Müstəntiq ölkədən qaçdı, köməkçisi həbs edildi – Şəhid qızının ölümünə görə

Müstəntiq ölkədən qaçdı, köməkçisi həbs edildi – Şəhid qızının ölümünə görə
Dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elnur Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını açıqlayıb.

İttihama münasibət bildirən Elnur Babayev özünü təqsirli bilməyib.

Qeyd edək ki, 2017-ci ilin noyabr ayında iş adamı, "Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov şəhid qızı Könül Əkbərovanı idarə etdiyi 90 FO 007 nömrəsi "Jeep Grand Cherokee” markalı avtomobillə vurub öldürüb.

Qəzadan sonra Rəhim Rəhimov 1 ay azadlıqda qalıb, onun yerinə isə ailənin sürücüsü Əmrulla Şahbazov cinayəti boynuna götürüb.

Daha sonra şəhidin ailəsi məsələni ictimailəşdirdiyi üçün cinayət işi Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovdan alınıb və o, vəzifəsindən qovulub.

İstintaq sənədlərinə görə, Vüqar Abbasovun qeyri-rəsmi köməkçisi Elnur Babayev dələduzluq və rüşvət almaqda təqsirli bilinib.

Məlum olub ki, iş adamı Akif Rəhimov sürücülük vəsiqəsi olmadan maşın idarə edən oğlunu həbsdən yayındırmaq üçün şəhid qızı, mərhum Könül Əkbərovanın sərxoş olması barədə saxta ekspertiza rəyi almaq istəyib və ona bu vədi verən Elnur Babayevə 52 min 500 manat verib.

Elnur Babayev ekspertiza rəyi üçün 10 min manat, müstəntiq Vüqar Abbasov vasitəsilə işi həll etmək, saxta şahidlər tapmaq və Rəhim Rəhimov yox, sürücü Əmrulla Şahbazovun təqsirləndirilən şəxs kimi tanınması üçün Akif Rəhimovdan 42 min 500 manat alıb.

Rəsmi məlumata görə, Vüqar Abbasovun ölkədən qaçıb. Onun barəsində axtarış elan edilib.

Lakin işin ictimailəşməsi və nəzarətin güclənməsi Elnur Babayevin vədlərini yerinə yetirməyə imkan verməyib.

Elnur Babayev pulu Akif Rəhimovun qardaşı Məmməd Rəhimova məxsus "Yeganə” şadlıq sarayında alıb.

Rəhim Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilsə də, cəmi 9 ay həbsdə qaldıqdan sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməklə azadlığa buraxılıb.Teleqraf


 

OXŞAR XƏBƏRLƏR