Mərdan Camalovun tender “əjdəhaları” pula doymur- ÖZƏL ARAŞDIRMA

Mərdan Camalovun tender “əjdəhaları” pula doymur- ÖZƏL ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, müxtəlif dövlət qurumlarının büdcədən ayrılan dövlət vəsaitləri əsasında keçirdikləri tenderlərlə bağlı araşdırmalara başlamışıq.

2015-2016-cı illərdə keçirilən tenderlərin siyahısını incələyərkən diqqətimizi Şirvan şəhəri üzrə keçirilən tenderlər cəlb etdi. Belə ki, tender qalibi olan şirkətlərin əksəriyyəti ya eyni hüquqi ünvanda yerləşir, ya qanuni təmsilçisi eyni və ya bir ailənin üzvləridir, ya da qeydiyyat günləri eynidir. Öncədən bir reallığı qeyd etmək yerinə düşər ki, rayonlarda müxtəlif dövlət qurumlarının yerli nümayəndəlikləri tərəfindən elan edilən tenderlər birmənalı olaraq rayon rəhbərliyinin qərarı ilə nəticələnir. Yəni, rayonda heç bir qurumun büdcə xərcləmələri rayon icra hakimiyyətinin "xeyir-duası” olmadan həyata keçirilə bilməz. Bu baxımdan aşağıda qeyd edəcəyimiz pozuntu faktlarının hamısında Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun "payı”nın olmasına şübhə yoxdur. İndi isə keçək araşdırmalarımızın nəticəsinə.

Sirli ünvan: Şirvan şəhəri 1 may küçəsi, ev 112A

Şirvan şəhər İcra Hakimiyyətindən 2015-ci ildə Abadlaşdırılma və asfaltlaşdırma işlərinə 821 973 manat, 2016-cı ildə isə şəhər yollarının təmiri işlərinə 821383,84 manat – üst-üstə 1 milyon 643 min 356,84 manat alan Müstəqil Çoxsahəli "Muğan-1” firmasının imici kifayət qədər mənfidir. Belə ki, 2013-cü ildən bəri Hacıqabul rayon İcra Hakimiyyətindən yol çəkilişi və təmiri, digər tikinti-təmir işləri üçün milyonlarla manata vəsait alan bu firmanın gördüyü işlərin keyfiyyətsizliyinə, firmanın rəhbəri olan İlham Əzizli ilə Hacıqabul RİH-in başçısı Əhməd Muxtarov arasında qaranlıq sövdələşmələrin olmasına dair KİV-də saysız-hesabsız məlumatlar yer alıb.
Maraqlıdır ki, 2015-ci ildə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının ərzaq təchizatı Şirvanda fəaliyyət göstərən "Təchizat CİTY" MMC-yə tapşırılıb – 50460 manat müqabilində. Ötən il isə Ə.Muxtarov Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ərzaq alınması işini Şirvan şəhərində yaradılmış, burada fəaliyyət göstərən "Arsenal-SR” MMC-yə həvalə edib. Araşdırmalarımız göstərdi ki, "Təchizat CİTY" MMC Şirvan İcra Hakimiyyətindən irihəcmli sifarişlər alan "Stars-L” MMC, "Temp-MM”, "Xidmət+Təchizat” MMC-lərlə eyni hüquqi ünvanda yerləşir - Şirvan şəhəri 1 may küçəsi, ev 112A-da. 

Bir ailənin tender qələbələri

Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzinin 2016-cı ildəki alış-verişi isə bir ailə üzərində qurulub. Belə ki, ötən il Mərkəz fiziki şəxs Qəribov Elman Hacı oğluna dəftərxana və təsərrüfat malları üçün 28004 manat, mətbəə xərcləri üçün 13790 manat, Qəribova Ülviyyə Elman qızının hüquqi təmsilçisi olduğu "Hacıoğlu-E” MMC-yə idarənin xərcləri üçün 13790 manat, kommunal kommunikasiya xərcləri üçün 6840 manat, yenə hüquqi təmsilçisi Qəribova Ülviyyə Elman qızı olan "Meqa-Təchizat-2016” MMC-yə yumşaq inventarlar üçün 9875,6 manat verib. 

Bir adam, beş şirkət, müxtəlif dövlət qurumları

Şirvan Apellyasiya Məhkəməsi 2015-ci ildə elə həmin il qeydiyyatdan keçmiş "Elçin-2015” MMC-dən 29 900 manatlıq Kondisioner, kompyuter, kombi sistemi avadanlıqları tədarük edib. "Elçin-1986” MMC-yə isə İnventarların alınması və quraşdırılması işlərinin satın alınmasına görə 5390 manat ödəyib. 2016-cı ildə yenə "Elçin-1986” MMC Şirvan Apellyasiya Məhkəməsindən dəftərxana ləvazimatları üçün 9391,5 manat alıb. 
"Elçin-086” MMC isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bərk inventarlar üçün 49 000 manatlıq sifariş götürüb. Xəstəxana "Sevinc” MMC-dən 38 667 manatlıq yumşaq inventar, "Şahin-1” MMC-dən isə 49 520 manatlıq əsaslı təmir işlərini satın alıb. 

2016-cı ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanası Bərk inventarların satın alınması üçün yenə "Elçin-086” MMC-yə üz tutub - 47936 manat ödəməklə. Yumşaq inventarları da yenə də "Sevinc” MMC-dən 37 775 manat müqabilində əldə edib. 
Bu satınalmaları birləşdirən şübhəli məqam isə budur ki, "Elçin-2015”, "Elçin-1086”, "Elçin-086” MMC-lərin hər üçü Şirvan şəhəri, Xaqani 20, ev 52 ünvanında qeydiyyatdan keçib, hər üçünün qanuni təmsilçisi adına uyğun olaraq Babayev Elçin Güləhməd oğludur. 


2015-ci ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının digər satınalmaları da çox maraq doğurur. Belə ki, xəstəxana "Elem-5” MMC-dən həm məişət avadanlıqları(29520 manatlıq), həm də Avtonəqliyyat vasitələri üçün ehtiyat hissələri(9070 manatlıq) alıb. Nə hikmətdirsə, bu MMC Şirvan Müalicə Diaqnostika Mərkəzinə də ərzaq məhsulları tədarük edib – 28 000 manatlıq. 

Şirvan Mərkəzi Xəstəxanası camaşırların yuyulması işini 2 il dalbadal eyni şirkətə - "Şahin-1” MMC-yə həvalə edib. 2015-ci ildə bunun üçün MMC-yə 26520 manat, 2016-cı ildə isə 27359,5 manat ödənilib. Bundan əlavə, həmin MMC xəstəxanadan 2015-ci ildə cari təmir işləri üçün 7807 manatlıq sifariş də alıb. 
Xəstəxana 2015-ci ildə blank və dəftərxana ləvazimatları üçün "Progress" MMC-yə 66 979 manat, Təsərrüfat malları və materialları üçün "Aynur-M” MMC-yə 23 570 manat verib. 

Tenderi "udan” şirkət indi yoxdur, əvəzində...

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının 2015-ci ildə 187 min 543 manatlıq ərzaq və çörək məhsulları tədarük etdiyi MMC-nin adı tender siyahısında "Aran kompani MMC” kimi qeyd olunub. Vergilər Nazirliyinin sistemində bu adda MMC tapılmadı. Bu ada daha yaxın olan və Şirvanda qeydiyyatdan keçən şirkət "ARANKOMPLEKS-TTQT" MMC-dir. Siyahıdakı MMC-nin məhz "ARANKOMPLEKS-TTQT" olduğunu qəti söyləmək mümkün olmasa da, onun qanuni təmsilçisinin Həsənov Həsən Bayram oğlu olması bu ehtimalı gücləndirir. Belə ki, H.Həsənov Şirvan şəhər dövlət strukturlarından irihəcmli sifarişlərə sahiblənən "Xidmət+Təchizat” MMC-nin də qanuni təmsilçiliyini həyata keçirir. 
Şirvan Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı İdarəsi "Xidmət+Təchizat” MMC-yə avadanlıqlar üçün 12 780 manat, əkin materialları üçün 34 840 manat verib. Bu MMC-nin hüquqi ünvanı Şirvan Şəhər 1 may küçəsi, ev 112 A-dır. Həmin ünvanda qeydiyyatda olan digər MMC – "Stars-L”-in hüquqi təmsilçisi Həsənova Aynur Bayram qızıdır və onun da Şirvan İcra Hakimiyyətində "nüfuzu” böyükdür. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti 2015-ci ildə Şirvan Şəhəri, Şəhidlər xiyabanının, M.Ə.Rəsulzadə prospektinin, M.Ə.Rəsulzadə adına parkın, S.Vurğun adına bağın qarşısının, Xəqani 1,2,11,86 saylı binaların qarşısının abadlaşdırılması işlərinin satın alınması üçün "Stars-L” MMC-yə nə az, nə çox – düz 280 min 344 manat verib. 

İH-dən irihəcmli layihələr alan şəxslərin adı vergi cinayətkarları siyahısındadır

M.Camalov həmin ünvanda qeydiyyatda olan digər MMC-yə Şirvan şəhərində abadlıq və təmir işləri üçün 288 min 514 manat etibar edib. "Temp-MM” MMC adlanan bu şirkət 2015-ci ilin yanvarında qeydiyyatdan keçirilib. 
Daha bir maraqlı məqam budur ki, M.Camalovun rəhbərlik etdiyi İH və ona tabe olan qurumlardan irihəcmli sifarişləri alan H.Həsənovun adı 2210 manatlıq vergi borcuna görə ölkədən çıxışı yasaqlanan şəxslərin siyahısındadır – özü də məhz Şirvan tenderlərindən qalib çıxan "Xidmət+Təchizat” MMC-nin təmsilçisi kimi...
Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzinin 2015-ci ildə alver etdiyi 2 MMC-nin hüquqi təmsilçilərinin hərəsi bir neçə başqa şirkətin hüquqi təmsilçisi olaraq vergi borcuna görə 2016-ci ilin sonunda ölkədən çıxışına qadağa qoyulub. Bunlar Masallı rayonu Böyük Xocavar yaşayış massivində qeydiyyatdan keçən "Epidres” MMC və Lənkəran rayonu Vilvan kəndində qeydiyyatdan keçmiş "ALLİQATOR.M-2014” MMC-dir. 
Hüquqi təmsilçisi Quliyev Elçin Murad oğlu olan "Epidres” MMC Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzindən Dəftərxana və təsərrüfat malları üçün 28 200 manat, Mətbəə xərcləri üçün 14 000 manat, İdarənin xərcləri üçün 15 000 manat, kommunal-kommunikasiya xərcləri üçün 7000 manat – cəmi 64 200 manat alıb. Hansı ki, 10-a yaxın digər MMC-lərin hüquqi təmsilçisi kimi külli miqdarda vergi borcuna görə Vergilər Nazirliyinin təqdimatına əsasən E.Quliyevin ölkədən çıxışı yasaqlanıb. 
Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzindən Cari təmir işlərinə 9962,87 manat, Digər nəqliyyat xərclərinə 10000 manat, Yumşaq inventarların satın alınmasına 10000 manat, İnventarların satın alınmasına isə daha 10000 manat – cəmi 39962,87 manat alan "ALLİQATOR.M-2014” MMC-nin hüquqi təmsilçisi Əliyev Teymur Mömin oğlu isə təmsil etdiyi şirkətlərin sayına görə yəqin ki, rekord qırıb. Onun təkcə vergi borcu olan MMC-lərin siyahısında olan, hamısı Lənkəran Vilvanda qeydiyyatdan keçmiş 32 başqa MMC-yə də qanuni təmsilçilik etdiyi məlumdur. Bu borclara görə onun da Azərbaycandan kənara çıxışı qadağan olunub. 

2015-ci ildə Şirvan Şəhər Təhsil Şöbəsindən 2 məktəbə bərk inventar almaq üçün 41 360 manat alan "İnkişaf” MMC-nin qanuni təmsilçisi "A-Xidmət” MMC-dəki kimi Həsənov Əliheydər Allahşükür oğludur. Həmin "A-Xidmət” MMC ki, 2015-ci ildə Şirvan şəhər Təhsil şöbəsindən 7 məktəb üçün bərk inventar almaq sifarişini əldə edərək 92 437 manata sahiblənib. 
Həmin il bu şirkət Səhiyyə Nazirliyi Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzindən də inventarların satın alınması üçün 9846 manatlıq sifariş əldə edə bilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhər Əlillərin Bərpa Mərkəzi isə "A-Xidmət” MMC-yə ərzaq məhsulları üçün 22 157 manat verib. Və Ə.Həsənov "İnkişaf” MMC-nin vergi borcuna görə qanuni təmsilçi kimi ölkədən çıxışına "stop” qoyulan şəxslərdən biridir: Hazırda onun büdcəyə olan vergi borcu 10 min 848 manatdır. 

Ötən il Şirvanda bəxti üzünə gülən şirkətlərdən biri də 2016-cı ilin fevralında qeydiyyata alınan "İnter 55” MMC-dir. Şirvan Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı İdarəsi hüquqi təmsilçisi Rüstəmova Bəsdi adlı xanım, hüquqi ünvanı Şirvan şəhəri, M.Aydınov ev 2/10B olan bu gənc MMC-yə avadanlıqların satın alınması üçün 13 200 manat, Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üçün 15 360 manat, Şirvan Şəhər İcra Hakimiyyəti Kommunal Kombinatı Müəssisəsi Azqiymətli avadanlıqların, alətlərin bütün növləri və ya xidməti 1 ildən az olan avadanlıqların satın alınması üçün 8800 manat, Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üçünsə 10240 manat, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şirvan şəhər Dövlət Yanğından Mühafizə Dəstəsi Dəftərxana və təsərrüfat mallarının satın alınması üçün 6000 manat, Mədəniyyət və Turizm Nazirliyi Şirvan Şəhər Mədəniyyət və Turizm Şöbəsi Bərk inventarların satın alınması üçün 13 600 manat, Yumşaq inventarların satın alınması üçün 7330 manat, Dəftərxana və təsərrüfat mallarının satın alınması üçün 9420 manat, Avadanlığın satın alınması üçün 7400 manat, Maşın və avadanlığın satın alınması üçün 11480 manat – cəmi 102 830 manatlıq sifariş veriblər.

"İnter 55” MMC ilə eyni hüquqi ünvanda, amma ondan 1 il əvvəl qeydiyyatdan keçmiş, hüquqi təmsilçisinin adı Rüstəmov Əlibala Cəfər oğlu olan "Lokal” MMC isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Tibbi statistik forma və blankların satın alınmasına görə 15987,4 manat, Dəftərxana ləvazimatlarının satın alınmasına görə 33499,86 manat, Şirvan Şəhər Mədəniyyət və Turizm Şöbəsindən Əsaslı təmir işlərinin satın alınmasına görə 10536 manat, Cari təmir işlərinin satın alınmasına görə isə 15604 manat – cəmi 75627,26 manat alıb. 

Qarşı tərəfin mövqeyini verməyə hazırıq. 
 

AFN.az


 

OXŞAR XƏBƏRLƏR

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...

Dövlət başçısı: "Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir"

Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir.   Sfera.az xəbər verir ki, bu s...

Bəzi rayonlara yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Saat 16:30-a olan məlumata əsasən Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.   Bu barədə ...

Çexiyada may ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.   Sfera.az-a TASS-a istinadən xəbər verir k...

İlham Əliyev: "Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb"

Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. ...