Məşhur bazar sökülür? -FOTOLAR

Məşhur bazar sökülür? -FOTOLAR
Avtomobil Yolları Dövlət Agentliyi Bakıxanov qəsəbəsində  yollara  asfalt çəkir; sakinlər isə buradakı ticarət mərkəzlərindən şikayətçidirlər... 
"Bircə bu ”talkuçka"nı da köçürsəydilər, lap əla olardı. Amma çətin söksünlər. Yarım metrə yolu genişləndirməklə tıxaclar düzəlməz, qardaş...". Hələ də Stepan Razinin adı ilə çağırılan Bakıxanov qəsəbəsindəki eyniadlı ticarət mərkəzi haqda danışan həmsöhbətimiz Vüqar belə fikirləşir.

O, bizə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakıxanov parkından düz ticarət mərkəzinə qədər yolların qaşınıb asfaltlanmasına, beton səkilərin  yenilənməsinə hazırlığı əli ilə göstərib danışır ki, görülən abadlıq camaatın ürəyincədir: "Axır ki, Bakıxanov yollarına əncam çəkilir. Görürsünüz də, parkdan ”Razin talkuçkası"na qədər gediş-gəliş bütün yollar qaşınıb, təzəsi çəkilir. Yolu da bir az genişləndirib, təzə səki daşları  qoyacaqlar. İntəhası, bu yol qırağındakı köşklər, balaca dükanla bir az geri çəkilməliydi, ticarət mərkəzi tamamilə sökülməliydi. O vaxt Sabunçu Rayon İcra Hakimiyyəti istədi "talkuçkanı” köçürsün, düz də edirdi. İmkan vermədilər. Yarmarkanın sahibi bir tərəfdən, ticarətçilər o tərəfdən ayağa qalxdı. İndi yarmarkanın yan-yörəsi geyim mağazaları ilə doludur. "Ucuzluq” dükanları ticarət mərkəzini "mühasirəyə” alıb. Heç "talkuçka”ya gedib nəsə alan yoxdur. Nə mənası var oranın? Orda işləyənlər də ziyan edirlər. Yer pulunu güclə verirlər. Onları yerlə təmin eləsinlər, bazarı söksünlər. Bura elə genişlənər, bir dəqiqə tıxac olmaz".

Hazırda Bakıxanova texnika yeridilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, sürücülər üçün alternativ yollar qoyulub, köhnə səki daşları çıxarılır, yolların asfaltlanmasına başlanır.

Sakinləri və sürücüləri sevindirən bu işlərə baxmayaraq, tıxaclar tam aradan qalxmayacaq. Çünki ticarət obyektləri, "Razin talkuçkası”nın geniş bir ərazini "zəbt” etməsi, avtobus dayanacağının olmaması  hər gün tıxaclara səbəb olur. Bu bazar 20 ildən artıq müddətdir ki, fəaliyyət göstərir.

Onlarla mağaza sahibi müflis olaraq dükanlarını bağlayıb. Alış-veriş etməyə gələnlərin sayı azaldığından mağaza sahibləri "çörək puluna” işlədiklərini deyirlər.

Elə ticarət mərkəzində müşahidə apardığımız müddətdə bunun şahidi olduq. Alıcı demək olar ki, gözə dəymirdi, satıcıların isə gözləri müştəri axtarır.

1995-ci ildən fəaliyyət göstərən ticarət mərkəzinin çətin günlərini yaşadığını deyirlər. Mağaza sahibləri icarə haqqını ödəyə bilmədiklərindən ticarət mərkəzinin rəhbərliyinə xeyli borcları yaranıb.

Sahibkarların alverdən qazandıqları icarəhaqqını ödəməyə ancaq çatır. Hətta ticarət mərkəzinin bağlanacağı ilə bağlı söz-söhbətlər yaranıb.

"İş yoxdur. Elə gün olur ki, bir manat da qazanmıram. Heç kim gəlmir. Bilmirəm necə olacaq. Neçəsi dükanları təhvil verib gedib. Ziyana işləməyin mənası nədir? Günə 10-15 manat qazananda sevinirik. Ətrafda çoxlu mağazalar açıldı, o da bizə ağır zərbə oldu. Çünki camaat ora qaçır. Bazar rəhbərliyi də bilir ki, alver dayanıb. Amma bizə bir yol göstərilməlidir. Deyirlər ki, buranı köçürsünlər. Yaxşı, əvvəlcə bizə yer ayrılsın, sonra sökülsün. Metroda işləyənlərin çoxuna şərait yaradıldı, çörəksiz qalmadılar” - deyə, buradakı satıcılardan biri gileylənir.

Onun sözlərinə görə, ticarət mərkəzinin sahibi Fərhad Mirzəyev buranın köçürülməsinə imkan vermir. Bazarın sökülməsinə cəhd göstəriləndə rayon rəhbərliyi ilə danışıqlar oldu, səliqə-sahman yaradılacağı vədi verildi.

Amma bazarın girişindəki lövhələr, əlavə artırmalar, səkilərin zəbt olunması göz qabağındadır. Ticarət mərkəzinin "Neftçilər” metrostansiyasına gedən və gələn istiqamətlərində, eləcə də Qaraçuxura gedən yolda hər gün tıxaclar var. Heç kəs yaxınlıqdakı ucuz mallar satılan mağazaları qoyub bu bazara girməz. Odur ki, ticarət mərkəzinin işləməsi ancaq tıxaclara səbəb olur. Bakıxanov bazarı "Azəribiznes” adlanan qurumun tərkibində fəaliyyət göstərir, 4 hektarlıq ərazini əhatə edir. Yarmarkaya bitişik bir neçə ticarət obyekti tikilib. Onların da "Razin talkuçkası”nın rəhbərliyinə aid olduğu söylənir.

"Azəribiznes” şirkətinin baş direktoru Vahid Abdulov bir müddət əvvəl açıqlama vermişdi ki, burada yüksək səviyyəli, respublikada analoqu olmayan ticarət mərkəzi açmaq fikrindədirlər: "1200-dən çox satıcı işləyir. Buradakı işçilər, əsasən qaçqın və məcburi köçkünlər, Gürcüstandan gələn soydaşlarımızdır”.  Amma onun verdiyi vəd reallaşmadı, yeni bazar açılmadı.

Hətta V.Abdulov bazarın rəhbəri Hacı Fərhad Mirzəyevin ticarətçilərə güzəşt edəcəyini açıqlamışdı. Amma göründüyü kimi, nə alıcılıq qabiliyyəti artıb, nə bazarda canlanma var, nə sahibkarlara hansısa dəstək...

Hələlik isə AAYDA Bakıxanovun yollarını qaşıyaraq yenidən qurur, demək olar qəsəbənin siması tam dəyişməkdədir, di gəl bir-birinə yaxın ticarət obyektlərinin yaratdığı sıxlıq, nəqliyyatın hərəkətində xaos, dayanacağın olmaması, çığır-bağır, siqnal səsləri, tör-töküntü mənzərə, piyadaların yolunu kəsən səkilərə qoyulan reklam lövhələri görülən işləri kölgədə qoyur, eybəcər mənzərə yaradır..."Yeni Müsavat”






OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...