"Məclisimi verən kimi get özünə ailə həyatı qur" - Aktyor ölən xanımının vəsiyyətindən danışıb ağladı - FOTO

 Əməkdar artist Ənvər Həsənovun Milli.Az-a müsahibəsi.

- Ənvər müəllim, zamanının ən gözəl filmlərində çəkilmisiniz. Bugünkü gündə, demək olar ki, heç bir filmə çəkilmirsiniz. Sənətinizdəki o boşluğu necə doldurursunuz?

- Sözün düzü, mənə bugünkü gündə də dəvətlər gəlir. Çox qəribədir ki, əvvəlki dövrdəki kimi məsuliyyətli rejissorlar yoxdur. Mənə deyirlər ki, sabah gəl çəkilişə. Deyirəm ki, axı mən ssenarini oxumamışam, necə olacaq? Deyir ki, siz darıxmayın. Necə darıxmayım? Bəlkə heç obraz mənə uyğun deyil? Mən bu cür yaradıcı mühitdə çəkilə bilmərəm. Bugünkü gündə də kinostudiyada işləyirəm. Əgər bir gün mən ora gedib, oranın abu-havasını hiss etməsəm, yaşaya bilmərəm. Hal-hazırda yayım şöbəsində çalışıram, bu sahənin mütəxəssisiyəm.

- İlk çəkiliş gününüzü necə xatırlayırsınız?

- Mən hələ də o nostalji xatirələrlə yaşayıram. Bəzən səhərə kimi yatmayıb o çəkiliş günlərini, çəkildiyim məkanları yadıma salıram. Siz bilirsiniz ki, mən həm də rejissor kimi bir neçə filmdə işləmişəm. Çox istərdim ki, o günləri yenidən yaşayım.

- Çox tələbatlı aktyor olmusunuz. Bir çox filmlərdə çəkilsəniz də sizi nədənsə Cəlal ("Yeddi oğul istərəm") və Murad ("Uşaqlığın son gecəsi") kimi yadda saxlayıblar. İstərdim bu filmlərə qədər çəkildiyiniz ekran işlərinə bir nəzər salaq.

- Biz universitetdə oxumaqla bərabər həm də çəkiliş meydançalarına praktikaya gedirdik. Əlisattar Atakişiyev "İstintaq davam edir" filmini çəkirdi. Bizim kursdan da 4 nəfəri bu filmdə epizodik rola dəvət etdilər. Kafedə çəkilən 4 oğlandan biri də mən idim. Daha sonra Şamil Mahmudbəyov məni 4 novelladan ibarət ("Torpaq, dəniz, od, səma") ibarət "Od" novellasında gənc əsgər roluna dəvət etdi. Bir müddətdən sonra "İstintaq davam edir" filmində Arif Babayevin rejissor asistenti vəzifəsində çalışmağa başladım. Arif müəllim mənim xasiyyətimə bələd idi. O, məndə çılğınlığı görmüşdü. Mənə dedi ki, hazırlaş, səni "Uşaqlığın son gecəsi" filmində çəkəcəyəm. Sözün düzü, ilk öncə, onun bu sözlərini ciddi qəbul etmədim. Həqiqətən də, o, məni bu filmdə Murad obrazına çəkdi.

- Deyə bilərikmi Murad o vaxtkı Ənvər Həsənovun özü idi?

- Demək olar ki, Murad 80 faiz mənəm. Çəkiliş prosesində də öz xasiyyətimi Muradın üzərinə köçürmüşdüm. Buna görə də bu rolu oynamaq üçün xüsusi bir əziyyət və zəhmət çəkmədim.

- Bu filmdən sonra ən böyük filminiz "Yeddi oğul istərəm" oldu. Siz Cəlal roluna sınaqdan keçən ilk aktyor idiniz, yoxsa sizdən əvvəl kimlərsə sınaq çəkilişlərində olmuşdu?

- Universitetə yeni daxil olmuşdum ki, çox keçmədi kinostudiyadan zəng edib dedilər ki, Tofiq Tağızadə səni axtarır. Filmdə bütün rolları təsdiq etmişdilər, təkcə Cəlal qalmışdı. Cəlal roluna Tariyel Qasımov, Elxan Qasımovu sınaqdan keçirmişdilər. Elə oldu ki, bu rola məni təsdiqlədilər. Filmdə çox gözəl yaradıcı kollektiv var idi. Bu, mənim üçün çox böyük xoşbəxtçilik idi. Hal-hazırda bu filmdən 3 nəfər qalmışıq. Mən bu haqda danışanda ürəyim ağrıyır. Çox təəssüf edirəm ki, o cür aktyorlar bizim yanımızda yoxdurlar. Bütün sənət insanları bir-birinin ardınca dünyasını dəyişdilər. Ona görə bu gün film sahəsində sakitçilik var.

- Çəkildiyiniz filmlərə baxa bilirsiniz?

- Demək olar ki, çəkildiyim filmləri hər ay göstərirlər. Hər dəfə bu filmlər ekranda göstəriləndə mənim telefonum susmur. Sevinirəm ki, tarixdə qalmışam. O ki qaldı filmlərdəki səhvlərə. Bəzən baxanda deyirəm ki, kaş filan yerində belə edərdim.

- Sənət həyatınız çoxşaxəlidir. Sizi bu sahədə bəxti gətirən aktyor da hesab etmək olar. Bəs şəxsi həyatda necə, bəxtiniz gətirdi?

- Əlbəttə, bəxtim gətirib. Mənim çox gözəl həyat yoldaşım olub. Hazırda isə övladlarım və nəvələrim var. Bugünkü həyatımı onlara həsr etmişəm.

- Uzun illərdir sizinlə müsahibə edirəm və hər dəfə barmağınıza taxdığınız o üzük mənim diqqətimi çəkir. Bu üzük sizin üçün o qədər önəmlidir ki, həmişə barmağınızda gəzdirirsiz?

- (Barmağını göstərərək) Bu, mənim nişan üzüyümdür. O vaxt ailə həyatı quranda necə barmağıma taxılıbsa, elə də qalıb. Hələ indiyə qədər bu üzüyü barmağımdan çıxarmamışam.

- Sevginizə sadiqsiniz?

- Bəli, ömrümün axırına qədər də belə olacaq.

- Həyatda "kaş ki"ləriniz çox olub?

- Bəli, təəsüflər olsun ki, çox olub. Biz həmişə utanmışıq, çəkinmişik ki, öz sevdiyimiz insana deyək ki, "mən səni sevirəm". Mən özüm bu barədə çox kasad olmuşam.Yəqin ki, bütün kişilər belədir. Bu səhvimi indi düzəldirəm. Belə ki, hər gün o həyat yoldaşımın şəkili ilə danışıb, dərdləşirəm.

- Həyat yoldaşınızı elə bir yaşınızda itirdiniz ki, ailə həyatı qura bilərdiniz. Heç ikinci dəfə ailə həyatı qurmaq istəmədiniz?

- Mömünatda çox gözəl Allah vergisi var idi. O, hər şeyi əvvəlcədən hiss edirdi. Məni o qədər bəlalardan qurtarıb ki... Avtomobil qəzasına düşməmişdən 1 ay öncə evə gəldim. Mömünat mənimlə söhbət etməyə başladı. Dedi ki, mən səndən əvvəl öləcəyəm. Mənim ilimi verən kimi get özünə ailə həyatı qur. Onun bu sözlərini ciddi qəbul etmədim. Həqiqətən də, 1 ay sonra bu hadisə başımıza gəldi. Mən sağlığında da ona demişdim ki, həyatımda səndən başqası olmayacaq. Onun bu vəsiyyətinə əməl etmədim.

- Bəs sənətlə bağlı ən böyük peşmançılığınız nədir?

- Sənətə gələndə elə bilirdim ki, ildən-ilə kino daha da yaxşılaşacaq, amma əksinə oldu. Məni bir orqan işinə də dəvət etmişdilər. Vaxtilə məndən xahiş etdilər ki, gəl burda qal, işlə, çox gözəl gələcəyin olacaq. Dedim ki, siz mənə kinoya çəkilməyə icazə verəcəksiz? Dedilər ki, yox, bizim idarədə kinoya çəkilmək qadağandır! Buna görə razı olmadım. İndi mənim dostlarımdan polkovnik olanı da var, generalı da. Həm yaşayışları yaxşıdır, həm də qazancları. Gələcəyimi fikirləşmədən bu sənətə gəldiyimə görə çox peşmanam. Bilsəydim ki, kinoda aqibətim belə olacaq heç vaxt aktyor olmazdım.


Milli.Az
 


DİGƏR XƏBƏRLƏR