Müəllimlərin maaş artımı gündəmdədir- Nazirlə müsahibə+Video

Müəllimlərin maaş artımı gündəmdədir-  Nazirlə müsahibə+Video

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Ans-ə müsahibə verib. 

Sfera.az qafqazinfoya istinadən həmin müsahibəni təqdim edir:

- Mikayıl müəllim, nazir təyin olunduğunuz vaxtdan iki ildən bir az artıq vaxt keçib. İslahatlara başlamızdınız o vaxt. Demək olarmı ki, artıq hansısa mərhələ arxadadır? İslahatların müəyyən vaxtlarından danışanda nəyi bitmiş, nəyi hələ bitməmiş hesab etmək olar? 

- Mən düşünürəm ki, bu gün islahatların başa çatdırılmasından danışmaq çox tezdir. Amma Azərbaycan Respublikasında tam şəffaf şəkildə müəllimlərin ümumtəhsil məktəblərinə işə cəlb olunmasına işarə edə bilərik. Keçən həftə bu proses tam başa çatıb. 20 mindən çox ərizəçi respublikada olan 3 mindən çox məktəbdə olan vakansiyalara iddiaçı idi. Bunlardan 2200 müəllim tam şəffaf və peşəkar imtahan nəticəsində iş yeri əldə edib.

- Hansı sahədə daha çox problemlərlə üzləşdiniz?

- Biz ali təhsildə keyfiyyət və kəmiyyət göstəricilərinin tarazlaşmasında maraqlıyıq. Son 20 il ərzində Azərbaycanda ali təhsil ocaqlarına qəbul olunan tələbələrin sayı 2 dəfədən çox artıb. Özü də, bu o şəraitdə baş verib ki, həmin 20 illə müqayisədə bizim məzunlarımızın sayı azalıb. Buna baxmayaraq, biz ali təhsil müəssisələrimizə daha çox tələbə qəbul edirik. Sadə dillə desək, əgər biz 90-cı illərin əvvəllərində hər 100 şagirddən 15-16 faizi ali təhsilə qəbul edirdiksə, keçən 2014-cü ildə bu göstərici 37 faizə yaxın bir rəqəmə qalxıb. Yəni, biz hər 100 şagirddən 37 şagirdi ali təhsil müəssisələrinə qəbul etməyə başlamışıq və bugünkü gün ali təhsil sistemində - Azərbaycan Respublikasının universitetlərində 160 min tələbə təhsil alır.

- Pul veririk ki, bizə təhsil verməsinlər. Mən istəyirəm ki, bizim beynimizdə nəhayət belə bir dəyişiklik baş versin ki, biz pul verək ki, bizə təhsil versinlər. 

- Biz artıq buna görə bir sıra islahatlar həyata keçirmişik ki, onları mən xatırlatmaq istəyirəm. Birincisi, gənc istedadların müəllimlik peşəsinə gəlməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub. Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500 baldan çox toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd ödəyirik. 

İkincisi, müəllimlərin əmək haqqının qaldırılması prosesi və bunun respublikada orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması gündəmdədir. Hətta təhsilin inkişafı üzrə strategiyada konkret rəqəmlər göstərilib və biz orada qeyd etmişik ki, müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindəyik. Bu, əlbəttə ki, peşə seçiminə böyük təsir edəcək.

- Təhsilin gələcəyindən, gördüyünüz işlərdən, aparılan islahatlardan danışırıq. Bütün bu aparılan işlərin nəticəsində artıq elan etmək olarmı ki, “Təhsildə rüşvət yoxdur”!? 

- Son iki il ərzində nazirliyin müvafiq strukturlarının gördüyü işlər nəticəsində onlarla məmur, məktəb direktoru, təhsil rəsmisi vəzifəsindən azad edilib. Bir çox işlər üzrə cinayət işləri açılıb və başa çatdırılıb. Bəzilərinə dair hökmlər də var ki, bu barədə aidiyyati qurumlar hər zaman ictimaiyyəti məlumatlandırır. Ən əsası bu proses davam etdiriləcək. Yəni bu kampaniya xarakterli yox, daimi olan bir prosesdir və ildən-ilə bu istiqamətdə bizim səylərimiz gücləndirilməlidir.

