“Məktəblərdə verilən qiymətlər qəbul imtahanında özünü doğrultmur” – NƏ BAŞ VERİR?

“Məktəblərdə verilən qiymətlər qəbul imtahanında özünü doğrultmur” – NƏ BAŞ VERİR?
 

"Qəbul imtahanlarında orta məktəblərdə verilən qiymətlərin öz təsdiqini tapmaması məktəbdaxili qiymətləndirmənin standartlara uyğun həyata keçirilmədiyini, qiymətləndirmə zamanı kənar müdaxilənin olduğunu göstərir”.


Sfera.az-a açıqlamasında bu sözləri orta məktəbi əla qiymətlərlə bitirən şagirdlərin yalnız yarısının qəbul imtahanlarında attestat qiymətlərini doğrultmalarına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.


Onun sözlərinə görə, ildən-ilə 200 baldan az toplayan abituriyentlərin sayı durmadan artır: "Orta ümumtəhsil müəssisələrində keyfiyyət göstəricisi yalnız buraxılış imtahanları nəticəsində qəbul edilə bilər. Ona görə ki, orta təhsil məktəbləri şagirdlərinin yalnız 60 faizi ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edirlər. Ümumilikdə son 5 ildə ali təhsil müəssisələrinə qəbul zamanı yüksək bal toplayanların sayında artım olsa da belə, 200 baldan az toplayan abituriyentlərin sayında isə hər hansı ciddi bir irəliləyiş yoxdur”.


 

Bu da ekspertə görə ondan irəli gəlir ki, şagirdlər orta məktəblərin tədris proqramını mənimsəyə bilməyib: "Çünki orta məktəblərdə tədrisin keyfiyyətinə nəzarət və hesabatlılıq yoxdur. Formal xarakterli qiymətlər yazırlar. Qəbul imtahanlarında orta məktəblərdə verilən qiymətlərin öz təsdiqini tapmaması məktəbdaxili qiymətləndirmənin standartlara uyğun həyata keçirilmədiyini, qiymətləndirmə zamanı kənar müdaxilənin olduğunu göstərir. Kimsə bacarığından yüksək bal alırsa, bu mütləq şəkildə hər hansı bir kənar təsir nəticəsində baş verir. 5 qiymət alanlar da bunu daha çox digər yollarla həyata keçirirlər. Hətta görürük ki, Olimpiada qaliblərinin nəticələri belə qəbul imtahanlarında çox aşağı səviyyədədir. Bütün bu amillər məktəbdaxili qiymətləndirmənin şəffaf aparılmaması, direktorların öz maraqları müqabilində buna getmələri nəticəsində baş verir”.

 

 

Qeyd edək ki, tələbə qəbulu və buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili üzrə hesabatda orta məktəbi bütün fənlərdən "3” qiymətlə başa vuran məzunların 95.36 faizinin qəbul imtahanlarındakı nəticələrinin çox zəif – 0-199 bal intervalında olduğu göstərilib. "5” qiymətlə bitirən məzunların isə yalnız 52.03 faizi attestat qiymətlərini doğrulda bilib.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR