Mehriban Əliyeva Britaniya baş nazirinin ticarət elçisi ilə görüşdü - FOTO

Mehriban Əliyeva Britaniya baş nazirinin ticarət elçisi ilə görüşdü - FOTO

Azərbaycan I vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.

 

Sfera.az-ın məlumatına görə, E. Nikolson M. Əliyevaya xatirə hədiyyəsi təqdim edib.

 

Böyük Britaniya baş nazirinin ticarət elçisinin fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edəcəyini qeyd edən M. Əliyeva bu iclasın uğurlu keçəcəyinə əminliyini bildirib. Baronessa Emma Nikolsonla 2016-cı ilin noyabrında görüşünü xatırlayan I vitse-prezident onun geniş fəaliyyətini yüksək dəyərləndirib və böyük hörmətə layiq olduğunu vurğulayıb. "Ölkələrimiz arasında əməkdaşlıq genişləndirilir və gücləndirilir” deyən M. Əliyeva bu işdə Baronessa Emma Nikolsonun rolunu xüsusi qeyd edib.

 

M. Əliyeva Azərbaycanla Böyük Britaniya arasında uzun illər mövcud olan işgüzar əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdıraraq, enerji sektorundakı əməkdaşlığı xüsusi vurğulayıb, Azərbaycanda Böyük Britaniyanın bir sıra şirkətlərinin, o cümlədən BP şirkətinin uğurlu fəaliyyətini qeyd edib. Ümumi dəyəri 42 milyard dollar olan "Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan M. Əliyeva bu layihənin uğurla həyata keçirildiyini və BP şirkətinin layihənin əsas tərəfdaşlarından biri olduğunu deyib. Diqqətə çatdırıb ki, layihənin reallaşdırılması ilə ilk qazın bu ilin iyulunda Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması nəzərdə tutulur.

 

İki ölkə arasında digər sahələrdə də geniş əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edən I vitse-prezident nəqliyyat, yüksək texnologiyalar, səhiyyə, kənd təsərrüfatı sahələrində böyük potensialın olduğunu vurğulayıb. Baronessa Emma Nikolsonun xeyriyyəçilik fəaliyyətindən danışan M. Əliyeva AMAR Beynəlxalq Xeyriyyə Fondu ilə Heydər Əliyev Fondu arasında çox uğurlu əməkdaşlığı qeyd edib. Bildirib ki, İraqda münaqişədən əziyyət çəkən insanlar üçün 2017-ci ildə Baronessa Emma Nikolsonun təklifi ilə köçkün düşərgələrində şahmat turniri keçirilib. Azərbaycanın iki beynəlxalq şahmatçısı Azər Mirzəyev və Fərid Abbasov turnirdə iştirak edərək, oyunlar keçiriblər. Bu layihəyə göstərilən dəstəyə görə Baronessa Emma Nikolsona minnətdarlığını bildirən M. Əliyeva Azərbaycan tərəfinin gələcəkdə də belə layihələrdə iştirak etməyə hazır olduğunu deyib.

 

Baronessa Emma Nikolson ölkəmizdə olmaqdan məmnunluğunu bildirib. Qonaq Mehriban Əliyeva ilə ikinci dəfədir görüşdüyünü qeyd edərək, keçirilən müzakirələri yüksək dəyərləndirib. Vurğulayıb ki, müzakirələrin nəticəsi olaraq hər iki tərəf üçün böyük maraq doğuran sahələrdə uğurlu işlər görülüb. Qonaq bu fəaliyyətin davam etdirilməsini arzuladıqlarını bildirib.
 
 



DİGƏR XƏBƏRLƏR


---