Minsk qrupunun son bəyanatı nəyə xidmət edir? – ŞƏRH

Minsk qrupunun son bəyanatı nəyə xidmət edir? –  ŞƏRH
Ötən gün ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.
 
Bəyanatda bildirilib ki, həmsədrlər Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Onlar Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal de-eskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 10 noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıblar.

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, son bəyanat konkret olaraq böhranı dərinləşdirməkdən ibarətdir:
 
"Minsk qrupunun məşğul olduğu münaqişə başa çatıb və bununla mandatı bitmiş hesab edilir. Azərbaycan tərəfi hüquqi-siyasi olaraq, Minsk qrupundan rəsmən imtina etməlidir. Həmsədrlərin dövlət sərhəddində baş verən insdentlərlə bağlı bəyanatı və onların vasitəçiliyi altında danışıqlar aparılmasına çağırması hüquqi və siyasi baxımdan yanlışdır. Çünki onlara belə bir mandat verilməyib.
 
Minsk qrupunun Qarabağda ermənilərin statusu ilə bağlı məsələni qabartması və bu aspketdə danışıqların aparılmasına gəldikdə isə, bu münaqişənin bitməməsi və yeni böhrana gətirib çıxara bilər. Ermənistan və Minsk qrupu həmsədrləri yekun sülh sazişi istiqamətində status məsələsində həmrəylik nümayiş etdirir. Bu istiqamətdə məsələnin BMT Təhlükəsizlik şurasına çıxarılması gözlənilir”.
 
Siyasi şərhçi Asif Nərimanlı isə burada iki əhəmiyyətli məqamın olduğunu qeyd edib:

"Birincisi, sərhəd gərginliyindən sonra Qarabağ məsələsinin arxa plana keçməsi, "fəaliyyət” göstərməkdə israr edən həmsədrlik institutunun da gündəminin dəyişməsidir. İkincisi, Minsk qrupunun Qarabağdakı reallığı qəbul etməyə məcbur olmasıdır. Rəsmi Bakı Minsk qrupuna artıq ehtiyac olmadığını, fəaliyyət göstərmək istəyirsə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə biləcəyini bəyan edib.
 
Diqqətçəkən məqamlardan biri də Rusiyanın Minsk qrupundakı həmsədrini dəyişməsidir. İqor Popovu İqor Kovayev əvəzlədi. Bu əvəzləmə Rusiyanın Minsk qrupuna münasibətinin də dəyişməsi kimi qəbul edilə bilər. Çünki ABŞ və Fransa həmsədrlərini mütəmadi dəyişsə də, Popov 2010-cu ildən bu postda idi və münaqişənin həllindən sonra dəyişdirildi. Moskva münaqişənin bitdiyi və Minsk qrupunun fəaliyyətinin humanitar, ikitərəfli münasibətlərin düzəldilməsi kimi məsələlərlə məhdudlaşdırılması mövqeyini bölüşür. Yeni rusiyalı həmsədrin fəaliyyəti də Minsk qrupunu bu istiqamətdə yönləndirmək ola bilər”.
 
Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR