Musa Peyğəmbər tilsimi belə qırdı – 20 ədədinin sirləri
22:52 / 18.09.2016
7609
Saraydakı kahinlər Firoona xəbər verdilər ki, bu il doğulan bir oğlan uşağı böyüyüb səni öldürəcək. Bu səbəbdən Firoon əmr verdi ki, bu il doğulan bütün oğlan uşaqları öldürülsün. Həmin il İmranın ailəsində də bir oğlan uşağı dünyaya gəldi. Valideynləri onu bir müddət gizli saxladılar ki, saray çuğulları bilməsin. Lakin, bunu çox gizlətmək mümkün deyildi (hamilə qadınları da gəlib tez-tez yoxlayırdılar). Odur ki, Anası körpəni bəzəkli bir sandığa qoyub Nil çayına atdı. Qızı Məryəmə də tapşırdı ki, kənardan göz qoy, gör sandıq hara axacaq.
Firoon öz sarayının həyətinə Nildən bir qol çəkmişdi; sandıq nəmin qola dönərək, Firoonun bağına daxil oldu. Bu vaxt onun arvadı Asya qızları ilə bağda suyun qırağında oturmuşdu, sandığı görüb, ağacla yaxına çəkdi. İçində ay parçası kimi gözəl bir oğlan uşağını görəndə çox sevindi (Firoonun oğlu yox idi). Ərindən xahiş etdi ki, bu uşağı öldürməsin və götürüb saxlamasına icazə versin. Firoon həyat yoldaşının sözünü yerə salmadı. Beləliklə, həmin ildə doğulan oğlan Firoonun sarayında məskunlaşdı. Adını Musa qoydular. Mənası ağac və su arasından tapılan deməkdir.
Qərar verildi ki, Musaya bir süd anası tapılsın. Lakin nə qədər qadın gəldisə, körpə heç birini əmmədi. Bu vaxt Məryəm saraya daxil olub, körpəyə bir süd anası tapa biləcəyini dedi. Beləliklə, öz doğma anası gəlib Musanı süd anası sifətində himayəsinə götürdü, lakin bunu heç kəs bilmədi.
Musa böyüyəndə anası gizli şəkildə öz əsil-nəsəbin ona tanıtdı ki, Bəni-İsrail tayfasındandır. O vaxt bu tayfa Firoonun mənsub olduğu Qibti tayfası tərəfindən əsarətdə saxlanırdı və heç bir hüququ yox idi. Bu hal Musanın qəlbini çox ağrıdırdı. Bir gün də bir Qibtinin Bəni-İsraildən birini döydüyünü görüb, Qibtiyə bir yumruq vurdu. Musa çox güclü olduğundan Qibti həmin an yıxılıb öldü. Firoona xəbər çatdı ki, Musa sənin tayfandan bir nəfəri öldürdü. Beləliklə, Musanın ölmünə fərman verildi (ondan qabaq da dəfələrlə Firoon bu uşağı öldürmək istəmiş, lakin, arvadı imkan verməmişdi. Kahinlərin sözləri Firoonun yadından çıxmırdı).
Saraydan bir nəfər gizli yolla Musaya xəbər verdi ki, Firoon sənin ölmünə qərar verdi, ölkədən qaç.
Musa Misirdən çıxaraq, Hicaz bölgəsində yerləşən Mədyən şəhərinə doğru üz tutdu. Şəhərin girişində bir su quyusunun yanına çatanda gördü bir neçə nəfər quyudan heyvanlarını suvarırlar. İki yeniyetmə qız isə, kənarda pərişan halda dayanıblar, yanlarındakı heyvanları suvarmırlar. Musa onlara yaxınlaşıb, pərişanlıqlarının səbəbini soruşdu. Qızlar cavab verdilər ki, bayaqdan bu adamları gözləyirlər, onlar heyvanlarını suvarıb qurtardıqdan sonra biz suvaracağıq. Atamız da qocadır. Evdə bizdən başqa heyvanlara baxacaq kimsə yoxdur (bunlar Şüeyb Peyğəmbərin qızları idi). Musanın qızlara yazığı gəldiyindən, onların heyvanlarını tez suvarıb yola saldı, özü isə, ağacın kölgəsində oturdu. Birazdan qızlardan biri Musanın yanına qayıdıb, atasının onu evə dəvət etdiyini dedi. Musa Şüeyb Peyğəmbərin evinə gəldi və başına gələnləri ona nəql etdi. Peyğəmbər dedi qorxma, Allah səni zalımlardan qoruyur və Onun nəzarətindəsən.
Sonra Şüeyb Peyğəmbər Musaya dedi ki, bu iki qızımdan birini sənə nigah edərəm, bir şərtlə ki, səkkiz il mənə çobanlıq edəsən. Musa razılaşıb, Peyğəmbərin böyük qızı Səfurə ilə evləndi (hansı ki, ilk gördüyündə bu qızı bəyənmişdi).
Elə ki, Musa Peyğəmbər səkkiz il çobanlıq müddətin tamamladı, əlavə də iki il artıq işlədi ki, qaynatası Şüeyb Peyğəmbər razı qalsın. Daha sonra Allahdan qəbul etdiyi vəhy üzrə həyat yoldaşını da götürüb, yenidən Misirə (Fironu haqqa dəvət etmək üçün) üz tutdu. Ayrılarkən Şüeyb Peyğəmbər ona Adəm Peyğəmbərdən miras qalmış əsanı bağışladı; hansı ki, həmin əsa bütün peyğəmbərlərin əlindən keçərək vərəsəlik yolu ilə Şüeybə çatmışdı (o da Allahın əmri ilə Musa əleyhissəlama bağışladı).
