Mərkəzi Bank sərt pul-kredit siyasətinə keçir – Faizlər bir qədər də artırıla bilər
12:09 / 18.09.2021
1307
Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin sentyabrın 17-də uçot dərəcəsini artırdı.
Mərkəzi Bankın uçot dərəcəsini artırmasına səbəb ölkəmizdə bu ilin ilk 8 ayında orta illik inflyasiyanın hədəf diapozonunun maksimum həddinə çatması, 12 aylıq bahalaşmanın isə avqustda diapozonun maksimum həddini keçməsidir.
Sfera.az xatırladır ki, Mərkəzi Bankın əsas məqsədi ölkədə qiymət sabitliyini təmin etməkdir. Bu məqsədə uyğun olaraq qurum hər il müəyyən diapozon daxilində hədəf müəyyənləşdirir və qiymətlərin həmin çərçivədə qalmasına çalışır. Qiymətlər çərçivənin xaricinə çıxdıqda Mərkəzi Bank sərt və ya yumşaq tədbirlər görür. İnflyasiya diapozonun aşağı həddindən az olarsa, Mərkəzi Bank yumşaq pul-kredit siyasətini gücləndirir, qiymətlər yuxarı həddi keçdikdə isə sərt pul-kredit siyasətini həyata keçirir.
Qurum 2021-ci ildə inflyasiyanın 2-6 faiz diapozonunda dəyişəcəyini hədəfləyib və bütün tədbirlərini də qiymətlərin bu hədəf çərçivəsində qalmasına uyğunlaşdırıb. Amma nəticələr göstərir ki, Mərkəzi Bankın monetar tədbirlərinə baxmayaraq, qiymətlər hədəfin maksimum həddini keçib. Xüsusən ərzaq qiymətlərində artım hədəfdən daha çox uzaqlaşıb.
Təbii ki, bu vəziyyətdə Mərkəzi Bankın ilk işi faizləri artırmaqdır. Faizləri qaldırmaqda məqsəd borclanma xərclərini bahalaşdırmaq və bununla tələbi, yəni alıcılıq qabiliyyətini zəiflətməkdir. Bu məqsədə uyğun olaraq əmanət faizlərinin yüksəlməsi, kreditlərin, xüsusən də istehlak kreditlərinin faizlərinin artması, pul bazasında artımın məhdudlaşdırılması, hətta azaldılması mümkündür.
Uçot dərəcəsinə bu ilin oktyabrın sonunda yenidən baxılacaq. Bahalaşma sürəti bir qədər də güclənərsə, Mərkəzi Bank böyük ehtimalla uçot dərəcəsini yenidən artıracaq.
Belə bir ehtimalın baş verməsi real görünür. Çünki qiymət artımları aybaay bir qədər də güclənir. İllik müqayisədə qiymətlər yanvarda 3,3 faiz artdığı halda avqustda 6,7 faiz artıb. Proqnoza görə 12 aylıq inflyasiyanın növbəti aylarda 7,5 faizə çatması ehtimalı var.
Qeyd edək ki, bu il əsas məhsulların bəzilərində 12 aylıq bahalaşma sürəti 6 faiz və ya ondan çox olub. Ərzaq məhsullarından çörəyin qiyməti 5,7 faiz, kərə və bitki yağlarının qiyməti 9 faiz, tərəvəzlərin dəyəri 29,1 faiz, şirniyyatın qiyməti 8,7 faiz artıb. Tütün 8,3 faiz bahalaşıb. Qeyri-ərzaq mallarında qiymətlər parçalarda 7,3 faiz, inşaat materiallarında 9,4 faiz, şüşə məmulatlarında 6,5 faiz, dərmanlar istisna olmaqla tibbi təyinatlı məhsullarda 6,9 faiz, yanacaq məhsullarında 20 faiz artıb.
Pullu xidmətlərdən su təchizatı 2 dəfə, kanalizasiya xidməti 2 dəfə, təbii qaz təchizatı xidməti 38 faiz, ev və məişət xidmətləri 5,8 faiz, hava məqliyyatı ilə sərnişin daşınma xidmətləri 42 faiz, bərbərxana və kosmetika xidmətləri 7,5 faiz bahalaşıb.
Vasif
Sfera.az