Navalnının qayıdışı, Ukrayna ilə müttəfiqlik... – Co Bayden Rusiyaya hansı sürprizlər hazırlayıb?

Navalnının qayıdışı, Ukrayna ilə müttəfiqlik... – Co Bayden Rusiyaya hansı sürprizlər hazırlayıb?
"Rusiya üçün Baydenlə ortaq nöqtələr tapmaq son dərəcədə çətin olacaq. Ümumiyyətlə çətin ki, ortaq nöqtələr tapılsın".
 
Bunu Sfera.az-a açıqlamasında ABŞ-da Co Baydenin adminstrasiyasının Rusiyaya münasibətdə hansı addımları ata biləcəyinə aydınlıq gətirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib: 

"Öncə ondan başlayaq ki, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı Rusiyaya qayıtmaqla hiyləgər gediş edib. Almaniyada qalsaydı artıq siyasətçi kimi sıradan çıxacaqdı. Real həbs təhlükəsinə rəğmən onun Rusiyaya qayıtması isə nüfuzunu əhəmiyyətli şəkildə artıracaq. Onun bu gedişi Qərbdə də yüksək qiymətləndirilib.

Navalnı ölkəsinə qayıtmaqla sözsüz ki, ABŞ-ın yeni prezidenti Co Baydenin Rusiyaya qarşı münasibətdə sərt xətt tərəfdarı olduğunu əsas götürüb. Görünür, məhz bu amil onu həbs təhlükəsinə baxmayaraq geri qayıtmağa ruhlandırıb.  Bayden Navalnı məsələsini kənarda saxlaya bilməz. Onun Rusiyaya münasibəti sərtdir. Navalnının həbsi isə onun Kremlə münasibətdə bu sərtliyini daha da artıracaq”.

Ekspert Barak Obama dövründə Ukrayna ətrafındakı proseslərin vitse-prezident olaraq Co Baydenə tapşırıldığını xatırladaraq bunları deyib:

"Bayden həmin dövrdə tez-tez Kiyevə gəlirdi və verdiyi açıqlamaları ilə Moskvaya münasibətdə sərt siyasət tərəfdarı olduğunu göstərirdi. İndi həmin siyasəti prezident olaraq davam etdirəcək. Ukraynaya dəstək Rusiyaya qarşı sərt siyasətin davamıdır. Belə baxanda, Donald Trampın dönəmində də Rusiyaya qarşı sərt siyasətdə yumşalma olmadı. Tramp istərdi ki,  Moskva ilə münasibətlər normal olsun.  Amma Konqres, Dövlət Departamenti, Pentaqon onun əl-qolunu bağlayırdı. İndi isə Ağ Evdə oturan şəxsin özü də Rusiyaya qarşı sərt siyasət tərəfdarıdır. Bu siyasət gələcək illərdə də davam edəcək”. 

Həmsöhbətimiz hesab edir ki, Rusiyaya münasibətdə əlavə sanksiyalar gündəmə gələcək:

"Bayden sərt açıqlamalar səsləndirməkdə davam edəcək. Rusiya üçün Baydenlə ortaq nöqtələr tapmaq son dərəcədə çətin olacaq. Ümumiyyətlə çətin ki, ortaq nöqtələr tapılsın. Rusiyada da bunu anlayırlar. Bayden Rusiyanı yaxşı tanıyır. İki dəfə, 1979-cu və 1984-cü illərdə  keçmiş Sovetlər Birliyi ilə danışıqlar aparıb.  Bu mənada da o Sovetlərin və Rusiyanın siyasətini yaxşı bilir, yaxşı analiz edir. Ona görə də düşünür ki, Rusiyaya qarşı yumşaq siyasət aparmaq olmaz. Əksinə, bu istiqamətdə siyasəti sərtləşdirmək lazımdır”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR