"Məktəblərdə mobil telefondan istifadəyə qadağan qoyulmalıdır" - Təhsil eksperti

"Azərbaycan dünyada təhsildə qadınların ən çox işlədiyi ölkələrdən biridir. Müəllimlərin 83 faizi xanımlardır. Bu balansın pozulması təbii ki, məktəblərdə tərbiyə mühitinə təsir göstərir”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov son zamanlar məktəblərdə idarə edilə bilməyən şagirdlərlə bağlı qeydə alınan faktlara münasibət bildirərkən deyib. Müsahibimiz deyib ki, bu gün şagirdlərin davranış qaydalarındakı yanlışların kütləviləşməsinə fərqli baxışdan baxmaq lazımdır:
 
"Birinci növbədə burada uşaqların bir sıra sosial şəbəkə üzərindən özünü mənfi mənada tanıtmaq istəməsini qeyd etmək lazımdır. İkincisi, təhsilin idarə edilməsində ciddi boşluqlar var. Son illərdə ictimailəşən məktəb hadisələrində yeri gəldi-gəlmədi müəllimlərin günahkar hesab edilməsi onları daha ehtiyatlı olmağa vadar edir. Bir çox hallarda müəllimlər işini itirmək təhlükəsi ilə üz-üzə qalırlar və bundan qorxduqları üçün uşaqlara heç nə deyə bilmirlər. Nəticə etibarilə isə, görünən mənzərə göz qabağındadır.  Bu cür hadisələr əvvəllər də var idi, lakin indi daha da çoxalıb. Bununla bağlı müəyyən addımlar ata bilərik”.

Müsahimiz sözügedən addımların nələr olduğunu da qeyd edib:

"Ümumtəhsil müəssisəsinin fərdi təhsil nizamnaməsi qəbul edilməlidir, hər bir məktəbin öz nizamnaməsi olmalı, orada məktəbin bütün fəaliyyət sahələri, o cümlədən davranış qaydaları göstərilməlidir. Daha sonra Təhsil nazirliyi şagirdlərin intizam qaydaları, məktəbdaxili davranış qaydaları ilə bağlı təlimatlar hazırlayıb göndərməlidir. Bundan sonra istər ictimailəşən, istərsə də işıqlandırılmayan hadisələrdə nümayişkaranə şəkildə müəllimlərin cəzalandırılmasından çəkinilməlidir. Çünki bununla müəllimin nüfuzu aşağı salınır. Eyni zamanda müəllimə qarşı kobudluq edən, təhqir edən şəxslərə Cinayət Məcəlləsinin 315-ci maddəsi şamil olunmalıdır. Bu məsələlər kompleks şəkildə həyata keçirilməlidir.
 
Digər tərəfdən, şagirdlərin məktəbdə hazırkı davranışları ilə bağlı görüntüləri işıqlandırmaqla nöqsanları göstərdiyimizi düşünürük, amma əslində bu təbliğatdır. Məktəblərdə artıq sərt tədbirlərin görülmə vaxtı çatıb. Telefonların məktəbə gətirilməsi qadağan olunmalıdır. Aktiv olan telefonları dərhal aşkar edən xüsusi avadanlıqlar quraşdırılmalıdır. Hətta müəllimin də iş vaxtı ərzində telefonla olması qəbuledilməzdir. Yaxud məktəbin girişində telefon dolabları yerləşdirmək olar. Müəllim də, şagird də məktəb daxilində telefondan istifadə etməməlidir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR