Nazir və səfir Qubada tarixi Gümbəzli hamamın açılışında - FOTO

Nazir və səfir Qubada tarixi Gümbəzli hamamın açılışında - FOTO
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bərpa edilmiş Qubadakı tarixi Gümbəzli hamamın açılış mərasimi keçirilib.

Sfera.az-ın məlumatına görə, hamamın bərpası ABŞ səfirlərinin Mədəni irsin Qorunması Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilib.

XIX əsrin əvvəlində tikilən və yeni bərpa olunan hamamın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.

Açılış mərasimində çıxış edən Qubanın icra başçısı Ziyəddin Əliyev bildirib ki, rayonun qədimdən mədəni və multikultural kökləri var. Onun sözlərinə görə, dəyərlərin gələcək nəsllərə ötürülməsi üçün tarixi abidələr bərpa edilir, qorunub saxlanılır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanda elə bir tarixi abidə yoxdur ki, ona hörmət edilməsin, qorunmasın: "Bu abidə yerli xalqın memarlıq istedadından xəbər verir. Abidələr bizim sərvətimizdir, kökümüzü ifadə edən rəmzlərdir. Azərbaycan hər zaman multikultural ənənələrə sadiq olub. Qubada yerləşən bu abidənin bərpasına xarici ölkənin gücünün cəlb olunması rayonda mövcud olan mühitə hörmət əlaməti kimi qəbul olunmalıdır".

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta vurğulayıb ki, səfirlərin borcu tək ölkələr arasında deyil, ölkələrin sadə xalqları arasında da əlaqələri gücləndirməkdir: "Ən gözəl bağlardan biri məhz mədəniyyət vasitəsi ilə qurulur. Tarix hamımızı bir araya gətirir. Dünyada elə pisniyyət qüvvələr var ki, onlar xalqları bir-birindən ayrı salmağa çalışırlar. Azərbaycanda tarixən mövcud olan tolerantlıq və müxtəlif xalqların birgə yaşaması dünyada bir sıra ölkələr üçün nümunədir. Bu layihə sadəcə ABŞ-ın dəstək verməsi deyil, həm də Amerika sakinlərinin Azərbaycanı daha yaxından öyrənməsi baxımından mühüm rol oynayır. Layihəyə 2014-cü ilin mart ayından başlanılıb. Hamam bərpa edildikdən sonra sənətkarlıq, turizm mərkəzi kimi yerli iqtisadiyyatın inkişafına təkan verəcək. Hamamın bərpası ölkələrimiz arasında dostluğun simvolu olacaq".

Daha sonra hamamın açılışı olub. Qonaqlar bərpa edilmiş bina ilə tanış olublar.

Qeyd edək ki, XIX əsrdə bişmiş qırmızı kərpicdən inşa edilmiş və ötən əsrin 80-ci illərinə kimi fəaliyyət göstərmiş Gümbəzli hamam ictimaiyyət üçün açıq olacaq, eləcə də turizm, yerli sənətkarlığın inkişafı məqsədilə istifadə ediləcək.

OXŞAR XƏBƏRLƏR