Müsahİbə
Maqazİn

Milyarder qızıyla nişanlanan Anar Nağılbaz: Keçmiş keçmişdə qaldı - FOTO

Milyarder qızıyla nişanlanan Anar Nağılbaz: Keçmiş keçmişdə qaldı - FOTO
Sfera.az yeniçağ-a istinadla Anar Nağılbazla müsahibəni təqdim edir:

- Söhbətə başlamamışdan qabaq mistikaya inandığını dedin, həyatında nəsə baş verəndən sonra belə qənaətə gəldin, yoxsa?

- İnanmasam da bütün yollar gəlib mistikadan keçir. Xüsusən də rəqəmlərin mistikasına çox inanıram. Özüm 28 martda dünyaya gəlmişəm. Ölkəmizin yaranma tarixi 28 maydadır. Anam yanvarın 28-də, böyük qardaşım 28 iyulda doğulub.

- Toy günün də, deyəsən, ayın 28-ə təsadüf edib.

- Bu barədə danışmayaq. "028" ən uğurlu avtomobil nömrəm olub, bu maşınla bütün işlərim yağ kimi gedib.

- Rəqəmlərin mistikası daha çox bədbəxtlik gətirib, ya uğur?

- Sırf 28 olaraq uğur gətirib, amma 2+8=10 uğursuzluq gətirib. Desəm inanmazsınız, Sovet pasportumun nömrəsi 701999 idi, tərsinə çevirəndə alınırdı 666.

- Bunu özlüyündə necə qəbul etdin: şeytanın səni yoldan azdırması kimi, yoxsa?

- Bəlkə də ola bilər. Çexiyada olanda psixoloq tapşırdı ki, bir heykəlcik düzəldim. Özümdən asılı olmayaraq, şeytan obrazı yaratdım. Başıma gələn uğursuz günlərin başlanğıcında o heykəl çatladı.

- Niyə məhz şeytan obrazı? Şeytanla nə əlaqən?

- Mən Allaha bağlı insanam. Bəzən özümüz də bilmədən taleyimizi yönləndiririk. Bu mövzuda dərinə getmək istəmirəm.

- Şeytan səni yolundan azdıra bildimi?

- Gəlin yaxşı şeylərə köklənək. Bir də ki, səhvsiz insan yoxdur. Heç kəs deyə bilməz ki, şkafında skletlər yoxdur.

- Həyatının ən böyük səhvini nədə görürsən?

- Səhv günaha aparan yoldur. İnsanlar çalışmalıdır ki, səhvlər günaha çevrilməsin. Mən nəslimlə-nəcabətimlə fəxr edən insanam. Ürəyimin saflığına görə, başıma bir çox hadisələr gəldi.

- Elə bir səhvin olubmu ki, ona görə ürəyində özünü danlamısan?

- Bəzən haqqımda danışırlar ki, narkotika aludəçisi olmuşam. Yəqin siz də bunu nəzərdə tutursunuz. 1993-cü ildə "Narkodünya" mahnısını tanıtdım. Ayın 20 gününü zalları dolduran adam olmuşam. Bir narkotika aludəçisini, yəqin ki, ora buraxmazdılar. Piramidaların niyə yarandığını bilən yoxdur. Bu barədə çox vaxt susmaq lazımdır. Amma etiraf edirəm ki, həyatımda günah iş görməmişəm.

- Sənin anlamında günah nədir ki?

- Xəyanət, cinayət, ölkəsinə, ailəsinə təhqirdir günah, valideynlərini satmaqdır.

- Valideynlərin repi seçəndə, sənə xeyir-dua veriblər?

- Atam məni jurnalist kimi görmək istəyib. Nəslimizdə incəsənət adamı olmayıb.

- Heç nə vaxtsa sənə əl qaldırıb?

- Vaxtilə olub. Ancaq yaxşı məqamlar da olub, mənimlə fəxr etdiyi məqamlar... Deyib ki, bu repi yaxşı yazmısan, buna görə mənə yaxşı sözlər dedilər.

- İndi münasibət necədir?

- Normal.

