Millət vəkili koronavirusla bağlı təkliflər verdi
Gənc millət vəkili Bəhruz Məhərrəmov rəsmi facebook səhifəsinddə seçicilərinə müraciət ünvanlayıb
Sfera.az həmin müraciəti oxucularına təqdim edir:
"Əziz dostlar, hörmətli seçicilərim.
Milli Məclisin bu günkü iclasında çıxış edərək seçicilərimizi maraqlandıran bir məsələnin hökumət qarşısında qaldırılmasını Parlament rəhbərliyindən xahiş etdim.
Bildiyiniz kimi, koronovirus təhlükəsinin qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycanla İran arasında gediş-gəliş tam məhdudlaşdırılmışdır. Bu özlüyündə çox müsbət addımdır və virusun ölkədə yayılmaması üçün həlledici qərarlardan biridir. Lakin bu qərar sərhədyanı rayonlarımız, bu qəbildən seçildiyim Biləsuvar rayon sakinləri üçün əlavə problemlərə yol açıb. Belə ki, ərzaq və gündəlik tələbat malları İranda daha münasib qiymətə olduğu üçün, Biləsuvar sakinləri (eləcə də digər sərhədyanı rayonlar) bu tip məhsulları şəxsi istifadə həddində İrandan tədarük edirdilər. Sərhədlərin bağlanması ilə vətəndaşlar ucuz məhsul almaq imkanından məhrum olmuşlar. Təbii ki, mən dövlətin qərarını dəstəkləyirəm. Lakin hesab edirəm ki, insanları da başa düşməliyik və Biləsuvar və analoji rayonlarımızda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərinin ucuzlaşması üçün vergilərin götürülməsi, azaldılması və s. kimi kompensasiya edici addımlar atılmalıdır. Tədbirlərin qısamüddətli olmasını nəzərə alaraq bu məsələnin dövlətimiz üçün elə də ciddi xərclərə səbəb olmayacağı qənaətindəyəm.