“Mən hərbçi olmaq istəmirdim, müharibə məni hərbçi olmağa məcbur etdi”

“Mən hərbçi olmaq istəmirdim, müharibə məni hərbçi olmağa məcbur etdi”
Onu ilk dəfə illər öncə hərbi xidmətdə olduğum zaman görmüşdüm. Hərbi təlimlərdə uğurla iştirak etdiyimiz üçün ordu rəhbərliyi tərəfindən mükafatlandırılmışdıq. Mükafatı isə ön xəttə gələn veteranlar təqdim edirdi bizə. Zamanın çətin sınaqlarından və eləcə də İkinci Cahan savaşından başıuca çıxmış ağsaçlı veteranlarla çiyin-çiyinə durmaq həm qürurverici idi, həm də məsuliyyətli. Sinələrini bəzəyən nişanlar göz qamaşdırırdı. Baxışlarında bir əzəmət və əyilməzlik vardı hər birinin. Mənim üçün əlçatmaz olan veteranlarla görüşmək, onların əlini sıxmaq az öncəki döyüşdə qazandığımız uğurdan qat-qat üstün idi. Artıq nə məqsədlə toplandığımızı da unutmuşdum. Ən yaşlı veteran əlimi sıxıb məni təbrik eləyəndə, sanki göylərdən yerə endim. Təəssüf ki, o yaşlı veteranın general-mayor Bahadur Hüseynov olduğunu çox-çox sonralar öyrəndim. 
 
   İllər biri-birini əvəz etdi. Uzun müddətdən sonra daha bir təsadüf bizi qarşılaşdırdı. Həmsöhbət olmaq istədiyimi bildirdim, sağlamlığı imkan verməsə də qəlbimi qırmadı, "yaxın günlərdə görüşərik”-deyə vəd verdi. Görüş vaxtına hələ vardı. Ömrü boyu vətənə xidmət edən insanın həyat yoluna nəzər saldıqca, keçirdiyi keşməkeşli günlər kino lenti kimi göz önündə canlanırdı. Onun acılı-şirinli həyat yolu azman dalğalarla çarpışa-çarpışa ölüm-dirim mübarizəsi aparırdı. Bəlkə də mübarizliyi, cəsarəti və sərt iradəsi ilə həmişə uğur qazanan generalı görmək üçün tələsməyimin səbəbi elə bu idi.
   
    Həyatın mənası çox və yaxud az yaşamaqda deyil, yaşadığın mühitdə, cəmiyyətdə öz yerini tutmaq, mövqeyini müəyyən etmək və başqaları üçün nümunə olmaqdan ibarətdir. Təbii ki, hər kəs ona bəxş olunan ömrü özünəməxsus tərzdə yaşayır. Seçdiyi sənət, tutduğu mövqe isə bu özünəməxsusluğa daha bir çalar gətirir. Arzularının işığında sona qədər mübarizə aparanlar hər zaman sonda qalib olur. Məhz bu amil onlarda qələbəyə inam hissini artırır. Rus sərkərdəsi Kutuzovun ”General olmaq istəməyən əsgərdən əsgər olmaz” ifadəsi öz təsdiqini hər zaman tapır. Sıravi əsgərdən generala qədər böyük yol qət etmək hər kəsə qismət olmur. 
 
   Bu gün haqqında danışacağımız haqq dünyasında olan generalımız Bahadur Hüseynov həyatın bütün cətinliklərinə sinə gərərək öz istəyinə catıb. Hələ sağlığında "Mən hərbçi olmaq istəmirdim, müharibə məni hərbçi kimi vətənin müdafiəsinə qalxmağa məcbur etdi” - deyirdi general-mayor Bahadur Hüseynov ...
   
   General-mayor Bahadur Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvanda anadan olub. Ağır həyat şəraitini yüngülləşdirmək məqsədilə 3 yaşında ikən ailəsi ilə birlikdə Gəncəyə köçüb. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olunur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırdı. Bahadur Hüseynov 1939-cu ilin mayında Xarkova yola düşür.   Böyük Vətən müharibəsi başlayanda Bahadur Hüseynov da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır.
 
   Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit kimi qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, sonra isə kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. Elə həmin vaxtlar, daha doğrusu, 1961-ci ildə xidmətdən ayrılmadan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunur və 1967-ci ildə universiteti bitirərək ali təhsilli hüquqşünas ixtisasına yiyələnir.
    
Bahadur Hüseynov 1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksəlir. Az sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilir. 1963-cü il idi. Sərhəd qoşunlarında xidmətini davam etdirən azərbaycanlı polkovnik-leytenant Bahadur Hüseynovun çalışqanlığı, intizamlılığı Dövlət Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə çalışan Heydər Əliyevin diqqətindən yayınmır. 
 
   Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bahadur Hüseynov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir. Bu məsuliyyətli vəzifədə 7 il şərəflə, ləyaqətlə çalışan Bahadur Hüseynov ona göstərilən etimadı doğruldur. 1976-cı ildə Heydər Əliyevin təklifi və Azərbaycan KP MK-nın qərarı ilə polkovnik Bahadur Hüseynov Azərbaycan Dövlət Təhlükəsizlik Kömitəsinin sədr müavini təyin edilir. Bütün bunlar ulu öndər, ümummilli lider Heydər Əliyevin ona etibarının nəticəsi idi. Çünki o, işgüzar, cəsur, sədaqətli adamlara böyük hörmətlə, ehtiramla yanaşar və bu kimi keyfiyyətlərə malik olan insanları qiymətləndirib, dəyərləndirərdi. Bahadur Hüseynovun 1978-ci ildə general-mayor rütbəsinə layiq görülməsi də ulu öndər Heydər Əliyevin təqdimatı ilə reallaşdı.
 
Bu gün onun, ömrünü hərb sənətinə həsr edən qəhrəman eloğlumuzun anım günüdür. Bahadur Hüseynov 95 yaşında Bakıda vəfat etdi. Ruhu şad olsun!
 
Qoşqar Salmanlı
    
    


OXŞAR XƏBƏRLƏR