Məktəb mafiyası - Övladınızı qoruyun

Məktəb mafiyası - Övladınızı qoruyun

Dərslərin başlaması heç bir həftə deyil, artıq ölkədə iki şagird intihar edib, əminəm ki, bundan xeyli çox sayda məktəbli o qorxunc addımı atmasa da, beynindən keçirib. Səbəb çox sadədir. Günah birmənalı olaraq, təhsil sistemimizdə, məktəblərdə hökm sürən qəddar ab-havada, məktəbdəki vəzifələrini satın alan quldur təfəkkürlü direktorlarda, möhtəkir xislətli müəllimlərdə, görməmiş valideynlərdədir. Şagirdlərin və onların ata-analarının qarşısına orduda belə olmayan sərt tələb qoyulur: mütləq məktəb forması olmalıdı, özü də, filan yerdə tikiləndən, kimin yoxudursa, məktəbə buraxılmayacaq. Axı belə qayda olmaz, əzizlərim, məktəbli forması yaxşı şeydir, ancaq onu ala bilməyənin məktəbə buraxılmaması müqabilində yox. Sovet dövründə məktəb forma ala bilməyən şagirdləri pulsuz geyimlə təmin edirdi, onlara digər köməkliklər göstərirdi. Daha şagird, valideyni ona paltar, çanta, ayaqqabı ala bilmədiyi üçün müəllimlərinin, yoldaşlarının tənəli baxışlarına, qınaqlarına tuş gəlib, sentimental duyğulara qapılmır və kasıb valideynini çıxılmaz vəziyyətdə qoymurdu.

Şagirdlərə kitabların pulsuz verilməsi çox yaxşıdır, ancaq tutaq ki, axıra qalanlara, azca ləngiyənlərə kitab çatmaması nə deməkdir? Məgər kitab uşağın sayına hesablanmır? Axı bu yalnız ötən ilki şagirdlərdən qalan köhnə kitabları bu ilki şagirlərə paylamaqdan ibarət olmamalıdır. Kitablar cırıla, itə, şagirdlərin sayı arta bilər. Təssüf ki, bizim məktəblərə rəhbərlik edənlər bu sadə həqiqəti dərk etməkdə acizdirlər. Amma onlar başqa işləri çox gözəl bacarırlar. Məsələn, məktəbin 1-ci sinfinə qəbul 150 manat, “yaxşı” müəllimlərin sinfinə 200 manat, uşağı bir sinifdən başqa sinfə keçirmək 100 manat. Dərslərin, kabinetlərin müəllimlərə pulla satılması, repetitorlara icarəyə verilməsi...

Köhnə kitabların şagirdlərə pulsuz verilməsi, valideynlərə ikiqat baha başa gəlir, çünki valideyn müəllimlərin israrla tələb etdiyi digər dərs vəsaitlərinə, dərsliklərə verəcəyi puldan dəfələrlə çox pul vermək zorunda buraxılır. Hər bir şagird təhsil nazirliyinin tövsiyə etdiyi və dövlətin, iri məmurların nəzarətində olan nəşriyyat və mətbəələrin çap etdiyi təxminən 40-50 manatlıq iş dəftəri, atlas və s. almağa məcbur edilir. Onlara “almasan, digər şagirdlərdən geri qalacaqsan” fikri təlqin olunur. Uşaq bunu özünə dərd edir. Çünki bunun mahiyyətini tərk edəcək səviyyədə olmayan, özünü yalnız övladına bahalı əşyalar, müəllimin hər tapşırdığını almaqla ifadə edən valideyn dərhal mağazalara cumaraq, hər şeyin “ən yağlı yerindən” alıb. Dərrakəli ata-ana isə bunu həmin valideynə də, uşağına da izah etməkdə acizdir, biri geri zəkalı və meşşandır, o biri isə sadəcə uşaqdır, şüuru bunları dərk edəcək səviyyədə deyil. Valideyn narahatdır, uşağı depressiyaya düşə, hətta Allah göstərməsin, o iki şagird kimi özünə qəsd edə bilər. Məktəb mafiyası isə bundan məharətlə istifadə etməkdədir, onun nə təhsil, nə gənc nəslin, nə də millətin gələcəyi vecinə deyil, o, xalqın balalarına qarşı narkomafiyadan da qəddardır, təki pul gəlsin...

