Mərkəzi Bank manatın devalvasiyası barədə qərar verəcək - EKSPERT
"Neft Fondunun büdcəsi ili təxminən 5 milyard dollar civarında kəsirlə başa vuracaq”.
Sfera.az-a açıqlamasında bu sözləri neftin qiymətinin ucuzlaşaraq, 35 ABŞ dollarına qədər düşməsi fonunda Azərbaycanı nələrin gözləyə biləcəyinə aydınlıq gətirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"Azərbaycanda icmal büdcə ətrafında problemlərin yaşanması gözlənilir. Bildiyiniz kimi, Dövlət Neft Fondunun (DNF) büdcəsi ayrıca təsdiqlənir. Onun da büdcəsi icmal büdcəyə daxildir. Büdcədə isə neftin qiyməti ortalama 55 dollardan götürülüb.Ona görə də yaranmış situasiyada icmal büdcədə problemlərin yaşanması ehtimalı daha böyükdür. Neftin qiyməti 40 dollar səviyyəsində olacaqsa, Neft Fondunun büdcəsi ili təxminən 5 milyard dollar civarında kəsirlə başa vuracaq”.
Ancaq ekspert büdcənin xərcləmə hissəsində ciddi problemin olacağını düşünmür: "Çünki Neft Fondundan büdcəyə nəzərdə tutulan transferlər olacaq. Belədə büdcə öhdəliklərinin yerinə yetirilməsində problem olmayacaq. 40 dollar civarında Ümumi Daxili Məhsulun (ÜDM) azalması da gözlənilir. Xarici ticarətdə isə mənfi saldo yaranacaq, idxal ixracı üstələyəcək. Ölkəyə gələn valyutanın həcmi azalacaq. Valyutaya olan tələbatın artımı fonunda manata basqılar artacaq. Ola bilər, yaxın həftələrdə Mərkəzi Bank manatın az da olsa devalvasiyası barədə qərar versin. Ümumilikdə, neftin kəsin ucuzlaşması Azərbaycanın reytinqinə, gəlirlilik səviyyəsinə, valyuta ehtiyatlarına mənfi təsir göstərəcək amilə çevriləcək. Çünki büdcə kəsirlə işləsə, Neft Fondu əvvəl yığdığı vəsaitdən 3 milyard dollara yaxınını xərcləməli olacaq. Bu da DNF-nin valyuta ehtiyatlarının azalması demək olacaq”.
Elçin
Sfera.az