Musa Fironun sarayına daxil olaraq, Allah tərəfindən göndərilmiş elçi olduğunu bildirdi və ondan Allahlıq iddiasından əl çəkməyi, zülmə son qoymağı tələb etdi. Əks halda ona Allahdan bəla gələcəyini xəbər verdi. Firon cavab verdi ki, sən mənim sarayımda böyümədinmi? Sonra da bir qibtini öldürüb qaçdın; indi də peyğəmbərlik iddiasına düşmüsən? Belə dedikdən sonra Firon onu öldürtmək istədi. Bu vaxt Musa əlindəki əsanı yerə atdıqda, qüdrəti-İlahidən əsa əjdahaya dönüb, Fironun üstünə yeridi. Zalım şah qorxuya düşərək fikirləşmək üçün üç gün vaxt istədi. Sonra saray əyanlarını məşvərətə yığıb, onlardan məsləhət istədi. Əyanlar dedilər ki, Musa sehrbazdır, onun etdiyi də cadudur. Onun qabağına biz Misirdəki ən güclü cadugərləri çıxarmalıyıq. Beləliklə, Misirdəki ən güclü cadugərlər təəcili saraya yığıldı. Firon onlara vəziyyəti anlatdıqda sehrbazlar dedilər sən onu bizə həvalə elə, öhdəsindən gələrik. Qərar verildi ki, qibtilərə məxsus bayram günündə bütün xalq meydana yığışsın; onların qarşısında sehrbazlar Musanı məğlub edib, Fionun Allah olduğunu xalqa sübut etsinlər.
Elan olunmuş gündə xalq meydana cəm oldu. Musa və qardaşı Harun da, sehrbazlar da, saray əyanları da... hər kəs öz yerin tutdu. Firon soruşdu ki, birinci kim başlamaq istəyir? Musa dedi sehrbazlar başlasınlar. Belə olduqda sehrbazlar əvvəlcədən meydanın ortasına topladıqları qamış və ip topasına sehrli sözlər oxudular. Tilsimin təsirindən qamışların hərəsi bir ilana dönüb Musanın üzərinə yeriməyə başladılar. Musa belə halla ilk dəfə qarşılaşdığından qorxub, geri çəkilməyə başlad. Bu vaxt Allahdan vəhy gəldi ki, qorxma, əlindəki əsanı yerə at. Musa atdıqda əsa əjdahaya dönərək sehirbazların ilanlarının hamısını uddu.
Cadugərlər Musanın bu möcüzəsi qarşısında heyrət edərək, ona təslim olduqlarını bildirdilər. Firon bundan qəzəblənərək oradakı sehrbazların hamısının asılmasına qərar verdi.
Bu əhvalat "Quran”da öz əksini belə tapmışdır:
"Onlar dedilər: "Ya Musa! Özün seç. Ya sən əvvəlcə əsanı yerə tulla, ya da biz birinci tullayaq!
Musa dedi: "Xeyr, əvvəlcə siz tullayın!” Sehrbazlar əllərindəkini yerə atan kimi onların sehri üzündən birdən Musaya elə gəldi ki, onların ipləri, qamışları və dəyənəkləri hərəkətə gəlib ilan kimi qarnı üstə sürünür.
Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin).
Biz ona belə buyurduq: "Qorxma, üstün gələcək mütləq sənsən! Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını bir anda udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”
Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, qamışlarını yerli-dibli uddu. Nəhayət, sehrbazlar: "Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” – deyib səcdəyə qapandılar.
Firon, dedi: "Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” "Quran”, 20-ci surə, 65-71-ci ayələr.
"Quran”da təsbit olunmuş bu hadisədə diqqət çəkən bir neçə məqam vardır. Bunlardan biri ondan ibarətdir ki, əhvalat niyə məhz 20 ədədinə bağlandı (20-ci surədə danışıldı)?
Elmi-lədun araşdırmalarımız sübut edir ki, "Quran”ın düzülüşü təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Qeyd edim ki, 20 ədədi lədun elmində sehr, tilsim rəmzi sayılır. Araşdırmalarımız göstərir ki, magik təsirə (sehrə, caduya) məruz qalmış insanların yuxusuna girən ədəd ən çox 20 (!) ədədi olur. Belə adamlar səfər ərəfəsində yuxuda ya 20 nömrəli marşurutda getdiklərini görürlər, ya da kiminsə onlara 20 manatlıq əskinaslar verdiyini görürlər. Nəticədə real həyatda onların səfərləri baş tutmur (uğursuz olur), yaxud, gözlədikləri yerdən onlara pul verilmir. Bunun elmi-lədun yozumu odur ki, belə yuxu görən şəxsin magik təsir səbəbindən yolları bağlıdır.
Musa əleyhissəlamla cadugərlərin qarşılaşma səhnəsində diqət çəkən digər məqam onların meydana yığdıqları ip və qamışların ilana çevrilməsidir. Sual yaranır: bu əşyalar niyə başqa heyvana deyil, məhz ilana çevrildi?
Araşdırmalarımız göstərir ki, ilan neqativ auraya malik olduğundan bu gün də magiya ilə ilə məşğul olanlar ən çox bu heyvanın müəyyən orqanlarından (dərisindən və s.) istifadə etməklə insanlara neqativ təsir göstərirlər. Bu cür təsirə məruz qalan insanlar isə, yuxuda ən çox gördüyü heyvan məhz ilan olur.
"(Cadugərlər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman bu kitablardan pis məqsədlə istifadə etmədiyi üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: "Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə cadugərlər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirlər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirlər. Həqiqətən, onlar (cadugərlər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” "Quran”, "İnək” surəsi, 102-ci ayə.
Allah əməlisaleh bəndələri şeytanların və şeytababənzər adamların fitnə-fəsadından qorusun. Amin.