxışdırmırlar. Ölkəmizdə az-az məmur ola bilər ki, müəyyən bir yerə gedərkən ictimai nəqliyyatdan yararlansın. Ölkəmizdə hələ də vəzifə sahibləri bu kimi keçmişdən qalma komplekslərdən xilas ola bilmirlər.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR