Möhsün xan Müqəddəm - incəsənətin pasibanı

Möhsün xan Müqəddəm - incəsənətin pasibanı
 Ənvər Çingizoğlu

    Möhsün xan əslən Marağalıdır. Bu vilayəti I Şah Abbasın hakimiyyəti dönəmindən qacarlara  qədər idarə etmiş Müqəddəm elinə bağlıdır. Müqəddəmlər 1606-cı ildə I Şah Abbas Səfəvi tərəfindən Qarabağdan Marağaya köçürülmüşdülər.
    Möhsün xanın atası Tağı xan (1862-1927) Əhməd şah Qovanlı-Qacarın sarayında təşrifat rəisi olmuşdu. Rəsmi qonaqları qarşılanmasına məsul idi. O, bir müddət Məmləkəti-Məhrusəyi-Qacariyyəni İsveçdə səfir kimi təmsil etmişdi. 
 
   Möhsün xan Tağı xan oğlu Müqəddəm 1900-cü ildə Tehran şəhərində doğulmuşdu. Fransada ali təhsil almışdı. I Dünya müharibəsi dönəmində Tehrana dönmüşdü.  
   
Möhsün xan Müqəddəm ədəbiyyatla maraqlanırdı. Şeir yazır, nəsrlə də ilgilənirdi. Dramaturq olan qardaşı Həsən xanın ilk oxucularından idi. 
Möhsün xan Müqəddəm bütün varlığını incəsənətə həsr etmişdi. Bu sahədə böyük əhəmiyyətli işlər həyata keçirirdi.  O, həm də çox bacarıqlı təşkilatçı idi. Tehran universitetində rəssamlıq fakültəsi yaratmışdı. Təqaüdə çıxana qədər həmin universitetdə sənətşünaslıqdan dərs demişdi. İranda  incəsənət üzrə ixtisasçı kadrların yetişdirilməsi sahəsində uzun illər səylə çalışmışdı. 
Möhsün xan Müqəddəm qədim İran incəsənətinin bilicilərindən idi. Bu istedadlı tədqiqatçı İran mədəniyyətinin xarici ölkələrdə təbliğində əhəmiyyətli rol oynamışdı. O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı və məruzəçisi olub, İranın sərhədlərindən çox-çox uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin təşkilində yaxından iştirak etmişdi. Luvrda qədim İran incəsənət eksponatlarını sərgiləmişdi. 
  Möhsün xan Müqəddəm İran sənətşünaslığında təsviri sənətin ən müxtəlif problemləri haqqında dolğun və ətraflı tədqiqat işi aparan, tədqiqatlarını çoxsaylı kitablar, məqalələr və kataloqlar şəklində ictimaiyyətə təqdim edən alim kimi tanınır.
   O, təsviri sənət sahəsində həm də bir çox elmi tapıntılara nail olmuş mütəxəssis kimi tanınır. Onun 1969-cu ildə nəşr olunmuş "İran incəsənətii” kitabı apardığı tədqiqatın nəticəsində işıq üzü görüb.
   Bütün həyatı boyu yaradıcılıq fəallığı nümayiş etdirməsi, mətbuat və digər kütləvi informasiya vasitələrində təsviri sənətin təbliği ilə davamlı olaraq məşğul olması  onu digər  həmkarlarından həmişə fərqləndirmişdi. Bir çoxları kimi o, yaradıcılıq fəaliyyətini yalnız çalışdığı elmi müəssisənin planları çərçivəsində məhdudlaşdırmamışdı. Arxeoloq kimi tez-tez  yollanır, qazıntı aparırdı. Onun apardığı tədqiqatlar nəticəsində Neolit, Eneolit, Tunc, İlk Dəmir, Antik və Orta əsrlərə aid yüzlərlə abidə qeydə alınmış, arxeoloji araşdırmalarla İran tarixinin bir çox qaranlıq səhifələri işıqlandırılmışdı. M. Müqəddəmin başçılıq etdiyi ekspedisiya hələ XX əsrin 50-80-ci illərində aşkar edilərək elmi dövriyyəyə daxil edilmiş abidələrlə yanaşı, bir sıra yeni abidələri qeydə almışdı. Onun ekspedisiyası  Gilan abidələrin qeydə alınması və xəritələşdirilməsi istiqamətində də işlər aparmışdı. Orada xronoloji baxımdan Neolit dövründən orta əsrlərə qədərki geniş tarixi mərhələni əhatə edən 200-ə yaxın abidənin koordinatları müəyyən edilmiş, yerüstü materiallar toplanmış, bəzi abidələrdə isə yoxlama şurfları qoyulmuşdu. 
  Möhsün xan Müqəddəm atadanqalma evini muzeyə çevirmişdi. Bu ev saray timsalında idi. Xeyli otaqları var. Onun kolleksiyasında İran tarixinin müxtəlif dövrlərinə aid eksponatlar  sərgilənir. Məşhur sənətşünas ömrünün 40 ilini sərf edərək yaratığı bu muzeyi xalqın intellektual səviyyəsinin göstəricisi, milli sərvəti hesab edirdi. Elmi ezamiyyət və ekspedisiyalardan, İranın bütün bölgələrindən keçən səfərlərindən yadigar qalan eksponatların hər biri elmin inkişafı, tarixi tədqiqatlar baxımından dəyərlidir.  
 
Möhsün xan Müqəddəm 1988-ci ildə vəfat edib.
 
Möhsün xan Səlma adlı bir fransız xanımla ailə qurmuşdu.


OXŞAR XƏBƏRLƏR