Manat bolluğu dollara tələbi yenidən artırır - TƏHLİL
2020-ci ilin mart ayındakı dollar ajiotajından sonra ölkədə həm mart, həm də apreldə ciddi manat qıtlığı yaranmışdı. Martda pul bazasının həcmi 2,045 milyard manat azaldılaraq 10,067 milyard manata enmişdi. Apreldə pul bazası daha 1,2 milyon manat azaldıldı. Pul bazasının kəskin azaldılmasından sonra dollara olan tələbi cilovlamaq mümkün oldu, çünki ölkədə manat qıtlığı yarandığından dollar almaq üçün vəsaitin toplanması çətinləşdi.
Artıq may ayından ölkədə əks proses müşahidə edilir. Dollar ajiotajı aradan qalxdığına görə pul bazasının həcmi yenidən yüksəldilir. Mayda pul bazasının həcmi 855,5 milyon manat artaraq 10,921 milyard manata, iyunda daha 330,6 milyon manat artaraq 11,251 milyon manata çatıb.
Sfera.az bildirir ki, pul bazasının həcminin artması valyuta hərracında dollara olan tələbi də müəyyən qədər artırıb. Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən son valyuta hərraclarında dollara tələbdə artım müşahidə edilir.
İyunun 18-də keçirilən hərracda dollara tələb 26,9 milyona enmişdi ki, bu da cari ilin ən aşağı tələb səviyyəsidir. Bundan sonra keçirilən hərraclarda dollara tələbdə artım var. İyunun 23-da baş tutan hərracda tələb 33 milyona, iyunun 25-də keçirilən hərracda 41,6 milyona, iyunun 30-da olan hərracda 50,8 milyona, iyulun 2-də baş tutan hərracda isə 53,1 milyona yüksəlib.
Son hərraclarda dollara tələbin artmasının bir səbəbi də məhz pul bazasının həcminin artmasını göstərmək olar. Pul bazasının həcminin artması ölkəmizdə tələbi artırır ki, bu da sonradan dollara olan tələbi yüksəldir.
Dollara tələbi artıran digər amil bağlanan 4 bankın əmanətçilərinə ödənən vəsaitlə bağlıdır. Həmin banklarda 680 milyon manata yaxın sığortalanan əmanət var. Onların yarıdan çoxu dollarla yerləşdirilib. Qaydalara əsasən yalnız dollarla əmanəti olanların pulu həmin valyutada qaytarılmalıdır. İyunun ikinci yarısından əmanətlərin qaytarılması prosesinin sürətlənməsi müşahidə edilir. Bu prosesdə dollarla əmanəti olanlara böyük ödənişlər həyata keçirilir. Əmanətlərin qaytarılması zamanı dollara tələbin artması da yəqindir.
Buna baxmayaraq dollara tələbin indiki səviyyəsi qorxulu deyil. Əvvəlki hərraclarda dollara tələb olduqca aşağı düşdüyündən 50-60 milyon dollarlıq tələb müqayisədə çox böyük görünür. Əslində isə tələbin 50-60 milyon dollar səviyyəsində olması da aşağı göstəricidir. Çünki Dövlət Neft Fondunun transfert üçün nəzərdə tutduğu vəsaiti manata dəyişmək üçün hər ay orta hesabla 556 milyon dollar satmalıdır.
Ayda 6-7 hərrac keçirilərsə tələb ən azı 90-95 milyon dollar olmalıdır. Fondun məlumatına görə, ötən ay satılan valyutanın həcmi 373,2 milyon dollar olub. Bu isə təxminən 180 milyon dollar qənaət deməkdir. Ötən ay da təxminən 220 milyon dollar qənaət edə bilib. Fond orta hesabla hər ay 556 milyon dollar satmalıdır. Buna baxmayaraq mart ayında satılan valyutanın həcmi 2 milyard dollara yaxın olub. Son iki ay və yanvar ayındakı qənaətlər hesabına Fond martda artıq satdığı valyutanı müəyyən qədər kompensasiya edib. Cari ilin ilk yarısında satılan valyutanın ümumi həcmi 4 milyard dollardan bir qədər çox olub.
İlin ikinci yarısında Fond daha 2,5 milyard dollar satmalıdır. Bu, ayda orta hesabla 417 milyon dollar edir. Fond hər hərracda ən azı 60-70 milyon dollar satmalıdır ki, qalıq vəsaiti manata dəyişə bilsin. İndiki karantin dövründə bunu etmək çətin olacaq. Son hərracda dollara tələb bundan az olub.
Buna görə də proqnozlaşdırmaq olar ki, pul bazasının həcmində artım iyulda da davam edəcək. Mərkəzi Bank keçirdiyi depozit hərracında daha az vəsait cəlb etməsi və daha az not yerləşdirməsi də bu ehtimalı gücləndirir. Artıq mart və apreldə olduğu kimi manat qıtlığı aradan qalxıb və onu tədricən manat bolluğu əvəzləyir.
Vasif
Sfera.az