Dərslər başlayan kimi, müəllimlər uşaqlara müxtəlif yollarla təsir edib, salırlar valideynlərinin canına ki, mütləq repetitor yanına getməlidirlər. Yoxsa proqramdan geri qalacaq, dərsləri mənimsəyə bilməyəcəklər. Uşaqlar hesab edir ki, müəllimin ona "zəifsən, yaxşı oxumursan" deməsi qərəzlidir və sırf onu əlavə dərsə cəlb etməyə hesablanıb, yaxşı qiymət almaq üçün mütləq müəllimə aylıq pul verib, onun yanına hazırlığa getməlidir. Digər tərəfdən, o biri uşaqlar getdilər, o isə qaldı. Ordan-burdan beş-on manat çırpışdıranlar yenə öndədirlər, müəllimlərə, direktora xoş gəlmək üçün və bir də, Allah bilir, hansı orqastik duyğuların təsiri altında, dərs başlar-başlamaz özlərini vazelinləyirlər. Uşaq həm də elə bilir ki, qavraya bilmədiyi dərsi müəllim onun beyninə yeridə biləcək. Bu çox ziyanlı bir tendensiyadır. Müəllimlərin az məvacib aldığı başadüşüləndir, amma hər valideynin də onlara verməyə artıq pulu yoxdur. Müəllimin öz dolanışığını şagirdlərin hesabına təmin etməyə çalışması ən azı müəllimə yaraşan iş deyil, dövlətin müəllimin təminatını vətəndaşlarının üzərinə atması isə ən azı müstəqil dövlətə yaraşan iş deyil. Təhsili kapitaldan asılı vəziyyətə salmaq xalqa qarşı ən böyük cinayətdir.

Bir də görürsən, uşaq məktəbdən evə gəlib deyir: “Hərbi komissarlıqdan gəlmişdilər, dedilər ki, 8 ədəd şəkil, doğum şəhadətnaməsinin notariusda təsdiq olunmuş surətini, qan və sidik analizlərini, ürək kardioqramasını, rentgen çəkilişini, yaşayış yerindən ailə tərkibi haqqında arayışı gələn həftənin filan gününə qədər təhvil verməlisiniz”. Bəli, zavallı valideyn hələ məktəbli forması, çanta, iş dəftərləri, görməmiş valideynlər arasında gedən özünü göstərmə yarışının cəngindən qurtulmamış, məktəb onun ağırlıqdan əyilmiş belinə daha bir ağır yük şəlləyir. O, işindən-gücündən olub, müxtəlif dövlət qurumlarına (poliklinikalara, notariusa, MİS-ə) ən azı 60-70 manat rüsum və rüşvət ödəməlidir. Məsələ burasındadır ki, valideynlər arasında “dövlət orduya əsgər yığırsa, onun şəklini mən niyə çəkdirməliyəm, poliklinikaya analizə mən niyə aparmalıyam, onunla bağlı hansısa sənədləri, materialları mən niyə toplamalıyam?” sualını verənlər də yoxdur. Bu sualı verəcək durumda olanların başı üzərindən isə domokl qılıncı asılıb. Dərs açılar-açılmaz iki şagirdin yaşadığı aqıbət onların övladlarının da başına gələ bilər...

Axı bəyənmədiyimiz sovet dövründə, bunların hamısını məktəb özü, hərbi komissarlıqla birgə edirdi...

qafqazinfo

Aysel


OXŞAR XƏBƏRLƏR