- Amma, hər halda, Azərbaycan vətəndaşı, Azərbaycan adamı pul vermək istəyir və verir. Mən, düzü, təsəvvür edə bilmirəm ki, hansısa məktəb direktoru gəlib Mikayıl Cabbarova konvertdə nəsə versin. Mən bunu ağlıma belə gətirmirəm və yəqin ki, tamaşaçılarımız da mənim kimi bunu ağlına belə gətirmir. Amma kimlərəsə verirlər yəqin. Bir halda ki, bu vermək istəyən insanlar var, bəlkə onların bu rüşvət vermək, pul vermək, hörmət etmək xüsusiyyətindən, qabiliyyətindən Azərbaycan təhsilinin maraqları üçün istifadə edək? Yəni bu adamlar pul vermək istəmirlər!? Qoy versinlər qapalı məktəblərə. Necə ki, Britaniyada, İsveçrədə özünün forması, qapısı, pəncərəsi, hətta xüsusi diplom təqdim etmə mərasimləri fərqli olan məktəblər var. Bəlkə, belə məktəblərin sayını artıraq? Onda adamların müraciət etməyə ünvanları çox olacaq, bir növ inhisar yavaş-yavaş yığışdırılacaq, insanlar sərbəst şəkildə öz biliklərini, bacarıqlarını bazara çıxaracaqlar və indi kimlərinsə vaxtından gəlib bu günə çatan qeyri-qanuni məktəb “toçkaları” - piştaxtaları aradan çıxacaq. İnsanlar artıq sizin dediyiniz qaydada bilik almamağa görə yox, bilik almağa görə pul verəcəklər. 

- Statistika onu göstərir ki, Azərbaycanda bu gün 20-dən çox özəl təhsil məktəbi fəaliyyət göstərir. Orada oxuyan şagirdlərimizin sayı isə cəmi-cümlətanı 6 mindən bir az çoxdur, təxminən 6500 şagird. Bu ümumi respublikada təhsil alan şagirdlərin sayının 0,5 faizidir. Yəni, bizim cəmi yarım faiz övladlarımız özəl məktəblərdə oxuyur və bu məktəblərin əldə etdiyi resurslar, başqa sözlə təhsil haqqı dövlət tərəfindən təhsil üçün verilə bilən resurslardan dəfələrlə çoxdur. Bu, bir reallıqdır. Bu, tək Azərbaycanda belə deyil, amma bizim marağımız Azərbaycandır və biz Azərbaycan barədə danışırıq. Burada ana sual ondan ibarətdir ki, əgər eyni akademik səviyyəyə malik olan uşağın yüksək keyfiyyətli məzun kimi, qlobal iqtisadiyyatda rəqabətli bir kadr kimi yetişdirilməsində mövcud resursların, yəni, məktəbdə olan müəllimin səviyyəsi, əmək haqqısı, kompüter avadanlığı, laboratoriyaların və s. və ilaxır maddi texniki tərəfin önəmi var, yoxsa yox? Mən düşünürəm ki, elmi-praktiki nöqteyi nəzərdən bu əlaqəni inkar etmək qeyri-mümkündür. Başqa sözlə, böyük bir realizə edilməmiş potensial var, amma niyə bəs şagirdlərin 0,5 faizi özəl müəssisələrdə təhsil alır sualını biz verdikdə, mənim fikrimcə, burada əsas səbəb odur ki, o əlaqə, təhsilin dəyəri elə də asanlıqla olunmur və edilmir. 

- Hörmətli cənab nazirimizn ali təhsil müəssisələrinin rəhbərləri ilə münasibəti necədir? Yəni Azərbaycanın Təhsil Nazirliyi və ali təhsil müəssisələri arasında subardinativ münasibətləri mən soruşuram. Məsələn, naziri də, rektoru da prezident təyin edir. Belə olan halda, sizin bir nazir olaraq hansısa rektor üzərində təsiriniz, nəzarətiniz nə dərəcədə nəzərə çarpacaq və ya belə demək olarsa, “nazirə çarpacaqdır”? Yəni, Azərbaycan ali təhsil naziri Azərbaycanın istənilən ali məktəb rektorundan yuxarı vəzifəli bir şəxs olaraq özünü necə hiss edir? 

-Siz bilirsiniz Azərbaycanda bir çox ali təhsil müəssisələrinin rəhbərlərinin funksiyaları, təkcə müəssisəyə rəhbərliklə məhdudlaşmır. Bir çox seçki dairələrində vətəndaşlarımız o cümlədən ali təhsil müəssisələrinin rəhbərlərinə etimad göstəriblər və onlar millət vəkilləri kimi fəaliyyət göstərirlər. Elə insanlar var ki, onlar həm rektor vəzifəsini daşıyır və həm də aktiv elmi fəaliyyətlə məşğuldurlar. Elə insanlar da var ki, onlar hətta Azərbaycanın beynəlxalq siyasətində, digər ümumi və dövlət, ictimai maraqları olan sahələrdə fəaliyyət göstərirlər.

Mən bunları ona görə xatırladıram ki, Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsinin rektoru münasibətinə gəldikdə bu müəyyən mənada o səviyyəyə uyğun olan münasibətlərdir. Bəli, təbii olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisələri Təhsil Nazirliyinə tabedir. Yəni, həm akademik nöqteyi nəzərdən, həm də tədris prosesində bu, belədir. Amma təhsil o sahədir ki, o dəyərdir ki, bu sahədə həmin o münasibəti texniki tabelik kimi qəbul etmək və bu tabeliyi gözləmək olmamalıdır. Burada aparılan diskussiyalar da, verilən qərarlar da, olunan tənqid də bir məqsəd daşımalıdır və bu məqsəd Azərbaycan təhsilinin keyfiyyətinin artırılması, müvafiq ali təhsil müəssisəsinin fəaliyyətinin təkmilləşməsindən ibarətdir. Bugünkü gündə bir təhsil naziri kimi mən rektorlarla münasibətlərdən şikayətçi deyiləm. Kiminsə işini biz daha yüksək qiymətləndirirk, kiminsə işini o qədər də yox. Hardasa biz hesab edirik ki, subyektiv səbəblər daha çoxdur və onların aradan qaldırılmasında universitet rəhbərlərinin rolu daha çox olmalıdır.

- Azərbaycanda peşə və vəzifə arasında həmişə mübarizə gedib. Həmişə mübarizə gedib. Peşə vəzifədən geri qalıb və həmişə insanlar vəzifəyə can atıblar. Məsələn, bu günləri mənə deyəndə ki, Azərbaycanda işsizlik, filan, belə söhbətlər mənə çatmır. Ona görə ki, bizdə peşəkar kadrlara ehtiyac var. Azərbaycanın elə yeri yoxdur ki, orada bu saat peşəkar kadrlara ehtiyac olsun və dərhal da onu yerinə yetirsinlər. Bax, bu saat biz sizinlə oturub dalbadal on dənə vəzifə sadalaya bilərik, iş yeri sadalaya bilərik ki, harda ki, bizim çox güclü baş direktora ehtiyacımız var, yaxşı baş mühasibə ehtiyacımız var və sair və ilaxır. İndi bir halda ki, peşəkarlara ehtiyac var, peşəkar sözünün kökü də “peşə”dir. Mənim də yadıma gəlir ki, sovet zamanının axırlarına qədər bizdə texniki peşə məktəbləri var idi, sonra deyəsən bu kollec oldu, hətta bu texniki peşə məktəblərinin özlərinin yataqxanaları var idi. Mənim yadımdadır, hətta onların elanları gedirdi - “Bakı” qəzetində, Azərbaycan Televiziyasında. Sonradan bu peşə məktəbləri bir sinif olaraq aradan çıxdılar. Təhsil naziri olaraq yəqin ki, siz bu peşə məktəblərinin dirçəldilməsinə hansısa bir formada maraqlı olmalısız. Bu istiqamətdə hansısa işlər görülürmü? Çünki insan çörək qazanmalıdır. Yoxdur müəllim yeri, yoxdur prokuror, neçə gömrük işçisi olacaq ki? Amma peşə hər yerdə peşədir və hər dəfə bunlara ehtiyac var. 

- Peşə təhsil məktəblərinin fəaliyyətində ənənəvi olaraq ən böyük problem nə olub? Birinci problem ondan ibarət olub ki, biz yenə də təhsilin və peşənin dəyərindən danışaq. Bura cəmiyyət tərəfindən kifayət qədər aşağı prestijə malik olan bir istiqamət kimi baxılıb. Yəqin ki, bunun səbəblərindən biri odur ki, bizim təhsil sistemizdə peşə təhsil sisteminin digər təhsil səviyyələri ilə, misal üçün orta ixtisas kollecləri və ya ali təhsillə bağlantısı olmayıb. Müəyyən mənada, bu yolu seçmiş insanın gələcəkdə öz təhsilini davam etmək imkanı kifayət qədər məhdud olub. Biz bu təhsil pillələrinin inteqrasiyasının təmin edilməsi üçün lazım olan işləri başa çatdırırıq.

İkinci, çox mühüm məsələ budur ki, Sovet İttifaqının son illəri və müstəqillik illərinin ilk illəri dövründə obyektiv və subyektiv səbəblərə görə bu sahəyə ehtiyac olan maddi-texniki bazanın itirilməsidir. Burada subyektiv səbəblər hamıya məlumdur. Onları mən bir daha sadalamayacağam. Hərc-mərclik, özbaşnalıq və s. Obyektiv səbəblərdən isə ən mühümü və böyüyü odur ki, bizim qaçqın və köçkün düşmüş soydaşlarımızın yerləşdirilməsi üçün ən çox istifadə edilən sahə məhz təhsil sahəsi olub. O təhsil sahəsinin çərçivəsində də peşə təhsil müəssisələri, onların yataqxanaları, ali təhsil məktəblərinin yataqxanaları, yəni kifayət qədər maddi-texniki baza o məqsədlərdən çıxarılaraq başqa məqsədlərə, cəmiyyət, dövlət üçün o zaman daha mühüm olan sahələr üçün istifadə olunub.

Nəhayət, peşələrdə həm müəllimlərin, həm də ixtisasdan və peşədən gəlmiş insanların cəlb olunması vacibdir. Çünki yaxşı qaynaqçını yalnız yaxşı qaynaqçı təlim edə bilər, yaxşı ustanı yalnız yaxşı usta və s. Eyni zamanda, iqtisadiyyatın strukturu dəyişdikdə peşə standartlarının hazırlanması da dəyişir. Standart dedikdə yəni, bizə deyilir ki, qaynaqçı məzun olanda bu kimi bacarıqlara malik olmalıdır və ya avtonəqliyyatla işləyən mütəxəssis bu kimi biliklərə malik olmalıdır. Reallıq ondan ibarətdir ki, biz standartlarla, sənədlərlə tanış olanda aşkarladıq ki, bir çox peşə standartları tam təzədən hazırlanmalıdır. Yəni konkret misal ondan ibarətdir ki, biz gördük ki, bu gün heç istifadə etmədiyimiz və yaxud Azərbaycan bazarında ya azlıq təşkil edən, ya da ümumiyyətlə istehsaldan çıxarılan hansısa avtomobillərin ustalarını buraxırıq. Kimin üçün biz onları buraxırıq? Əgər o maşın artıq heç Rusiyada belə buraxılmırsa, bu usta bazara çıxandan sonra həmin biliyini hansı maşınlara tətbiq edəcək? Yəni peşə standartı dəyişməlidir ki, o bugünkü günə və ya bəlkə də sabah üçün yazılmalı və bilik verməlidir ki, o peşə məktəbini bitirən mütəxəssis də asanlıqla iş tapa bilsin, onun bacarığı tələb olunan olsun. Çünki o insanı götürmək istəyirlər ki, işi bilir. Yenə də burada həqiqi təhsillə, təhsil sənədi arasında müşahidə etdiyimiz fərq fenomenini görürük.