- Hansı hərəkətinlə atanın hörmət-izzətinə xələl gətirmisən?

- Məlum hadisələrə görə.

- Məzəmmət etdimi?

- Məni tanıyan dostlar və əzizlərim qarşısında üzr istəyirəm. Amma hər şey düşündükləri kimi deyil. Sadəcə, bu barədə susmaq istəyirəm.

- Bu məsələdən sonra  intihar etmək istəmisən deyirlər...

- Bəzi sürükləyici məqamlar olur. Beldən vurulan bıçaq zərbələri bəzən intihara gətirib çıxarır. Çalışıram iradəli olum. Düşmənləri sevindirmək olmaz. Hamıda bu hiss var. Elə özünüz, heç olmayıb ki, "yorulmuşam" deyəsiniz?

- Hər gün deyirəm... İntiharın hansı növü rahat ölüm sayılır?

- Bax bu yaxşı sualdır, xoşuma gəldi. Kaş atam 1991-ci ildə, yeniyetmə dövrümdə mənə elə bir sillə çəkəydi ki, repi seçməyəydim.

- Sualı cavabsız qoydun?

- Kəndir, şah damar. Başa düşdüz də. Ancaq bu gün intihar etmərəm. Ona görə yox ki, qorxuram. Sadəcə olaraq bu gün xoşbəxtəm, yanımda sevdiyim qadın var. O demək deyil ki uşaqlarımı atmışam, xeyr. Lazım gəlsə, mübarizəyə də hazıram. Sadəcə mən müharibə adamı deyiləm.

- Sənin anlamında sevgi nədir?

- Sevgi heç bir çətinliyə baxmadan onunla bərabər bu həyatı yürüməkdir. Kişi bir qızı sevəndə o xanımda anasının bir parçasını axtarır. Həmçinin qız da sevdiyi oğlanda atasının xüsusiyyətlərini görmək istəyir. Zindanda 15 il yatır, qadın namusla oturub gözləyir, övladlarını böyüdür. Qadın da var əksinə.

- Həyatında neçə "dəli" sevgi yaşamısan?

- 2000-ci ildə milyarder qızı ilə nişanlı oldum. İndiyə təyyarəm, yaxtam, Kremldə evim var idi. Əla bir kişinin qızı idi. Bir il nişanlı oldum. Nişanım toylar kimi keçib. Abşeron mehmanxanasını bağlatdırmışdıq.

- Niyə alınmadı?

- Piramidalar susur (gülür).

- Daha nə oldu? Nə soruşuram, susmaqla cavab verirsən...

- Müəyyən məqamlarda mübarizlik göstərmək lazımdır. Biz müharibə adamı deyilik.

- Qız qaytardı nişanı, yoxsa sən?

- Hadisələr elə gətirdi ki, anlaşıb ayrıldıq. Kişilər 40 yaşdan sonra əsl sevgini tapır. Mən indi sevdiyim xanımla xoşbəxtəm. Əsas olan budur. Keçmiş keçmişdə qaldı.

- Heç Allahla ünsiyyət qurursan? Yaxud da günahlarına görə bağışlanmağını istəyirsən?

- "Qulp" verilişində jurnalist Mübariz milyoner Cənnət Əliyevə sual verdi ki, bütün dinlərdən keçib gəldin, axırda yenə müsəlman oldun? Cənnət dedi ki, xeyr. Mən o insanam ki, insan dinlərdə yox, dinlər insan qəlbində qərar tutur. Molla var arağın küpünə girir, dindən danışır. Adam da var, araq içir, amma Allaha səcdə edir. Hər şey qəlbdən başlanır. Viktor Hüqonun sözüdür ki, Tanrı insanın vicdanıdır. Yaradıcılığımdan danışmaq istəyirəm, olar?

- Əlbəttə olar...

- Yeni bir film çəkirik. Dostların dəstəyi ilə ərsəyə gələcək. İntihar barəsində bir ekran işidir. Öz ssenarim əsasında çəkilir, filmin rəssamı da dostum Nazimdir. Elə o da ssenaridə mənə kömək edib.

XƏBƏR LENTİ