Moskvada Qarabağla bağlı kritik saatlar: Neçə rayon qaytarılacaq?
Bu gün Moskvada Dağlıq Qarabağla bağlı məsləhətləşmələr keçirilir.
Publika.az xəbər verir ki, məsləhətləşmələrdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də qurumun fəaliyyətdə olan sədrinin köməkçisi Anjey Kaspşik iştirak edir.
Bu, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə iyunun 20-də Sank-Peterburqda keçirilən prezidentlərin görüşündən sonra Qarabağla bağlı ilk toplantıdır.
Apreldə baş verən "dördgünlük müharibə” Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirdi. Mayın 16-da Vyanada görüş keçirildi. Vyana görüşü Dağlıq Qarabağa görə həmsədr ölkələrin - ABŞ, Rusiya və Fransanın birgə iştirak etdiyi nadir görüşlərdən idi. Görüşdən sonra münaqişənin həll ediləcəyinə dair ümidlər yarandı. Ardınca Sankt-Peterburq görüşü keçirildi. Qərb münaqişənin həlli açarının Rusiyada olduğunu qəbul etmişdi. Buna görə də Putinin məsələni yoluna qoyacağı haqda razılıq var idi. Sankt-Peterburq görüşündə bağlı qapılar arxasındakı müzakirələr də münaqişənin həll ediləcəyini - ərazilərin qaytarılacağını deməyə əsas verirdi. Hətta Ermənistanın "təmas xəttində nəzarət mexanizminin yaradılması” tələbinin qəbul edildiyi haqda deyilənlər də daha çox pərdəarxası proseslərin gizlətməyə hesablanmışdı.
Görüşdən sonra rəsmi Bakı təsdiqlədi: Münaqişənin həlli "mərhələli həll” planına uyğun həyata keçiriləcək; Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır; Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir; Qaçqınların geri qayıdışı təmin olunur; Ən sonda statusla bağlı referendum keçirilir.
Hər şey həll olunmuş kimi görünürdü. Lakin iyulun 17-də İrəvanda qiyamçıların polis binasını tutması ilə başlanan proses məsələni ləngitdi. Beynəlxalq vasitəçilər, əsasən həll prosesini üzərinə götürmüş Rusiya Sarkisyana daxili problemi həll etmək üçün vaxt verdi. Avqustun 10-da Sarkisyanın Moskvaya dəvət edilməsi bu vaxtın başa çatdığını deməyə əsas verirdi. Amma bütün bunlara baxmayaraq, proses yenidən dalana dirənib. Burada Qərbin də müəyyən rolunun ola biləcəyi ehtimalı var. İndi Moskvada keçirilən görüş adi məsləhətləşmələr kimi görünsə də, Rusiyanın prosesi yenidən canlandırmaq istəyinin bir hissəsi hesab oluna bilər. Xüsusilə Moskva Ankara ilə yaxınlaşaraq, regionda ən çox arzuladığı bloku yaratmaq istəyir. Bu blokda Ermənistan da mütləq iştirak etməlidir. Hansı ki, bunun üçün Qarabağ münaqişəsi həll edilməli və bölgənin problemsiz dövrü başlanmalıdır.
Belə vəziyyətdə münaqişənin Azərbaycan ərazilərinin qaytarılması çərçivəsində həlli mümkün ola bilər. Çünki rəsmi Bakı əks təqdirdə Ermənistanın iştirak edəcəyi blokda təmsil olunmayacağını açıq şəkildə bəyan edib.
Hesab etmək olar ki, Moskvadakı toplantı münaqişənin həllinə yeni təkan vermək məqsədi daşıyır. Daha dəqiq desək, Rusiya öz planı haqda Minsk qrupunun həmsədrlərinin mövqelərini öyrənir, həmçinin, atacağı yeni addımlar haqda onları məlumatlandırır.
Planın mediaya sızan detallarına görə, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ən çoxu 5-i, ən azı isə 2-i qaytarılmalı, daha sonra digər rayonların qaytarılması sürətli şəkildə həll edilməlidir. Bu proses tamamlanandan sonra qaçqınların qayıdışı və Qarabağın statusu məsələsi həll olunacaq.
Rusiyanın planında 5+2 variantının əsas olduğu deyilir. Bu varianta görə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ilkin mərhələdə qaytarılır. Daha sonra Kəlbəcər və Laçının 13 kəndi boşaldılır. Yalnız Laçın dəhlizi saxlanılır.
Rusiyanın planında hansısa ciddi dəyişiklik yoxdur. Çünki bu əvvəldən Ermənistanın da iştirakı ilə razılaşdırılıb. Güman ki, hansısa dəyişiklik kiçik detallarla bağlı ola bilər.
Moskva görüşü Dağlıq Qarabağ münaqişəsinin sürətli həll prosesinə təkan vermək baxımından önəmlidir.