- Mikayıl müəllim, mən sizi kifayət qədər uzun müddətdir tanıyıram. İqtisadi İnkişaf Nazirliyində işlədiyiniz dövrdən də, İçərişəhərdə meriyanın rəhbərliyində olduğunuz dövrdən də. Bilirəm ki, sizin fəaliyyət zonanızda baş verən hadisələr çox çevik bir şəkildə bizə gəlib toxunurdu. Yəni biz nəticələri dərhal hiss edirdik. Təhsil Nazirliyində fəaliyyətinizin nəticələrini dərhal hiss etməyimizdən danışa bilmirəm, çünki dərhal hiss etmirəm. Ona görə, soruşmaq istəyirəm məqsədiniz nədir və bu məqsədə siz niyə belə təkamül yolu ilə gedirsiz? Bəlkə, hansısa inqilabi addımlar atmaq lazım idi? 

- Mənim ali məqsədim ondan ibarətdir ki, bizim təhsil sistemimiz Azərbaycanın elə məzunlarını və vətəndaşlarını formalaşdırsın ki, onlar dayanıqlı şəkildə bizim ölkəmizin sosial-iqtisadi inkişafını və firavanlığını təmin edə bilən insan kapitalı olsun. Qlobal iqtisadiyyatda rəqabət apara bilən və o rəqabətdə uğur qazana bilən dövlətin vətəndaşları və yüksək keyfiyyətli peşəkarları olsun. Tamamilə aydındır ki, bu, bir sıra yanaşmaları və bilik-bacarıqları tələb edir. Hansını ki, biz istədiyimiz qədər və yaxud istədiyimiz keyfiyyətdə təhsil sistemimizdə ya verməmişik, ya da verə bilməmişik. Bunları mən sıralayası olsam, birincisi xarici dildir. Azərbaycan böyük regional dövlətlər arasında yerləşən bir dövlətdir. Bizim sosial-iqtisadi münasibətlərimiz, bizim iqtisadi strukturumuz, bizim inkişafımız, müəyyən mənada elmi naliyyətlərdən vaxtında məlumatlı olmağımız, bunu öz iqtisadiyyatımızda öz faydamız üçün tətbiq edə bilməyimiz böyük həcmdə, böyük şəkildə bizim vətəndaşlarımızın, bizim məzunlarımızın xarici dillərin bilməyi ilə birbaşa olaraq bağlıdır. Bu, bir alətdir.

- Orta təhsilin 12 illiyə keçidi cəmiyyətdə müəyyən qədər müzakirə olunan mövzudur. Elə mən bura gələndə, məsələn, bizim işçilərimizdən birinin çox ürəklə, həvəslə və eyni zamanda həyəcanla verdiyi sualdır. Nə verəcək bu 12 illik təhsil bizə? Dala salacaq bizi yoxsa qabağa salacaq bizi? Nə ilə bağlıdır? 

- Dünyada cəmi 26 ölkə qalıb ki, orada ümumtəhsil müddəti 11 il və yaxud 11 ildən azdır. Dünyanın bütün digər ölkələrində təhsil müddəti 12 il və 12 ildən çoxdur. Bu, sadəcə olaraq, bir faktdır. Səbəb nədir, nəyə görə son 15-20 ildə bu artım baş verməyə başlayıb? Çünki bizdə əvvəl ümumtəhsil 10 il olub. Biz oxuduğumuz dövrdə onu 11 il elədilər. Bunun müxtəlif səbəbləri var. Əsas səbəbi ondan ibarətdir ki, dünya ildən-ilə getdikcə daha rəqabətli olur və s. Tam rahatlıqla deyə bilərik ki, bugünkü orta məktəb məzunu – dünyada, Azərbaycanda yox, bir az kənara çıxaq – 20 il bundan öncəki orta məktəb məzunundan daha çox bilir. Öz biliklərini daha yaxşı tətbiq edə bilir, daha çox xarici dil bilir, daha çox informatika-kompüter biliklərinə malikdir. Daha çox funksional fəaliyyət üçün hazır olan bir məzundur və s. 

- Uğurlu təhsil, uğurlu övlad və dolayısıyla uğurlu dövlət. Sonda uğur dövlətindir. Dövlət öz hesabına xaricdə müəyyən tələbələr oxudur. Onların bir çoxu qayıtmır. Bu, sirr deyil. Onların qayıtmaması, yəni əvvəlcədən dövlət onları göndərəndə bu riski nəzərə alırmı?

- Tələbələrin bəziləri qayıtmır. Qayıtmır o demək deyil ki, onlar siyasi sığınacaq istəyir və orada qalır. Bizdə proqramda belə hal yoxdur. Onlar uğurlu iş təklifi alırlar. Azərbaycan vətəndaşını, Azərbaycan tələbəsini şərti olaraq Almaniya, İngiltərə, Türkiyə, Amerika Birləşmiş Ştatlarına – rəqabətli, daha yüksək təhsil sisteminə malik olan ölkələrə göndəririk. Yəni biz zəif ölkələrə göndərmirik. O əmək bazarında bu tələbəmizin, bu vətəndaşımızın uğur əldə etməsi və iş yeri qazanması – bu, öz-özlüyündə, bəlkə də, pis hal deyil. Lakin siz bu sualı nəyə görə haqlı olaraq verirsiniz? Çünki bizim əsas məqsədimiz ondan ibarətdir ki, biz o kadrları yetişdirək və onlar gəlib ölkənin inkişafına töhfə versin. Ya dövlət vəzifəsində, ya özəl sektorda bizim iqtisadiyyata qatılsın, qovuşsun və bizim inkişafımızı sürətləndirsin və təmin etsin. Ona görə biz burada, hesab edirəm ki, uğurlu addımlar atırıq. Biz bu məzunların iş yeri ilə təminatı mövzusunu prioritetlərdən biri kimi seçmişik. Bu ildən başlayaraq biz dövlət proqramı çərçivəsində Azərbaycanda özəl və dövlət şirkətlərində əmək təcrübələri tətbiq edirik. Onlar artıq öncədən öz işə götürdüklərini tanıyır, seçimdə biz buna üstünlük veririk. Çünki öncədən seçim olanda həmin o kadrın Azərbaycanda sonra harada çalışacaq sualı verilmirdi. Biz bu gün bu sualı veririk. Bu gün seçimə gələndə mən, biz, bizim komissiyalar baxır ki, bu adamın iş yeri var, yoxsa yoxdur. Biz bunu gizlətmirik və elan edirik ki, daha çox magistrlara və “phd”lərə üstünlük veririk. Yəni artıq formalaşmış və iş yeri olan, öz sahəsində uğur qazanan və müəyyən mənada təkmilləşməyə getmək istəyən insana, nəinki bakalavra. Bugünkü vəziyyət ondan ibarətdir ki, kritik kütlə sayı olaraq onlar qayıdır. Onların təxminən 40 faizi dövlət qurumlarında işləyir.

- Qalanlara hansısa formada nəzarət varmı? Tutaq ki, adam gəlməyib, Londonda qalıb. Dövlət ondan istifadə edə bilirmi? 

- Ünsiyyət var, onlarla əlaqə var, onlar itirilmiş kadrlar deyil. Onların bəziləri bu gün, bəziləri də gələcəkdə, mən inanıram ki, Azərbaycana yenə də öz töhfəsini verən kadrlar olacaqlar – iş yeri yaratmaqla, öz uğurlarını əldə etməklə. Yəni mənə elə gəlir ki, biz buna geniş baxmalıyıq. İstənilən azərbaycanlının – Azərbaycan vətəndaşının beynəlxalq şirkətin idarə heyətində olması, beynəlxalq təşkilatın katibliyində çalışması, vəzifə qazanması, mənə belə gəlir ki, bizim ümummilli maraqlara prinsip etibarilə xidmət edə bilən bir məsələdir. Sadəcə olaraq, bizim onu düzgün şəkildə istifadə etmək imkanımızdan da asılıdır.

- Təhsil naziri olaraq, Mikayıl Cabbarov ölkənin bütün təhsil ərazisinə - onun hansı faizinə nəzarət edir? Yəni ki, bütün ölkənin təhsil sisteminə təhsil nəzarətinə - ən ucqara qədər Təhsil Nazirliyimizin nəzarət çubuğu gedib çatırmı? 

- Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən Bakı şəhər təhsil idarəsidir. Bakı şəhərində yerləşən məktəblər və əlavə olaraq kiçik sayda Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblər – sayı 50-dən çox deyil, ondan da azdır. O ki qaldı respublikanın bütün digər ərazisində - orada ikili tabelikdir. Rayon təhsil şöbələri fəaliyyət göstərir. Rayon təhsil şöbələri yerli icra hakimiyyətlərinin və Təhsil Nazirliyinin ikili tabeliyində fəaliyyət göstərir. Bu, o deməkdir ki, rayon təhsil şöbələrinin və dolayısıyla rayonların ərazisində yerləşən məktəblərin tədris-təlim, metodik prosesinə nəzarəti Təhsil Nazirliyi həyata keçirir. O ki qaldı digər səlahiyyətlərə, yerli icra hakimiyyətləri və s. nəzarət edir. Yəni müştərəkdir. Faktiki olaraq biz birgə çalışırıq. 

- Uzun müddət Azərbaycanda təhsil tənəzzül edən bir sahə kimi təqdim olunub. Bu, sirr deyil. Nəzərə alsaq ki, SSRİ-nin dağılmasından sonra bütöv bir period oldu ki, orta məktəbdə oxuyacaq, oxuyan uşaqlar, orta mətkəbin sonuncu sinfində oxuyan uşaqlar, ali məktəbdə oxuyan uşaqlar, gənclər, yeniyetmələr – hamısı meydanlarda idi. Bütöv bir nəsli biz itirdik, demək olar ki. O adamlar ali məktəbə necə girdilər, ali məktəbi necə bitirdilər, necə mütəxəssis oldular? Biz, sadəcə olaraq, onların fəaliyyətini sonra bizim başımıza gələn fəsadlarda gördük. Bu gün təhsil naziri Mikayıl Cabbarov əlini ürəyinin üstünə qoyub deyə bilərmi ki, nəhayət, Azərbaycan təhsilindəki bu tənəzzül periodu bitdi və Azərbaycan təhsili artıq stabil inkişaf yoluna qədəm qoyub. 

- Biz öyrətmək fəlsəfəsindən və mədəniyyətindən gələn bir cəmiyyətik. Bunun bir çox səbəbləri var. Yəqin ki, əsas səbəbi Sovet İttifaqında olan siyasi quruluşdur. Bizə öyrətməli idilər. Bizə o biliyi verməli idilər. Dövlət onu verməli idi ki, biz onu götürək. Lakin bu gün biz öyrənmək dünyasında, öyrənmək cəmiyyətində yaşayırıq. O bilik oradadır. Dövlət onu sənin üçün əlçatan edir. Amma sən onu özün götürməlisən. Belə demək olarsa, qəyyumçuluq psixologiyasından inkişaf-sahibkarlıq, iddiaçılıq, sözün yaxşı mənasında inkişaf yönümlüyə getməlisən və onu götürməlisən. 

- Təşəkkür edirəm, Mikayıl müəllim, çox sağ olun. Həm cəmiyyətimizə, həm jurnalistlərimizə geniş və kifayət qədər zəngin material verdiniz. Elə bilirəm ki, bu müsahibəni araşdıracaqlar və bəzi-bəzi postulatlarını uzun müddət müzakirə edəcəklər. Salamat olun, sağ olun. 

- Çox sağ olun. Təşəkkür edirəm.

Sfera.az


OXŞAR XƏBƏRLƏR