Naxçıvanla Türkiyə sərhədində belə bir zonanın yaradılması, ticarətin... - ŞƏRH

Naxçıvanla Türkiyə sərhədində belə bir zonanın yaradılması, ticarətin... - ŞƏRH
Prezident İlham Əliyev bir müddət öncə azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Ötən gün isə Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi jurnalistlərə açıqlamasında Türkiyə və Naxçıvanın birgə azad iqtisadi zona yaratmağa qərar verdiyini bildirib.

Məsələni Sfera.az-a dəyərləndirən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, ölkədə azad iqtisadi zonaların yaradılması təqdirəlayiq haldır. 
 
 

Ekspertin sözlərinə görə, Azərbaycan iqtisadiyyatında ciddi disbalans höküm sürür:
"Belə ki, ölkə iqtisadiyyatının 90%-dən çoxu Abşeron iqtisadi rayonunda cəmləşib. Bu baxımdan, Naxçıvanda və şlkənin digər regionlarında iqtisadi zonaların yaradılması vacib məsələlərdəndir. Adətən iqtisadi zonalar sərhədyanı və liman yaxınlıqlarında yaradılır. Bu da xarici iqtisadi əlaqələrin asanlaşdırılması üçün nəzərdə tutulur. Arzu edərdim ki, Gürcüstanla, Rusiya və İranla sərhəd zonalarında da belə iqtisadi zonalar yaradılsın. Bu ölkə iqtisadiyyatının disbalansını aradan qaldıra və iqtisadi aktivliyi artıra bilər".
 
 

Natiq Cəfərlinin fikrincə, Azad İqtisadi Zonalar 20-ci əsrin sonunda çox populyar bir iqtisadi aktivlik forması idi, dövlətlərin sərhədlərində yaradılaraq daha çox aktivlik təmin edir, sərhədyanı ticarəti canlandırırdılar:
"Müasir dövrdə AİZ-ların əhəmiyyəti azalıb, çünki, artıq investor da, iş adamları da, şirkətlər də bütün ölkəni, obrazlı desək, "azad iqtisadi zona” kimi görmək, fəaliyyət göstərmək istəyirlər. Amma Naxçıvanla Türkiyə sərhədində belə bir zonanın yaradılması, ən azından, ticarətin canlanmasına səbəb ola bilər. Biz isə çalışmalıyıq ki, belə zonalara daha çox investorları, istehsalçıları cəlb edək. Hədəf məhz bu olmalıdır, çünki təkcə ticarətlə ciddi gəlir əldə etmək olmaz, həm də  Türkiyənin təklif edəcəyi mal çeşidliliyi bizdən qat-qat çox olduğu üçün ölkədən valyuta çıxışını da sürətləndirəcək amil ola bilər. Biz daha çox alıcı, Türkiyə isə satıcı rolunda olacaq, çalışmalıyıq ki, bu rollar dəyişsin".
 
 

Pərviz Heydərov qeyd edib ki, Azərbaycanda belə zonaların yaradılması üçün hər cür şərait var:
"Ölkə prezidentinin bu ilin mayın 31-i tarixdə imzaladığı azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sənəddə deyilir ki, son illər ərzində aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaratmış, dinamik sosial-iqtisadi inkişafa təkan verərək, transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması işinə investorların bizə marağını artırmışdır. Xarici investisiyaların cəlb edilməsi isə əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verəcək. Lakin azad iqtisadi zonanin yaradılması asan və qısa müddətə nail olunacaq iş deyil. Belə ki, sözügedən məsələ kompleks tədbirlər planı işləyib hazırlamağı və həyata keçirtməyi tələb edir. Məqsədə çatmaq üçün isə qanunvericilikdən başlamış, xarici təcrübənin tədbiqinə qədər uzun bir yol keçilməlidir. Bundan əlavə, böyük məbləğdə investisiya tələb olunur. Azad iqtisadi zonanın yaradılması əlavə cəlbedici şərait deməkdir. Bunun üçün Azərbaycan tərəfdən bir sıra tarif, vergi, gömrük və sair güzəştlər də tədbiq edilməlidir. Ona görə ki, Avropadan başlamış Asiyaya qədər demək olar, bütün ölkələrin qabaqcıl şirkətlərinin maraq və diqqətini cəlb etmək mümkün olsun və onlar arasında qarşılıqlı əlaqələr asan həyata keçirilsin. Məsələn, Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın təşkili üzrə görülən işlər Azərbaycan iqtisadiyyatı üçün bir növ istinad yerinə və yaxud brendə çevriləcək. Belə ki, burada dünyanın bir sıra tanınmış və məşhur Limanlarındakı kimi azad iqtisadi zona yaradılarsa bu, regionda yükdaşırma, paketləmə, saxlama üçün iqtisadi cəhətdən çox gərəkli bir mərkəzin meydana gəlməsi ilə nəticələnəcək. Sözügedən nəticədən isə ölkənin qeyri-neft sektorunun inkişafı əlavə və əvəzedilməz təkan əldə edəcək. Yeri gəlmişkən, Dubay, Honkonq, Sinqapur, Şanxay kimi nəhəng nəqliyyat-logistika mərkəzlərinin aid olduqları ölkələrin iqtisadiyyatlarda oynadıqları rolu geniş izah etməyə ehtiyac yoxdur.  Belə zonalar ölkəmizin cənub, şimal, şimal-qərb bölgələrində də yaradıla bilər. Naxçıvanda isə buna lap çox gözəl şərait var. Çünki həm Türkiyəyə çıxışı var, həm İrana. Bura iqtisadi və coğrafi baxımdan unikal bir bölgəmizdir. Bu mənada, Türkiyə və Naxçıvanın birgə azad iqtisadi zona yaratması bütövlükdə ölkəmiz üçün böyük dividentlər vəd verir. Bu işə dövlətimiz hər cür dəstək verməlidir".

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR