Mənzilini satmaq istəyən vətəndaşlar necə dolaşdırılır? - Kimdir müqəssir: banklar, yoxsa nazirlik?

Mənzilini satmaq istəyən vətəndaşlar necə dolaşdırılır? - Kimdir müqəssir: banklar, yoxsa nazirlik?

Bakıda mənzillərini satmaq istəyən şəxslər yaradılan inzibatçılıqdan şikayətçidirlər. Milli.Az-a müraciət edən mənzil sahibləri bildirirlər ki, mülklərini satan zaman müraciət etdikləri notariat kontorlarında onlara əngəllər yaradılır.       

Qanunvericiliyə görə, mənzilini satmaq istəyən vətəndaşlar alqı-satqı etmək üçün kontorlara yaxınlaşır və müvafiq sənədlər imzalandıqdan sonra dövlət rüsumunun tutulması üçün ödənilən məbləğ banka yönləndirilir. Pul banka qoyulur və vətəndaş bankdan verilən müvafiq sənədi yenidən notarusa təqdim edir.    

Pulun bankdan çıxması üçün isə notariat kontorunun rəisinin yazılı göstərişi şərtdir.

Lakin mənzili satan vətəndaş həmin gün pulunu ala bilmir. Notariat kontorundan deyirlər ki, evin sənədləri Ədliyyə Nazirliyinin müvafiq qurumunda yoxlanılması üçün göndərilib. Yalnız bir gün sonra vətəndaş bankdan satdığı mənzilin pulunu götürə bilir.

Vətəndaşlar iddia edirlər ki, pullarını elə həmin gün almaq üçün notariusla müxtəlif yollarla "dil tapmaq" məcburiyyətində qalırlar. Nə hikmətdirsə, bundan sonra pulu dərhal bankdan götürmək mümkün olur.

Mənzilin bəzi məqamlarda ehtiyac səbəbindən satıldığı, dolların kursunun hər gün "oynadığını" nəzərə alsaq, bir günlük gecikmənin hansı maddi və mənəvi itkilərə səbəb olmasını təsəvvür etmək o qədər də çətin deyil. Belə olan halda ədliyyə sistemində bu inzibatçılıq hansı zərurətdən yaranır?

Texnologiyanın mövcud inkişafını nəzərə alsaq, sənədlərə baxılıb, elə həmin gün qərar verilməsi mümkün deyilmi?

Suallarımızı ünvanladığımız Ədliyyə Nazirliyi ittihamları qəbul etmir. Qurumdan verilən açıqlamadan məlum olur ki, pulun gecikdirilməsinin səbəbkarı bankdır:  

"Məlum olduğu kimi, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilir.

Bununla əlaqədar notariuslar tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilələr təsdiq edilərkən alıcının satıcıya ödəyəcəyi pul notariusun banka yazdığı məktub əsasında depozit hesabına qoyulur.

Bundan sonra tərəflər yenidən notariat kontoruna gəlir və notarius müqaviləni Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemində tərtib edərək təsdiqləyir.

Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşdıqda notarius onun depozit hesabından pulun əldə edilməsi üçün satıcıya imza və möhürü ilə təsdiq etdiyi çek verir.

Həmin çek bank şöbəsinə təqdim edildikdən sonra pul tərəfə ödənilir.

Qeyd olunmalıdır ki, banklar müəyyən etdikləri qaydalara əsasən, hər gün saat 16:00-da pul qəbulu və ödəmələrini dayandırırlar.

Bu səbəbdən də bəzi hallarda alqı-satqı müqavilələri təsdiqləndikdən sonra bankların iş rejimi ilə əlaqədar vətəndaşlar pulu depozit hesabından müqavilənin təsdiq edildiyi gün deyil, ertəsi gün ala bilirlər".

Banklar isə Ədliyyə Nazirliyinin pulun gecikməsi ilə bağlı gətirdiyi arqumentlə razılaşmır. "MuğanBank"dan Milli.Az-a bildirdilər ki, bu prosesdə bankın işi yalnız pulu sayıb, notariusun hesabına qoymaqdır. Yəni pulun banka girməsi də, çıxması da birbaşa notariatdan gələn müvafiq sənəd əsasında aparılır. "Alqı-satqı edən şəxs notariusun müvafiq sənədi ilə yaxınlaşır bizə. Sənəddə göstərilən pulu sayıb qoyuruq hesaba. Bu proses də ən uzağı 15 dəqiqə çəksin. Lazımlı sənədi veririk vətəndaşa. Bundan sonra vətəndaş nə zaman notariusdan sənəd gətirsə ki, pulu ver, bizim pulu saxlamaq ixtiyarımız yoxdur. Həmin an yenə sənəddə göstərilən məbləği təqdim edirik vətəndaşa. Yəni burada banklıq bir şey yoxdur".


OXŞAR XƏBƏRLƏR