Moskva-Ankara-Bakı geosiyasi oxu dünyanın güc mərkəzinə çevrilə bilərmi?-ekspert rəyi

Moskva-Ankara-Bakı geosiyasi oxu dünyanın güc mərkəzinə çevrilə bilərmi?-ekspert rəyi

"Moskva-Bakı-Ankara geosiyasi oxu daxilində ancaq səmimiyyətin olacağı, Kremlin imperiya təfəkküründən imtina edəcəyi təqdirdə, dünyanın göbəyi olan Avrasiyada Rusiyanın da daxil olduğu böyük bir ittifaq yarana bilər”

 

Sfera.az-a açıqlamasında bu sözləri Moskva-Bakı-Ankara geosiyasi oxunun gələcək perspektivləri barədə danışarkən politoloq Natiq Miri deyib.

Onun fikrincə, məhz səmimiyyətin olacağı təqdirdə, sözügedən geosiyasi oxun yaranması ilə dünyanın mərkəzi Avrasiya olar və bu məkandakı münaqişə ocaqlarına da son qoyula bilər:

 

"Bildiyiniz kimi, Ankara-Bakı-Moskva geosiyasi oxu avrasiyaçılıq ideyası kontekstində ortaya atılıb. Hansı ki, həmin ideyanın əsas təşəbbüskarlarından biri də Dugindir. O da Kkemlə yaxın ideoloji şəxslərdəndir. Əslində, Ankara ilə Moakvanın yaxınlaşmasında aparıcı fəaliyyətdə məhz Dugin kimi şəxslərin durduğunu da demək olar. Bu istiqamətdə konkret fəaliyyət də ortadadır. İdeoloji və nəzəri baxımdan belə bir geosiyasi ox hardasa cəlbedici təklif olaraq qəbul edilir. Ancaq bu o demək deyil ki, bütün məsələlərdə həmin üçlük arasında ortaq təsəvvür var. Belə bir şey yoxdur. Hətta Suriya məsələsində Ankara ilə Moskva arasında müəyyən ortaq fikirlər olsa da, bu ölkənin gələcəyi, Əsədin taleyi barədə Rusiya ilə Türkiyə arasında ciddi fikir ayrılığı mövcuddur. Ona görə də bu üçlükdən danışanda onu da nəzərə almaq lazımdır ki, onların ayrı-ayrılıqda hərəsinin özünün geosiyasi maraqları da var. Yürüdülən siyasət də məhz bu geosiyasi maraqlar kontekstində həyata keçirilir. Rusiya-Türkiyə-Azərbaycan üçlüyü daxilində əməkdaşlıq mövcuddursa və bu yaxınlaşma getdikcə daha isti məcraya yönəlsə də, bu heç də dərhal bütün problemlərin həlli anlamına gəlmir. Dağlıq Qarabağ problemini götürək. Bu problüem həm Azərbaycxan və Türkiyə, eyni zamanda, Rusiya üçün çox həssas bir məsələdir. Azərbaycan Qarabağ məsələsinə öz ərazi bütövlüyü və suverenliyinin təmin olunması kimi baxır və Türkiyə bunu birmənalı olaraq dəstəkləsə də, Rusiya həmin problemə Cənubi Qafqazda Bakı və İrəvana təzyiq mexanizmi kimi baxır. Düşünür ki, problem həll olunarsa, bu vəziyyət gələcəkdə Azərbaycanla Ermənistanın Rusiyanın orbitindən çıxmasına şərait yaradacaq. Şimal ölkəsində hələ də bu cür yanlış təsəvvür mövcuddur. Bu da imperiya təfəkkürüdür ki, belə düşüncə hələ də Rusiyaya regionda sözün əsl mənasında strateji müttəfiqini müəyyən etməyə imkan vermir. Hələ də Rusiya İrəvana ən yaxın strateji müttəfiqi kimi baxır. Ona görə hazırda sözügedən üçlük formatından danışılırsa, ən azından bir çox məsələlərə yanaşma tərzi dəyişməli və yeni bir ortaq təsəvvür formalaşmalıdır. Yəni məsələlərə Rusiya kimi imperiya təfəkküründən deyil, sözün əsl mənasında qlobal və regional səviyyədə təhlükəsizliyi təmin etmək üçün səmimi münasibətlər sistemini yaratmaqla bu cür avrasiyaçılıq ideyasını reallaşdırmaq mümkün olacaq. Əks təqdirdə, Rusiya özünün nüvəsi olduğu birliklərə heç zaman Türkiyənin daxil olmasına razılıq verə bilməz. Ona görə bu cür oxdan danışırıqsa, mütləq mənada Rusiyada imperiya təfəkküründən vaz keçilməsinə ehtiyac var. Bu baş verməyincə, Rusiya özünü vaz keçilməz dünya hegemonu qismində görməkdə davam edəcəksə, onda bu cür formatların heç bir önəmi qalmayacaq. Bunun üçün mütləq mənada ortada səmimiyyət və təhlükəsizlik naminə ən azından mənəvi istəklər olmalıdır. Hələliksə, bunu müşahidə etmirik.

Səmimiyyətin olacağı, Moskvanın imperiya təfəkküründən imtina edəcəyi təqdirdə, dünyanın göbəyi olan Avrasiyada Rusiyanın da daxil olduğu böyük bir ittifaq yarana bilər. Bu da dünyanın mərkəzinin Avrasiyada olmasına, dünyada yeni münasibətlər sisteminin formalaşmasına yol açar. 

Belə bir səmimilik Avrasiya məkanındakı bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ konfliktinin  sürətlə həll olunmasına da gətirib çıxara bilər. Bu da öz növbəsində qlobal səviyyədə bütün digər münaqişələrin həllinə də açar olar. Ancaq indilikdə bu real görünmür. Təəssüf ki, hələlik bunları görə bilmirik. Onun da kökündə dayanan məsələ dövlətlərin hər şeyə yalnız öz geosiyasi maraqları çərçivəsində baxmaq dayanır. Bu cür siyasət davam etdikcə, belə bir birliyi yaratmaq mümkün olmayacaq”.

 

Qeyd edək ki, son dövrlər Moskva-Bakı-Ankara geosiyasi oxu barədə daha çox danışılır. Moskvadakı Avrasiya İnteqrasiyası Elmi Mərkəzində "Moskva-Bakı-Ankara geosiyasi oxu. Ticari-iqtisadi əməkdaşlığın perspektivləri” mövzusunda keçiriləcən dəyirmi masada da bu amilə xüsusi olaraq toxunulub. Hansı ki, adları çəkilən üçlük çərçivəsində geosiyasi oxun yaranması gələcəkdə dünyanın güc mərkəzi rolunda da məhz həmin bölgənin çıxış etməsinə gətirib çıxara bilər. Bu addımın baş tutması həmçinin bölgədə olan münaqişə ocaqlarının, o cümlədən Dağlıq Qarabağ konfliktinin həllinə də ciddi təsir göstərər.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR