“İlhamımdan nigaranlığım var…\" - Ələmdar Cabbarlı

“İlhamımdan nigaranlığım var…\

Sfera.az Bakı Dövlət Universitetinin dosenti, yazar Ələmdar Cabbarlı ilə müsahibəni təqdim edir.

 

 

- Neçə yaşınızdan şer yazırsınız? Kəlbəcər ədəbi mühiti elədir ki, əlbəttə orada yetişən biri uşaqlıqdan cızma-qaralar etməmiş olmaz.

 

 

-2002-ci ildə ikinci kitabım "Özümlə bir ətək daş gəzdirirəm” çıxıb və onun üz qabığında belə bir yazı verilib ki, 6 yaşından şer yazmağa başlayıb. O vaxt bəziləri inanmadı buna. Ancaq həqiqətən 6 yaşımdan şeir yazmışam. Siz ona cızma-qara dediniz lakin mənim ən bəxtəvər şeirlərim onlardır. Çünki mən onları Kəlbəcərdə yazmışdım. İlk şeirlərim Kəlbəcər dağlarının vəsfinə həsr olunmuşdu. İndi Kəlbəcərin həsrətinə şeir yazıram. O, zəif şeir olsa belə, hətta cızma-qara da olsa bəxtəvər şeir o idi, çünki Kəlbəcərdə yazılmışdı.

 

 

- Olubmu ki, şair kimi yaradıcılığınıza fasilələr verəsiniz?


 

- Bəli yazmadığım, fasilə verdiyim dönəmlər olub. Kəlbəcərdən çıxanda 100-ə yaxın şeirim var idi. Şerlərim kəndimizdə qaldı, dəftərimi gətirə bilmədim. Bununla şeirdən küsdüm. Bir daha şeir yazmamağa verdim. Bunlar olub mənim 13 yaşımda. Beləcə, 1993-1996-cı illər arası yazmadım. Ancaq sonradan gördüm ki, yox, yazmamaq olmur. Onda yazmağa başladım. 2000-ci ildə 3-cü kursda oxuyanda birinci kitabım çıxdı. Sonra isə bir-birinin ardınca kitablarım gəldi.


 

- Şeir yazmaq həvəsi yəqin ki, mənsub olduğunuz bölgə ilə bağlıdır. Sualı belə verək ki, sizi şer yazmağa nə həvəsləndirdi ?


 

-"Şeir yazmaq həvəsi” ifadəsinə deyə bilərəm ki, şeir yazmaq həvəs deyil. Həvəskar şairlər də şair deyil. Şeir yazmaq Allahın sənə verdiyi vergidir, istedaddır. Ümumiyyətlə, anadan şair olmaq lazımdır. Mən heç vaxt şeir yazmağa həvəs kimi baxmamışam.


- Bildiyim qədəri ilə sizi də Səməd Vurğun kimi ədəbiyyata xanım gətirib. Və ya yazıb-yaratmaq eşqinizi daha da alovlandırıb.


 

- Səməd Vurğunu da ədəbiyyata xanım gətirib ifadəsini yanlış hesab edirəm. Eləcə də məni yazmağa vadar edən bu deyil. Səməd Vurğuna da, mənə də məhz, təbiət, dağlar şeir yazdırıb.


 

-Bir şeirinizdə də yazmısınız ki, müəllimdən xahiş edirisiniz, sizi anlamağını istəyirsiniz ki, görüşə tələsirssiniz. Ancaq müəllim insafısız olur, icazə vermir. Oxucularımıza da maraqlı bəs siz indi tələbələrinizin o cür istəklərini, xahişlərini nəzərə alırsınız?


 

-Belə bir hadisə gəlib başıma. Müəllim icazə verməyib və mən o şeiri yazmışam. Bir dəfə tələbəm məndən xahiş etdi icazə üçün, soruşdum ki, niyə məhz mənim dərsimdən gedirsən? Dərsim maraqsızdırmı ? O mənə dedi ki, dərsiniz maraqlıdır, həyat daha maraqlıdır. Və mən həmin tələbəyə icazə verdim, yəni ki, müəllimim kimi "insafsız” olmadım.


 

- İstəyirəm sizə yazdığınız kitabların adına görə suallar verim. Çünki seçdiyiniz adlar çox maraqlıdr. Məsələn, "Özümlə bir ətək daş gəzdirirəm”. Siz o daşları nə məqsədlə gəzdirirsiniz? İnsanları düz yola gətirmək üçünmü?


 

-İnsanı daşlamaqla yola gətirə bilməzsən. Hətta ən çətin insanı belə sevgi ilə "ram etmək” olar. Həmin kitabın adı ordakı şeirimin adıdır. O daşları şeytana atmaq üçün gəzdirirəm. Məncə hər kəsin "cibində” şeytana atmaq üçün hazır daşları olmalıdır və ilk növbədə də insan həmin daşı öz içindəki şeytana atmalıdır.


 

- Bu sualı məcburi köçkünlərə tez-tez ünvanlayırlar. Toplumda tutduqları mövqedən asılı olmayaraq. İstər vəzifəli olsun, istər fəhlə və ya hansısa peşənin yiyəsi. Torpalarımız işğaldan azad olunanda gedib yenidən doğulduğunuz yurdda yaşayarsızmı?


 

-Birincisi işğaldan azad olunanda yox, biz döyüşüb azad edəndə! İkincisə isə əlbəttə, yurd yerimə qayıdaram və qalan ömrümü orada yaşayaram. Kəndimdə yaşamağı dünyada heç bir vəzifəyə, diploma dəyişmərəm. Məncə nə vaxtsa yenidən kəndimizə qayıtsam, həyacandan

elə kəndin girəcəyində - Müzəffərin körpüsünün yanında ürəyim partlayar, ölərəm ancaq bunu da xoşbəxtlik sayaram.


 

- Kitabınızın birinin adı "…Və bir gün”dür ? Və bir gün dedikdə hansı günü nəzərdə tutursunuz?


 

-Hər bir insanın düşüncəsində olan bir "və bir gün” var. Biri üçün bu yüksək vəzəifəyə getməkdir, bir üçün övladı haqqında bir diləyin gerçəkləşməsidir, bir üçün torpaqları işğaldan azad edəcəyimiz gündür. olunmasıdır. Yəni hərənin bir "və bir günü” var.


 

- Bəs sizin üçün…


 

- Mənim üçün "və bir günün” görünən və görünməyən tərəfləri var. Görünən tərəflərindən birincisi bir gün gedib kəndimdə ölməkdir. Görünməyən tərəfləri isə qoy sirr qalsın.


 

- "Yaşasan çoxdur bu ömür...” Nə qədər?..


 

-Ola bilər ki, iki il elə yaxşı yaşayarsan ki, bir ömürlük bəs edər. Onu demək istəmişəm ki, bu şeirimdə. Ömrü ürəyin istəyən kimi, ürəyin istəyən yerdə və şəxlərin əhatəsində yaşasan çoxdur...


 

- Adətən insanlar günahı olanda qorxurlar, ancaq siz kitabınıza "Günahı olan qorxmasın…” adını vermisiniz...


 

-Birincisi, günahsız insan yoxdur. İnsan varsa həyatda demək onun günahı da var. Bu qədərindən asılı olaraq az və ya çox ola bilər.

Mən şeirdə bunu çatdırmaq istəyirəm ki, günahı olanlar qorxmasın, Allahın lütfü böyükdür, "onun ətəyindən” yapışsınlar. Yəni günahı olmaq qorxulu deyil. Allahdan əlini üzmək, günahlarının bağışlanmayacağını düşünmək qorxuludur.


 

- Sizin üçün günah anlayışı nədən ibarətdir ?


 

-Mənim üçün ən böyük günah bir insanın qəlbini qırmaqdır, birinin haqqını yeməkdir, zəifi əzməkdir, təkəbbürdür.


 

- Siz nəsrlə də, nəzmlə yazmısınız ? Özünüzü yazıçı sayırsınız, yoxsa şair?


 

-Axrıncı kitabım "Qızıl” nəsr kitabıdır. Gələcəkdə yenə nəsrdə yaza bilərəm. Çap olunmayan hekayələrim də var. Ancaq şeir mənə daha doğmadır. Amma elə mövzular olur ki, onları nəzmlə istədiyin kimi aça bilmirsən.


 

- Kəlbəcər ədəbi mühitində nəzmlə yazanlar daha çoxdur, nəinki nəsrlə yazanlar - bunun sirri nədədir?


 

-"Kəlbəcər ədəbi mühiti” dediniz, bunun özü unikal bir hadisədir – bir rayonun ayrıca ədəbi mühit olması. Burda çoxları şeir yazır, bu da dağlardan, təbiətdən gəlir. Bu mühit Ağdabanlı şair Qurbandan başlayır. Şair Qurban Dədə Şəmşirin atasıdır. 1955-ci ildə Səməd Vurğun gəlib Dədə Şəmşirlə Kəlbəcərdə görüşdü. Onların deyişmələri oldu. Və bundan sonra Kəlbəcər ədəbi mühitində sanki bir partlayış yarandı. Bundan sonra Kəlbəcərdən Məmməd Aslan, Ənvər Rza, Şamil Dəlidağ, Qəmkeş Allahverdi, Qənbər Şəmşiroğlu, Bəhmən Vətənoğlu, Sücaət, Adil Cəmil, Xaqani Həbiboğlu, Elşən Əzim və başqaları çıxdı. Bizdə nəsr çox azdı, ancaq bəzi örnəkləri də var. Ən yaxşı nümünə Qənbər Şəmşiroğlunun əsərləridi. sayıram. Onun digərlərindən fərqi odur ki, nəsr əsərləri də var. "Caninin etirafı” romanı var. "Bir gözəlin taleyi”, "Qızlardan muğayat olun” və s. povesləri var, hekayələri var və mən onların hamısını oxumuşam. Doğrudan da çox gözəl alınıb. İstəyərdim ki, mühitimizdə nəsr əsərləri də yazılsın və bu dalğa da yayılsın. Çünki Kəlbəcər ədəbi mühitinin nəzm dili nəsrə gəlsə, bu ancaq nəsrimizi zənginləşdirə bilər. Onu da deyim ki, bunun üçün əsaslıar da var, Kəlbəcərdə dastançılıq ənənəsi olub ki, bu amil bu məsələdə böyük rol oynaya bilər.


 

- Yazıb-yaradan insan gərək təbiətdə olsun ki yazıb-yaratmaq eşqi daha da artsın. Bu gün Kəlbəcər işğal altında olsa da, həmin ədəbi-mühitin davamçıları yaşayır. İnanırıq ki, torpaqlarımız tezliklə azad olunacaq. Ancaq siz qorxmursunuz ki, Kəlbəcəri görməyən kəlbəcərli gənc nəsil eyni şövqlə yaza bilməsin?


 

-İnşallah Kəlbəcərə dönəcəyik. Mən də buna inanıram, inanmasam, bu dəqiqə ürəyim partlayar, elə bu inam yaşadır bizi. Çalışırıq ki, o ruhu

qoruyub saxlayaq. "Aşıq Şəmşir” Mədəniyyət Ocağımız var, hər ay tədbirlər, şeir gecələri keçiririk, bacardığımız qədər bu ruhun ölməməyinə, məhv olmamağına çalışırıq.


 

- Nəsr kitabınız "Qızıl” adlanır. Bildiyim qədəri ilə bu sizin kənddəki itinizin adıdır. Kitaba başqa ad seçmək, başqa ad vermək olmazdımı? Bununla topluma hansı ismarıcları vermək istəyirsiniz?


 

-Topluma mesajı adla yox hekayənin içindəkilərlə verirsən, yəni mətnlə. Həmin kitabda 10 hekayə toplanıb və ad seçimində ən uğurlu ad kimi həmin adın üzərində dayanmışam. Qızıl, düzdür bizim kənddəki itimizin adıdır. Və həmin hekayənin baş qəhrəmanı da Qızıldır. Hekayədə Qızıl erməni ilə çarpışır və ona qalib gəlir. Hekayədə baş verənlərin böyük əksəriyyəti real, olmuş hadisələrdir.


 

- Nə vaxta qədər yazıb-yaratmağı düşünürsünüz? Heç qorxursunuzmu ki, bir gün ilhamınız sizdən küsə bilər?


 

-Bəli, ilhamımdan nigaranlığım var. Çünki Ənvər Rza demişkən, ilhamımı Kəlbəcərə gedib orda kökləyib qayıtmaq istəyirəm. Bu mənada çox nigaranam. Ancaq bu da var ki, bizim mayamız o dağlarda elə tutulub ki, düşünürəm ömrümün sonunacan yazacam.


 

Söhbətləşdi: Səbuhi Allahverdizadə


.

OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...