Millət vəkili Yaponiyada

Millət vəkili Yaponiyada

Millət vəkili Qənirə Paşayeva Yaponiyanın paytaxtı Tokioda "Dünya qadınlarının Davos”u kimi tanınan Ümumdünya Qadın Sammitində iştirak edib.

Sfera.az xəbər verir ki, dünyanın 50 ölkəsindən 1000-dən artıq qadının qatıldığı sammitdə qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyat və biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparılıb.

Sammitdə Azərbaycanla, onun tarixi, mədəniyyəti, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər, Dağlıq Qarabağ problem də iştirakçıların diqqətinə çatdırılıb.

Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 25 ildən artıqdır öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur.

Q.Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə bağlı da məlumat verib.

Millət vəkili ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb və gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlərin gözlənildiyini deyib.

Azərbaycanın iqtisadi inkişafı barədə danışan Q.Paşayeva tədbir iştirakçıları və işgüzar xanımları Azərbaycana dəvət edib.

Sammitdə qadınların iqtisadi həyatının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilib.

Tədbirin açılışında Yaponiyanın Baş naziri Sinzo Abe, Xarici İşlər naziri Fumio Kişida, Tokio meri Yurika Koike, sammit prezidenti İrene Natividad, Filippinin vitse-prezidenti xanım Leni Robrido, Vyetnamın vitse-prezidenti Danq Zi Ngoc Zin və bir sıra yüksək səviyyəli rəsmi şəxslər çıxış edərək, qadınların dünyanın hər yerində bütün sahələrdə rolunun daha da genişləndirilməsi üçün görüləsi vacib işlər barədə təklif və layihələrlə çıxış ediblər.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR