Məşhur idmançı qayınatasını niyə döyüb?

Məşhur idmançı qayınatasını niyə döyüb?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirmədə təqsirləndirilən kikboksinq üzrə 5 qat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Ehram Məcidov sərbəst ifadə verib. E. Məcidov deyib ki, qayınatasının onun haqqında dediklərinin hamısı cəfəngiyyatdır. Onun sözlərinə görə, 2008-ci ildə ailə qurub və ailəsində heç bir söz-söhbət olmayıb: 

"Narazılıqlar ev məsələsinə görə başladı. Bu hadisələrin baş verməsində nə yoldaşım, nə də qayınatam günahkardır. Əsas günahkar qayınanamdır. Bütün söhbətlər, problemlər onun dediklərindən sonra baş verib. Bu kişi heç kimdir, arvadı nə deyibsə, bu da onu eləyib. Problemlər ondan başlayıb ki, anası qızına deyib ki, tələb elə, Ehram aldığı evi sənin adına keçirsin. Mənim üçün bu, problem deyildi. O ev mənim ailəmin, uşaqlarımın evidir, o da uşaqlarımın anasıdır. Sadəcə, o evin sənədi – çıxarışı yox idi. Mən özüm də orada qeydiyyatda deyildim, müvəqqəti olaraq, qayınatamgilin evinə qeydiyyata düşmüşdüm. Yoxsa təbii ki, yoldaşımın adına keçirərdim. Bu məsələdən başlayan söz-söhbətdən sonra daim bizim evimizdə narazılıqlar olmağa başladı. Elə olurdu, qayınanam zəng eləyib, yoldaşıma nəsə deyirdi, bundan sonra yenə söz-söhbət başlayırdı. Sanki bizim evimizdə sakitlik olmasını istəmirdi”.

Ehram Məcidov qayınatasını ittihamlarına da cavab verib:

"Bu kişi deyir ki, guya mən evə gəlib demişəm ki, pəncərələri bağlayın, polis gələcək, məni güdürlər. Biz 16-cı mərtəbədə qalırıq. 16-cı mərtəbəyə pəncərədən polis girəcək ki, deyim, pəncərələri bağla? Ailədi, söz-söhbət olar. Qayınanam bizim şəxsi məsələlərimizə çox müdaxilə edirdi. Qayınatam deyir ki, guya, uşaqlarımın yanında əlimdə qayçı-bıçaqla həyat yoldaşıma hücum eləmişəm. Yalandır. Belə hadisə olmayıb. Bir dəfə yoldaşımla aramızda söhbət oldu. Yoldaşım girdi hamama, qapını bağladı, anasıyla danışdı. Bir az keçdi, polislər gəldi. Soruşdum ki, nə məsələdir? Tez qayınanam və qayınatam gəldi, soruşdum kimdi şikayətçi? Soruşa bilərsiz ki, orada yoldaşım məndən şikayətçi olub, yoxsa yox. Məsələn, qayınanam deyirdi ki, uşaqlar gəlsin bizə. Aparıb qoyurdum, sonra uşaqları qaytarmağa qoymurdu ki, qalacaqlar burada. Qayınanam uşaqları tam özündən asılı eləmişdi, oğlum nə anasına yaxın gəlirdi, nə də mənə. Dəfələrlə deyirdim ki, nəvələrinizi istəyirsiz, siz də gəlin bizə. Bu söz-söhbətlər davam elədi".

O deyib ki, həyat yoldaşı və uşaqları qayınatasının evinə gedəndən sonra məhkəmə bildirişləri almağa başlayıb, artıq yoldaşı ondan boşanıb:

"Mənə məhkəmə bildirişləri gəldi boşanma, mülk bölgüsü ilə bağlı. Mən uşaqlarımı görmək istəyirdim. Uşaqlarımı göstərməklə bağlı mənə ciddi problemlər yaratmağa başladılar. Məhkəmə prosesləri davam etdikcə dəfələrlə barışığa cəhd elədim, istəmirdim ailə dağısın. Hər dəfə mən getdikcə, onlar mənə qarşı kobudluq elədi. Uşaqlara görə zəng eləyirdim, açmırdılar. Ona görə bir dəfə məcbur olub getdim evlərinə, qapını açmadılar. Getdim bağçaya. Orada uşaqları maşına qoyub, götürüb apardılar. Qayınatam yalan deyir, mən onları təqib eləməmişəm. Maşında uşaqların hədiyyələri də var idi. Bunlar düşəndə mən də mədəni şəkildə yaxınlaşdım. Qayınatam qışqırdı, maşınımın şüşəsini, güzgüsünü sındırdı. Orada nəzarət kamerası var, görüntüləri alın, görək mən onun üstünə orada maşın sürmüşəmmi? İcra şöbəsində Bəxtiyar adlı şəxs vardı, ona zəng eləyirdim uşaqları görmək üçün. Həftədə iki dəfə idi, sonra bir dəfəyə saldılar. Yenə də bir söz demədim ki, söhbət olmasın. Uşaqlar üçün zəng eləmişəm, deyirlər, biz Qazaxdayıq, sentyabrda gələcəyik. Qayınatamgil bacımgillə qonşudur. Bacımgilə gələndə onu gördüm. Qayınatama dedim ki, bəs Qazaxda idiniz? Belə söhbətləri məni uşaqlardan ayırırdılar. 

Axırıncı dəfə uşaqları icra şöbəsinə gətirdilər. Qayınanam və qayınatam da orada idi. Otaqdan çıxıb, uşaqlarımla söhbət eləməyimə imkan vermirdilər. Uşaqları mənə qarşı öyrədirdilər. Vüqar orada idi, icraçı, o da onlara dedi ki, çıxsınlar. Amma fikir vermədilər. Oğlum mənə dedi ki, sən yaxşı ata idin, sonra pis ata oldun. Dedim axı niyə? Nə qədər ki, siz mənim yanımda idiniz, mən yaxşı ata idim. Sonra biz bir-birimizdən ayrı düşdük, sən məni pis ata kimi görürsən. Bu yenə uşaqların yanında müdaxilə elədi, məni təhqir eləməyə başladı. Əsəbiləşdim, ona dedim ki, uşaqların yanında mənimlə işin olmasın. Yenə başladı təhqiramiz ifadələr deməyə. Əsəbiləşdim. Bu, mənə əl atdı. Mən əlini tutdum, sifətinə bir neçə zərbə vurdum, qaldı yerdə. Məndə beşbarmaq olmayıb. Mən orada istəsəydim, ona elə zərbə vurardım, heç bir daha qalxa bilməzdi. Fikirləşdim ki, bununla ağlı başına gələr, məndən əl çəkər. Mənim ayağımdan tutub, itələməyə başladı. Orada stullara dəydim, sol ayağım zədələndi, şalvarım cırıldı. Mən arxası üstə qapıya dəydim, qapı açıldı. Vüqargil gördülər, ayağımdan dartırdı. Məni ayırdılar, bir otağa gətirdilər”.

Məhkəmə prosesi fevralın 26-da davan etdiriləcək.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR