Mehman Hüseynov Əli Kərimliyə şou göstərmək imkanı və ...çay vermədi - VİDEO
Sfera.az xəbər verir ki, o, öncə dünyasını dəyişən (həbsxanada olarkən) anasının, daha sonra isə 14 il öncə,2 martda qətlə yetirilən "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun məzarlarını ziyarət edib. Daha sonra blogger yaşadığı evə gəlib. Burada onu bir neçə jurnalist və AXCP sədri Əli Kərimli qarşılayıblar (Əli Kərimli, bir qayda olaraq, siyasi kimlikli bütün dustaqlar azad olunan kimi, hamıdan öncə onların evinə şığıyır və kameralar önündə şov göstərir, azad olunanlara minnət qoyur, özünün xidmətlərini qabardır - musavat.com).
Təqdim etdiyimiz geniş videodan da göründüyü kimi, blogger kimsənin onu bir daha istismar etməsinə və bu hadisədən yararlanmasına imkan verməyib. Redaksiyaları xaricdə olan saytların suallarına cavab da verməyərək, bildirib ki, iki gün ərzində son aylarda baş verənləri öyrənəcək, təhlil edəcək, daha sonra isə mətbuat konfransı keçirdəcək.
Özünü Mehmanın evinə soxan AXCP sədri isə dəhlizdəcə həyatının şokunu yaşayıb. Belə ki, videodan da göründüyü kimi, Mehman Hüseynov ona və digər fürsətçilərə açıq deyib ki, onlara çay verməyəcək, heç bir hazırlıq gördürməyib və onun azad olunmasını bayram etmək istəyənlərə bu imkan tanınmayacaq: "Mən haqsız həbs olunmuşam, indi də azad olunmuşam, mənim həbsdən çıxmağımı niyə bayram etməliyik ki?"...
Pərt olan və özünü masa arxasında, Mehmanla yan -yana əyləşərək, kameralara pozlar verməyə hazırlamış Əli Kərimli ayaqüstə cəmisi bir neçə cümlə deyir və Mehmanın evinin dəhlizindən geri dönür. Pərt və məyus çıxışında da Mehmana minnət qoymağı, onun üçün mitinq keçirtməsini və tvitter haştağı təşkil etməsini vurğulamağı unutmur.
Beləcə, Mehmanın evinə susuz gəlib, susuz gedən Kərimli növbəti şousundan və istifadə imkanlarından məhrum qalır.
Yazdıqlarımızdan daha ciddisi isə bu, videoda!
Musavat.com