Müsavat da Əli Kərimliyə qarşı çıxdı: \"Bu tələsik və uğurlu olmayan addım idi\"

Müsavat da Əli Kərimliyə qarşı çıxdı: \
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənlinin MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini müsavatçılar dəstəkləyir.
 
 
Sfera.az xəbərinə görə, Müsavat Partiyası başqanlığına sabiq namizəd Yadigar Sadıqlı razılaşdırılmamış aksiyanın təxirə salınmasını doğru addım saydığını bildirib. "Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”, - deyə, Y.Sadıqlı əlavə edib. Xatırladaq ki, Milli Şura sədri Cəmil Həsənli MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınmasını təklif edib.
 
C.Həsənli razılaşdırılmamış aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Şurası və AXCP-nin təcili müzakirə aparmalı olduğunu vurğulayıb. Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun "28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

OXŞAR XƏBƏRLƏR