Cəmİyyət

MÜHARİBƏ variantı gündəmə gələcək? - Moskva görüşündən gözləntilər

MÜHARİBƏ variantı gündəmə gələcək? - Moskva görüşündən gözləntilər
Moskva görüşündəki danışıqlar ya sülh prosesinə böyük təkan verəcək, ya da sülh məsələsini birdəfəlik dəfn edəcək.

Bu gün Moskvada keçiriləcək Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşünü dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlamasında deyib ki, bu görüşdən hər hansı nəticə əldə olunacağına inam çox azdır:

"Ermənistan tərəfinin məntiqsiz iddiaları yenə də müzakirə predmetinə çevrilsə, danışıqlar nəticəsiz bitəcək. Bu zaman inanmıram ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşün təşkil edilməsi üçün təşəbbüs göstərilsin. Müharibə variantı alternativ kimi dərhal gündəmə gəlməlidir. Azərbaycan ermənilərin nazı ilə sona qədər oynaya bilməz”.

Politoloq istisna etmir ki, danışıqlar prosesini üzərinə götürən Moskva 5 rayon məsələsini yenidən gündəmə gətirməyə çalışacaq:

"Amma bu məsələ Azərbaycana xeyri olmayan bəndlərlə müşayət olunsa, yenə də konsensus əldə olunmayacaq. Ancaq Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonların qaytarılması prosesi heç bir şərtə bağlanmasa, (bunun ehtimalı çox azdır) sülh prosesi irəliləyə bilər”.

Q.Hüseynli qeyd edib ki, görüş ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonoyanın səfeh açıqlamalar verməsi bu görüşün nəticəsini bəri başdan ortaya qoyub:

" Paşinyan hətta növbəti dəfə Brüsseldə Ermənistanın təcavüzkar siyasətinə haqq qazandırmağa çalışdı. Təəssüf ki, bu dəfə də Avropa Şurasında Ermənistan rəhbərliyinin iddialarına münasibət göstərilmədi. Doğrudur, Paşinyan beynəlxalq aləmi çaşdırmaq üçün Avropa səfərində sülhdən danışdı, özünü  "sülh carçısı” kimi göstərməyə çalışdı. Bu isə onların növbəti hiyləgər addımı idi. Digər tərəfdən, Paşinyanın həyat yoldaşı Anna Akopyan da müharibə olacağı təqdirdə, əlinə silah alıb ön cəbhədə oğlu ilə birgə vuruşacağı ilə bağlı qadına yaraşmayan açıqlama verdi. Bir sözlə, mürəkkəb situasiya yaranıb. Moskva görüşünün nəticə verməsinə inam az olsa da, ümid var”.

Hərbi ekspert Üzeyir Cəfərov saytımıza açıqlamasında bildirib ki, XİN rəhbərlərinin görüşündə nəticə əldə olunmasa, müharibənin başlama ehtimalı realdır:


"Artıq danışıqlar prosesinə son vermək lazımdır. Bu danışıqlar sadəcə erməni siyasi rəhbərliyinin öz ağalarının məsləhəti ilə ortaya atdığı və hələlik uğurla istifadə etdiyi hiyləgər addımdır. Aydın məsələdir ki, bu danışıqlar Ermənistan üçün vaxt udmağa və öz daxili məsələlərini həll etməyə imkan yaradır. Bu cür görüşlər yüzlərlə olub, ancaq ortada nəticə yoxdur”.

Ü.Cəfərov vurğulayıb ki, Qarabağda real döyüş əməliyyatlarının başlaması Azərbaycanın hüququdur:

"Döyüş əməliyyatlarının başlaması istənilən an mümkündür. İstənilən halda, Azərbaycanın bir əsgərinin burnunun belə qanaması bizim üçün qəbuledilməzdir. Onlar hamısı Azərbaycanın genefondudur. Erməni əsgəri ölmək istəmirsə, bizim torpaqlarımıza gəlməməlidir. Onlar hazırda işğalçı statusundadır”.

Hərbi ekspert qeyd edib ki, dünyada danışıqlar yolu ilə torpaq azad etmək kimi təcrübə yoxdur və ya çox az olub:

"Buna görə də Moskvada keçirilən görüşün hansısa nəticə verəcəyini düşünmürəm. Faktiki olaraq bu gün xristian birlikləri, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər, ATƏT sədrinin şəxsi nümayəndəsi Kaspirşik sırf erməni maraqlarından çıxış etməklə məşğuldur”.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində aparılan danışıqların növbəti mərhələsi bu gün baş tutacaq. Xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Moskvada bir araya gələcək.redaktor

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930