İqtİsadİyyat

Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi ilə bağlı bilinməyənlər

Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi ilə bağlı bilinməyənlər

"Xatirlayiram ki, cari ayın əvvəli keçirilən Beynəlxalq Bankçılıq Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri İbrahim Alışov (MBNP İdarə Heyəti sədri vəzifəsini icra edən – Red.) "Ödəniş sistemləri və ödəniş xidmətləri haqında” qanun layihəsinin hazırlanıb başa çatmaqda olduğunu bildirmişdi. O zaman biz bunun ötən ildə də deyildiyini diqqətə çatdrımışdıq”.

Sfera.az xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. Maliyyə Bazarlarına Nəzarət Palatası O, Prezident İlham Əliyev sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilməsini belə şərh edib: 

"Elə bu qanun layihəsinin qəbulunun uzun müddət uzanması sektordakı bəzi mətləblərdən, maraq toqquşmalarından xəbər verirdi. Bazarda müstəqil ödəniş sistemləri və qurumlarının inkişafına kömək etməli olan bu qanun demək olar ki, bütün qonşu ölkələrdə çoxdan qəbul edilib. Bildiyim qədər, Maliyyə Nazilriyi MBNP-nin bu layihəsinə rəy verməmişdi, daha doğrusu vermək istəməmişdi. Daha bir neçə qurumun da bunun əleyhinə olduğu müşahidə olunurdu.

Maliyyə bazarında formalaşmış mühafizəkar sistemdən əziyyət çəkən ASAN Xidmət də bu sahənin liberallaşması üçün, ödəniş sistemlərinin inteqrasiyası üçün bir neçə ciddi layihələr həyata keçirmək məcburiyyətində qalmışdır. Məhz bundan sonra bu mühitdə müəyyən irəliləyişlər olub.

Əslində son bir neçə ildə ölkənin maliyyə bazarında, xüsusən də rəqəmsal maliyyə bazarında bir xeyli yeni qurumlar, yeni müstəqil resurslar, ödəniş sistemləri formalaşıb. Ciddi problemlər isə qalmaqdaydı. Dünyaca məşhur "PayPal” ilə bağlı problemlər də uzun müddətdir ki, öz həllini tapa bilmir. 99 faiz banklar APİ xidməti təklif edə bilmir. Açıq bank prinsipləri işləmir. Çox Banklarda inteqrasiya, rəqəmsallaşma zəifdir, hesab açmaq üçün şəxsiyyət vəsiqəsinin notarial təsdiqi kimi absurd tələb irəli sürürlər və s. 

"Ödəniş sistemləri və ödəniş xidmətləri haqında” qanun layihəsinin qəbuluna da 3-4 il ərzində olan maneçiliklər göz önündədir. Hansı səbəblərdən olmasına baxmayaraq, reallıq ondadır ki, ötən müddət ərzində MBNP bu qanunu müzakirəyə çıxarda bilmədi”.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

Sənədə əsasən Mərkəzi Bank bir ay müddətində "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Qiymətli kağızlar bazarı haqqında”, "Valyuta tənzimi haqqında” qanunlarında və digər qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Prezidentinə təqdim etmək, müvafiq təhvil-təslim işlərinin həyata keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn digər məsələləri həll edəcək. (yeni sabah)

 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031