“Nazirlər Kabineti narazılıqları araşdırmalıdır...” – Siyahıyaalınmadan kənarda qalanlar

“Nazirlər Kabineti narazılıqları araşdırmalıdır...” – Siyahıyaalınmadan kənarda qalanlar


"Siyahıyaalınma prosesindən kənarda qalanların sayı çoxdursa, araşdırma aparılması və bununla bağlı rəsmi açıqlama verilməsinə ehtiyac var”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda 1-10 oktyabr aralığında keçirilən siyahıyaalınma prosesindən əksər vətəndaşların kənarda qalması barədə məlumatlara münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:

 

"Siyahıyaalınma yalnız statistik baxımdan deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır. Ona görə də bu prosesə daha çox ölkə vətəndaşının cəlb olunması vacib idi. Çünki aparılan siyahıyalınmada məqsəd yalnız vətəndaşlarımızın sayını müəyyənləşdirmək olmayıb. Burada başlıca məqsəd ixtisaslı kadrların necə yerləşməsini, daxili miqrasiya, əlillərin işlə təmin olunub-olunmaması kimi məsələləri, gələcək iqtisadi siyasəti müəyənləşdirməkdən ibarət olub. Rəsmi yanaşmaya nəzər saldıqda, Statistika Komitəsi daha çox vətəndaşı əhatə etməyə çalışdıqlarını bildirib. Amma sorğular, ekspertlərin, jurnalistlərin, sosial mediada aktiv olan vətəndaşların rəyləri göstərir ki, heç də ətrafımızdakı əksər insanların siyahıyaalınması baş verməyib. Şəxsən mənim yaşadığım ünvana da bununla bağlı müraciət olunmayıb”.

 

Sosial şəbəkədə məsələnin daha çox işıqlandırıldığını nəzərə alaraq, həmsöhbətimiz Nazirlər Kabineti tərəfindən məsələnin araşdırılmasına ehtiyac olduğunu bildirdi: "Sözsüz ki, 10 milyonluq vətəndaşımızın içərisində siyahıyaalınmayanlar da ola bilər. Amma nəticə etibarı ilə prosesdən kənarda qalanların sayı çoxdursa, o baxımdan araşdırma aparılması və rəsmi olaraq bununla bağlı açıqlama verilməsinə ehtiyac var. Nazirlər Kabineti tərəfindən siyahıyaalınmanın qiymətləndirilməsi vacibdir və nəticələrin qiymətləndirilərək ictimaiyyətə əlavə məlumatın verilməsinə ehtiyac var. İndiki dövr sosial medianın aktiv olduğu bir dövrdür. Düşünürəm ki, prosesə cəlb edilənləri sayı çox olsa da, sıyahıyaalınmaq üçün ayrılan 10 gün bəlkə də az müddət olub. Fikrimcə, müddətin uzadılması mümkün idi. Çünki məsələ ilə bağlı azı iki ildən artıqdır iş gedirdi. Fikrimcə, siyahıya alınmayanların sayı çoxdursa, bununla bağlı ayrı bir sorğunun keçirilməsinə ehtiyac var. O halda artıq başa çatan bu proseslə bağlı rəsmi izahat da verilməlidir”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR